backend

Bu yolla ət bolluğu olar, qiyməti enər - AÇIQLAMA

Azərbaycanda ətin qiymətində mütəmadi olaraq artım müşahidə olunmaqdadır. 

Ölkəmizdə ətə tələbatın yüksəldiyini də görmək mümkündür. Belə ki, 2023-cü ilin yanvar-oktyabr aylarında diri çəkidə 485,4 min ton ət istehsal olunub ki, bu da illik müqayisədə 3,1% artım deməkdir. Eləcə də, cari ilin 10 ayında 69,996 mln dollar dəyərində 34,860 min ton ət idxal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% çoxdur. İqtisadçı ekspert Natiq Cəfərli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, Azərbaycanda ətin bahalaşmasının köklü səbəbləri var:

“Təqribən 2015-ci ildən bəri bu tendensiyanı müşahidə edirik. Bunun yaranma səbəblərindən biri də Azərbaycanda texniki bitkilərin, o cümlədən pambığın əkin sahələrinin genişlənməsi ilə örüş yerlərinin həcminin azalmasıdır. Nəticədə də, yem bahalaşdı. Yem bahalaşdıqda isə ətin qiymətinin qalxmaması mümkün deyil. Son 7-8 ildir ki, hər il ətin qiymətində artım müşahidə edirik”. 

Ekspertin sözlərinə görə, ətin bahalaşmasına səbəb həm də inflyasiyadır:

“Ölkədə ciddi – ikirəqəmli inflyasiya varsa, ət istehsalçıları öz məhsullarının qiymətini artırmaya bilməzlər. Çünki onlar da istehlakçıdırlar və satdıqları məhsulun əvəzinə öz gündəlik tələbatlarını ödəmək üçün başqa məhsullar alırlar. Onlardan qiyməti ucuz saxlamağı gözləmək əbəs olardı. Bu, inflyasiyanın tərkib hissəsidir, qiymətlər artdıqca ətin qiymətində də artım olacaq”. 

N. Cəfərli ucuzlaşma üçün yeni fürsətlərin yarandığını da bildirir: “İşğaldan azad edilmiş torpaqlarımızın çox ciddi heyvandarlıq potensialı var. Əgər bu potensialdan düzgün şəkildə istifadə etmək mümkün olarsa, ət bolluğuna çatmaq olar. Bununla da, qiymətlərin sabitləşməsini, hətta enməsini müşahidə edə bilərik”, - deyə ekspert əlavə edib.