backend

Cəlilabadın icra başçısı Şah Abbas rolunda: Rafiq Cəlilov ”dərviş libasında”

Cəlilabadın icra başçısı Rafiq Cəlilov özü haqqında yeni “mif” yaratmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, sözügedən şəxs sosial şəbəkələrdə yeni bir “əfsanə” yaydırıb.

Belə ki, həmin “əfsanəyə” əsasən Rafiq Cəlilov Ramazan Bayramı günlərində Cəlilabadın ucqar kəndlərindən birinə səfər edib və oradakı kənd dükanlarından birinə daxil olub. Satıcıdan kənd sakinlərinin dükana nə qədər borcu olduğunu soruşub. Sitat: “İcra başçısı ucqar dağ kəndinə gedərək, oradakı dükana girib və satıcıdan borc dəftərini istəyib. Həmin borcları isə bağlamaq istəyində olduğunu çatdırıb. Satıcı bunu zarafat kimi qəbul etsə də, başçı ciddi olduğunu söyləyib. Satıcı kənd sakinlərinin dūkana 2000 manat borclarının olduğunu söyləyib. Başçı da həmin 2000 manat pulu verərək, dūkançıdan borc dəftərini alaraq kənd sakinlərinin borcunu ödəyib”.
Qeyd edək ki, Cəlilabadın icra başçısı hələ bu vəzifəyə gəlməmişdən öncə, Əmlak Məsələləri Dövlət Komitəsində çalışdığı dönəmlərdə “ad çıxarmış” biri olub. Prezidentin müşaviri Kərəm Həsənovun sadiq kadrlarından biri olan Cəlilovun, əmlak işlərində “böyük uğurları” az olmayıb. Nəticədə, dilə-dişə düşüb.
İndi isə Rafiq Cəlilov Cəlilabadda gah hərbçilərimizə təkər göndərilməsi prosesində iştirak etməsini, gah da bu cür “borcbağlama kampaniyası” təşkil etməsi ilə özü barədə müsbət rəy yaratmağa çalışır. Görünür, Cəlilov başqa kreativ bir şey düşünə bilmir. Ya da onun imicini düzəltmək istəyənlərin daha məqbul bir fikirləri yoxdur ki, belə ucuz varianta əl atıblar.
Cəlilovun bu hərəkəti daha çox Şah Abbasın vəziri ilə birlikdə kasıb geyimdə kəndbəkənd gəzməsini xatırladır. Şah Abbas da bir zamanlar belə gəzərək, məmləkətdən xəbərdar olurdu. Səhvlərini görür, düzəltməyə çalışırdı. Lakin Cəlilabadın icra başçısı nə Şah Abbasdır, nə də rəhbəri olduğu rayonda ədalətin bərpa olunmasında maraqlıdır. Sadəcə, özünü “ədalətli başçı” rolunda özünü təqdim etməyə cəhd göstərir.
Bu arada Rafiq Cəlilovun müavinlərindən birinin dediyi “İcra başçımızın göstərişi əsasında Günəş çıxıb” “aforizmi” hələ də dillər əzbəridir. Yəqin, bundan sonra “borc dəftərini bağlamaq” mövzusu gündəmdə olacaq.