backend

Deputat: Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi: Azərbaycan-Qazaxıstan qardaşlığının yeni mərhələsi

2025-ci il 18 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Kazinform” agentliyinə verdiyi müsahibədə Azərbaycan ilə Qazaxıstan arasında mövcud olan dərin dostluq, strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərindən bəhs edib. Dövlət başçısının çıxışı iki ölkə arasındakı siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin hazırkı vəziyyətini və gələcək perspektivlərini əhatə edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər bu gün ən yüksək səviyyədədir. Bu əlaqələr tarixi qardaşlıq, ortaq türk kimliyi, oxşar mədəni ənənələr və mənəvi dəyərlər üzərində qurulub. O vurğulayıb ki, dövlətlərarası münasibətlərin dərinləşməsində Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə aparılan fəal dialoq mühüm rol oynayır.

Prezident İlham Əliyev Qazaxıstanda son illərdə müşahidə olunan sürətli inkişafı yüksək qiymətləndirib və qeyd edib ki, bu, Prezident Tokayevin məqsədyönlü və düşünülmüş siyasətinin nəticəsidir. Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan tərəfindən tikilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi iki ölkə qardaşlığının parlaq nümunəsidir.

Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilənin 20 ili tamam olur. Bu müddətdə iki ölkə arasında təxminən 170 sənəd imzalanıb, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq mexanizmləri yaradılıb. Prezident İlham Əliyev bu sənədin münasibətlərin möhkəm təməlini qoyduğunu vurğulayıb.

Dövlət başçısı Azərbaycan və Qazaxıstan arasında Ali Dövlətlərarası Şuranın fəaliyyətini də xüsusi qeyd edib. Onun sözlərinə görə, bu qurum ikitərəfli əlaqələrin yeni səviyyəyə qaldırılmasında mühüm vasitədir.

Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında iqtisadi-ticari əlaqələr dinamik şəkildə inkişaf edir. 2024-cü ildə əmtəə dövriyyəsi 470 milyon dollar təşkil edib, 2025-ci ilin ilk 8 ayında isə bu göstərici 547 milyon dollara yüksəlib. Azərbaycan və Qazaxıstan bir-birinə qarşılıqlı investisiyalar qoyur: Azərbaycanın Qazaxıstana sərmayəsi 225 milyon, Qazaxıstanın isə Azərbaycana 136 milyon dollara çatıb.

Prezident qeyd edib ki, Orta Dəhliz layihəsi iki ölkə arasında strateji əhəmiyyətli nəqliyyat-logistika əməkdaşlığının əsasını təşkil edir. 2024-cü ildə tranzit daşımalar 20 faiz artaraq 3,5 milyon tondan çox olub.
SOCAR və “KazMunayQaz” arasında Aktau–Ceyhan marşrutu üzrə illik 1,5 milyon ton neft tranzitinə dair saziş, həmçinin Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kabel layihəsi regional əməkdaşlığı daha da möhkəmləndirir.

Azərbaycan və Qazaxıstan bərpaolunan enerji mənbələrinin inkişafında da sıx əməkdaşlıq edir. Prezident vurğulayıb ki, bu sahədə imzalanan üçtərəfli sazişlər (Azərbaycan, Qazaxıstan, Özbəkistan arasında) davamlı inkişaf və ekoloji təhlükəsizliyə yönəlib.

Prezident İlham Əliyev qeyd edib ki, 2009-cu ildə Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan-Qazaxıstan qardaşlığının möhkəmlənməsində mühüm rol oynayır. Şuşa və Qəbələdə keçirilən Zirvə Görüşləri Türk dünyasının birliyini, həmrəyliyini və qlobal arenadakı gücünü artırır.
O, həmçinin Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, Türk Mədəniyyəti və İrsi Fondunun, TÜRKPA-nın uğurlu fəaliyyətini vurğulayıb.

Müsahibədə xalqlarımızı birləşdirən mədəni və mənəvi dəyərlərin önəmi xüsusi vurğulanıb. Son illərdə qarşılıqlı Mədəniyyət Günləri, ədəbi gecələr və elmi konfranslar təşkil olunub.
Prezident İlham Əliyev Qazax yazıçısı Kemel Tokayevin “Gecə açılan atəş” əsərinin Azərbaycan dilinə tərcümə edilməsini və Bakıda onun 100 illik yubileyinə həsr olunmuş beynəlxalq tədbirin keçirilməsini məmnunluqla qeyd edib.

Prezident Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı narahatlığını ifadə edib. O bildirib ki, bu problem təkcə iqlim dəyişikliyi ilə deyil, həm də ekosistemdəki balansın pozulması ilə bağlıdır. Buna görə də bütün Xəzəryanı ölkələrin birgə fəaliyyət göstərməsi, elmi araşdırmalar aparması və ekoloji tədbirləri gücləndirməsi vacibdir.

Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi Azərbaycan ilə Qazaxıstan arasında çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsinə, ortaq türk kimliyinin, dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəlmiş güclü siyasi iradənin təzahürüdür.
Bu müsahibə göstərir ki, iki ölkə arasında əlaqələr sadəcə diplomatik münasibətlər deyil — tarix, mədəniyyət, dil və ortaq dəyərlərlə birləşmiş sarsılmaz qardaşlıq bağlarıdır.

Ülviyyə Həmzəyeva 
Milli Məclisin deputatı