backend

“İran münasibətləri qəsdən düşmənçilik səviyyəsinə çatdırdı” – Aydın Quliyev

Tehrandakı səfirliyimizdə baş verən terror aktından sonra Azərbaycan-İran münasibətləri tarixdə bəlkə də ən gərgin və soyuq mərhələyə qədəm qoyub.

Bunu Bakupost.az -a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev bildirib.

Onun sözlərinə görə, diplomatik münasibətlər tarixində ölkələr arasında bugünki Azərbaycan-İran münasibətlərin xarakterizə edən çox az nümunələr var:

“Bütün vasitələrlə Azərbaycan dövlətinin əleyhinə siyasət apardılar, təcavüzkar Ermənistanla işbirliyi qurdular, ən sonda isə səfirliyimizin əməkdaşlarına qarşı qanlı terror hadisəsi törətdilər. Amma bu hadisə ilə bağlı Azərbaycan xalqına və dövlətinə təsəlli üçün ciddi bir açıqlama vermədilər. Əksinə verilən gülünc izahlar Azərbaycan xalqının aqressiyasını daha da artırdı, onun qüruruna toxundu. O cür qanlı terror hadisəsini adi məişət xarakterli münaqişə səviyyəsinə salmaqla əslində həm şəhid olmuş diplomatımızın ruhuna, həm də yaralanmış diplomatlarımıza hörmətsizlik etdilər”.
Aydın Quliyev hesab edir ki, Azərbaycana qarşı hansısa yumşaldıcı addımlar atılmasa, münasibətlərdəki gərginlik aradan qalxmayacaq:
“İranın ali dini rəhbər, prezidenti, parlament sədri Azərbaycan xalqından və dövlətimizin başçısından üzr istəməyə qədər iki ölkə arasınada diplomatik münasibətlər düzəlməyəcək. Bu gün iki ölkənin diplomatik münasibətləri faktiki olaraq, yox səviyyəsindədir. Tehrandakı Azərbaycan səfirliyi bağlanıb. Bakıdakı İran səfirliyi də, – hansı mülahizələrlə olduğunu deyə bilmərəm, – qapalı şaraitdədir. Fəaliyyət göstərmir”.
Aydın Quliyev qeyd edib ki, bundan sonra iqtisadi əməkdaşlıq, ticarət xarakterli əlaqələr müəyyən səviyyədə davam etdirilə bilər. Lakin diplomatik münasibətlərin uğurla davam edəcəyi gözlənilmir:
“Ən yaxşı halda Azərbaycanla İran arasında münasibətlər müvəqqəti işlər müvəkilləri səviyyəsində mövcud ola bilər. Bu da uzun fasilədən sonra gerçəkləşə bilər. Çünki İran elə bir mövqe tutdu ki, Azərbaycan xalqının bu düşmənçiliyin, pisliyin üstündən keçmək imkanı yoxdur. Yeganə olaraq, İran tərəfinin Azərbaycandan üzr istəməsi və zərərçəkənlərin ailələri qarşısında günahkar olduqlarını etiraf etməsi gərginliyi müəyyən qədər aradan qaldıra bilər. Eyni zamanda, bu terror aktının sifarişçiləri və icraçıları cəzalandırılmalıdır. Aparılan istintaqın şəffaflığına Azərbaycan tərəfində inam yaratmalıdırlar. İran tərəfi istintaqa Azərbaycanın müvafiq dövlət orqanlarının nümayəndələrini və mütəxəssislərini də dəvət etməlidir. Əks halda onların apardığı istintaqın şəffaflığı lazımi səviyyədə olmayacaq”.
Politoloq İranın Azərbaycanla münasibətləri məqsədyönlü şəkildə gərginləşdirdiyini istisna etmir:
“Münasibətlərin korlanması fonunda Ermanistanla İranın işbirliyi bir təmayül kimi özünü saxlasa, o zaman bu iki dövlət eyni mövqedən çıxış edərək Zəngəvur dəhlizin açılması məsələsini yubada bilərlər. Rusiya ilə Ermənistanın münasibətləri xeyli gərginləşib. Buna görə də ehtimal edirəm ki, İran Zəngəzur dəhlizi ilə bağlı prosesləri dayandırmaq üçün Azərbaycanla münasibətlərin uzun müddətə düşmənçilik səviyyəsində qalmasında maraqlıdır”.