backend

Masallı Məhkəməsi keçmiş icra başçısının sifarişi əsasında qərar çıxardı – Baş redaktor narazıdır

Masallı rayon Məhkəməsində hakim Ceyhun Quliyevin sədrliyi ilə Ağcəbədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Asiya.az xəbər portalına qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb. Ağcəbədinin hazırki, Masallının isə sabiq icra başçısı işgüzar nüfuzuna zərər gəldiyini iddia edərək, məhkəmədən Asiya.az portalından 10 min manat vəsaitin onun xeyrinə tutulmasını və təkzib verilməsini tələb edib. Məhkəmə isə iddia əsasında Asiya.az portalının 500 manat tutularaq iddiaçı tərəfi ödənilıməsi və təkzib verilməsi barədə qərar çıxarıb.

Məhkəmə istintaqının yekunları ilə bağlı təəssüratlarını bölüşən Asiya.az xəbər portalının baş redaktoru Cəfər Cəfərov bildirib ki, məhkəmə birtərəfli qaydada hökm çıxarıb: “Hakim “Media haqqında” Azərbaycan Respublikasının qanununun tələblərini nəzərə alaraq, işə baxmalı olsa da, bu qanun barədə ümumiyyətlə məlumatsız olub. Bu səbəbdən subyektiv fərziyyələr və qarşı tərəfin mövqeyindən çıxış edərək qərar çıxarıb. Bunun da əsas səbəbi Rafil Hüseynovun Ağcəbədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışması, vaxtilə Masallı rayonuna rəhbərlik etməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, məhkəməyə təzyiq etməsi ilə bağlıdır”.

C. Cəfərov vurğulayır ki, ötən ilin noyabr ayında rəhbəri olduğu saytda Rafil Hüseynovun Masallıya rəhbərlik etdiyi dövrdə yol verdiyi nöqsanlardan bəhs edən müəllif yazısı hazırlanıb: “06.11.2022-ci il tarixində “ Rafil Hüseynovun aldatdığı, Şahin Məmmədovun göz yumduğu sahibkarın obyekti söküldü – VİDEO/FOTOLAR ” başlıqlı məqalə dərc edilib. Müəllifi olduğum həmin məqalədə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sələflərinin qanunsuz tikililərə göz yummasının qarşısını alması, qeyri-qanuni tikilinin sökülməsi ilə bağlı qərarından bəhs edilir. Məqalədə qeyd olunur ki, sahibkarın qanunsuz əməllərinə göz yuman, onu şirikləndirən Şahin Məmmədov yox, ondan öncə rayona rəhbərlik edən Rafil Hüseynov olub. Əldə etdiyimiz məlumata görə, hazırda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı olan Rafil Hüseynov iş adamı Azər İsmayılova rayonun Heydər Əliyev prospektində 60 min manata torpaq sahəsi satıb. Qanuni sahibi başqası olan həmin torpaq sahəsini Rafil Hüseynov iş adamına verib. Daha doğrusu onu aldadaraq pulunu mənimsəyib. Bu hadisənin baş verdiyi dövrdə Rafil Hüseynov Ağcabədiyə, Şahin Məmmədov isə Masallıya icra başçısı təyin edilir. Yəni, yerdəyişmə edilir. Həmin torpaq sahəsinin qanuni sahibinin oğlu isə Vətən müharibəsində iştirak edən qazidir. Qazi atasından torpaq ala bilməyəcəyini görən iş adamı Azər İsmayılov Rafil Hüseynovun yaxasından yapışır. Vəziyyətin pisləşdiyini görən Rafil Hüseynov qohumu, həmyerlisi Şahin Məmmədova Azər İsmayılov üçün güzəştə getməsini xahiş edir. “Ara xəlvət, tülkü bəy” prinsipləri ilə yaşayan Azər İsmayılov şəhərin mərkəzində yaşıllıqları məhv edərək, sözügedən obyekti tikir. Bu barədə adıçəkilən məqalədə ətraflı bəhs olunur”.
İttihamlara aydınlıq gətirmək və törətdiyi qanunsuz əməli etiraf etmək əvəzinə, Rafil Hüseynov çıxış yolunu informasiya resursunu məhkəməyə verməkdə görür: “O, məhkəmədən şərəf və ləyaqətinin alçaldılmasını, işgüzar nüfuzunun ləkələnməsini, pozulmuş hüquqlarının bərpa olunmasını və təkzib verərək üzr istəməyimi, mənəvi zərərə görə 10 min manat maddi təzminat ödəməyimi, habelə maddi ziyanın məndən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İşə Masallı Rayon Məhkəməsinin hakimi Ceyhun Quliyevin sədrliyilə baxıldı. İlk məhkəmə prosesindən hakimin media qanunlarından xəbərsiz olduğu, prosesə sifarişli yanaşdığı aydın görünürdü. Belə ki, mən vəsadət verərək hakimdən şəffaflıq xatirinə məhkəmə proseslərində video qeydiyyat aparmağımı və maddi imkanım olmadığı üçün dövlət hesabına vəkillə təmin olmağımı istədim.  Hər iki vəsadətim heç bir səbəb göstərilmədən hakim tərəfindən təmin edilmədi”.
“Məhkəmə prosesində sözügedən məqalənin hazırlanmasında qərəzsiz olduğumu, informasiyanın ilk mənbəyinin “Asiya.az” xəbər portalının olmadığını, başqa saytlardan götürdüyümü bildirdim. Xəbərdə iddiaçı tərəf olan Rafil Hüseynovun adı keçən hissə 18.09.2022-ci il tarixində “ Masallıda başçının birinci müavin getdi, bəs qanunsuz obyekt nə olacaq? ” başlığı ilə “Regionxeberlericom.az” və başqa bir neçə xəbər saytında yayımlandığını bildirdim.  Bundan əlavə obyekti sökülən sahibkar Azər İsmayılovun Masallı rayonunun sabiq icra başçısı Rafil Hüseynov tərəfindən aldadıldığını şəxsən sahibkarın özündən eşitdiyimi məhkəmə ifadəmdə qeyd etdim. Bütün bunlara baxmayaraq, məhkəmə məqaləyə təkzib verməyim və 500 manat iddiaçıya kompensasiya ödəməyim barədə qərar çıxardı. Bütün bunlar bir daha göstərir ki, məhkəmələr müstəqil deyil və sifarişlə işləyirlər. Belə olmasaydı, rəhbərliyi dövründə Masallıda böyük qanunsuzluqlara imza atmış sabiq icra başçısı Rafil Hüseynovun sifarişi ilə qərəzli hökm  çıxarılmazdı” – Cəfərov söyləyir.
Əlavə edir ki, hökmdən appelyasiya şikayəti veriləcək: “Masallı rayon Məhkəməsinin hakimi Ceyhun Quliyevin əsassız hökmü ilə barışmaq niyyətində deyilik. Hüquqi müstəvidə mübarizəmizi sona qədər davam etdirəcəyik. Sifarişli qərar çıxaran hakim Ceyhun Quliyevin hüquqi fəaliyyətinə qiymət verilməsi üçün Məhkəmə-Hüquq Şürasına müraciət edəcəyik” – deyə Cəfər Cəfərov fikrini yekunlaşdırır.
Faiq,
Asiya.az