backend

Xırdalanın yollarına səpilən milyonlar - Ötən il təmir olunan yollar yenidən təmir olunur

Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhər üzrə Nümayəndəliyi Xırdalan şəhərində yolların təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Xezer-Construction” MMC seçilib. Nümayəndəlik Xırdalanda yolların təmirinə 1 261 045,32 AZN xərcləyəcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Xezer-Construction” MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-da yerləşir. MMC-nin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur. 

20 aprel 2023-cü il tarixdə reystr məlumatlarına dəyişiklik edilib. Bu dəyişikliklə MMC-nin hüquqi ünvanı və qanuni təmsilçisi dəyişib. Bundan əvvəl "Xezer-Construction” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Mətləb Ağayev küçəsi, ev 36, mənzil 1-də yerləşib. Şirkətin qanuni təmsilçisi isə Abışov İslam Məhəmməd oğlu olub.

"Xezer-Construction” MMC barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. 

Dövlət satınalmalarının elektron portalında yerləşdirilən müsabiqə elanlarına diqqət etdikdə şirkətin tenderlərdə fəal iştirakını görürük. "Xezer-Construction” MMC-nin qalib gəldiyi tenderlər adətən yerli icra hakimiyyətlərinin keçirdiyi satınalma müsabiqələri olur. Məsələn, şirkət bundan əvvəl Lənkəran Şəhər İcra Hakimiyyətinin 729 425,78 AZN-lik tenderinin qalibi olub. 

Bu arada qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhər üzrə Nümayəndəliyi ötən il Xırdalanda yollarına təmirinə 1 199 683,58 AZN xərcləyib. Bununla bağlı keçirilən tenderin qalibi "Uğrulu-İnşaat” MMC olub. 

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. Onun Xırdalan şəhər üzrə nümayəndəsi isə Malik Məmmədovdur.