Azərbaycan Respublikasında vətəndaşların müraciətlərinə operativ və şəffaf şəkildə baxılması məqsədilə 2025-ci ilin oktyabr ayı üçün təsdiqlənmiş qəbul cədvəlinə uyğun olaraq, Babək rayonunun Zeynəddin kəndində növbəti seçici görüşü keçirilib.
Qaynarxett.az xəbər verir ki, görüş Kənd Mərkəzinin binasında baş tutub. Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Babək Rayon Təşkilatının sədr müavini Elvin Əliyev iştirak edib.
Kənd sakinləri ilə görüş zamanı əsasən aşağıdakı problemlər diqqətə çatdırılıb: kənddə su problemlərinin mövcudluğu, quyu və artezianların yuyulması (su var), bankomat terminalının quraşdırılması, kənddin ucqar yerinə avtobusun sərnişinləri daşımaması, içməli suyun düzgün bölünməməsi və vəhşi heyvanların çoxalaraq insan və ev heyvanlarına hücumu problemlərinin olması məsələləri müzakirə olunub.
Qaldırılan bütün müraciətlər “Vətəndaşların Müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınıb və müvafiq dövlət qurumlarına yönləndirilib. Vətəndaşlara bildirilib ki, məsələlərin operativ həlli istiqamətində zəruri tədbirlər görüləcəkdir.
Görüş zamanı Ulu Öndər Heydər Əliyevin və torpaq bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Konstitusiya və Suverenlik ili” elan olunması xüsusi olaraq vurğulanıb və siyasi-tarixi əhəmiyyətinə toxunulub.
Vurğulanıb ki, Azərbaycan güclü, demokratik və hüquqi dövlət olaraq vətəndaş rifahını daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə həyata keçirilən islahatlar ölkə rəhbərliyinin xüsusi nəzarətindədir və məqsəd vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasıdır.
Zeynəddin kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri cənab İlham Əliyevə, eləcə də Birinci vitse-prezident, partiya sədrinin müavini Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, görüş çərçivəsində Zeynəddin kəndinin yaradıcı gənci Şəmil Əliyevlə sənət barəsində müzakirəsiz oldu.




