15 oktyabr – Prezident İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür
2003-cü ilin 15 oktyabrı Azərbaycan tarixində dönüş nöqtəsi, milli liderlik məktəbinin yeni mərhələsinin başlanğıcı kimi yadda qaldı. Həmin gün xalq öz səsini sabitliyə, inkişafa, güclü dövlətə və Heydər Əliyev siyasətinin layiqli davamına verdi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamı olaraq İlham Əliyevin prezident seçilməsi, müstəqillik dövrünün mühüm mərhələsi, xalqın etimadının, dövlətin gələcəyinə inamın və milli iradənin təntənəsi idi. Bu etimad Azərbaycanı yeni inkişaf dövrünə aparan əsas qüvvəyə çevrildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə strateji modernizasiya proqramları həyata keçirildi, neft gəlirləri səmərəli şəkildə iqtisadiyyatın diversifikasiyasına yönəldildi. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları nəticəsində minlərlə infrastruktur layihəsi reallaşdı, yeni iş yerləri yaradıldı, şəhər və kəndlər müasir görkəm aldı.
İlham Əliyevin liderlik fəlsəfəsində iqtisadi artım təkcə rəqəmlərlə deyil, insanın rifahı və sosial bərabərliyin təminatı ilə ölçülür. Onun müəyyən etdiyi dövlət modeli iqtisadi müstəqillik, siyasi sabitlik və milli dəyərlərin qorunması üzərində qurulub.
Prezident İlham Əliyev beynəlxalq arenada güclü diplomat, aydın strateq kimi qəbul olunur. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti, həmçinin qlobal enerji təhlükəsizliyinin vacib iştirakçısı kimi tanınır. Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi nəhəng layihələr, eləcə də COP29 kimi beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun bariz göstəricisidir. İlham Əliyev milli maraqları cəsarətlə müdafiə edən, eyni zamanda qlobal dialoqa açıq olan dövlət başçısı kimi dünyada böyük hörmət qazanıb.
Prezident İlham Əliyevin idarəçilik üslubu xalqa yaxınlıq, konkretlik və məsuliyyət üzərində qurulub. O, dövlətin əsas dayağını xalqın etimadı və birliyi hesab edir. Sosial layihələr, təhsil və gənclik proqramları, elm və mədəniyyətə dəstək siyasəti bu etimadı daha da möhkəmləndirib. Onun dilindən səslənən “Biz güclü dövlətik, çünki güclü xalqımız var” fikri artıq milli birliyimizin rəmzinə çevrilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tamamilə yenidən quruldu, müasir silah sistemləri, hərbi intizam və yüksək döyüş ruhu formalaşdırıldı. Bu siyasətin ən böyük nəticəsi isə 2020-ci ildə 44 günlük Vətən Müharibəsində əldə olunan Zəfərdir. İlham Əliyev həm diplomatik, həm də hərbi sahədə parlaq liderlik nümayiş etdirərək torpaqlarımızın azad edilməsinə nail oldu, Azərbaycanı qalib dövlət, xalqımızı isə qalib millət kimi dünyaya tanıtdı. O, həm müdrik siyasətçi, həm də zəfər qazanan sərkərdə, müasir dövrün liderlik nümunəsi kimi tarixdə öz möhtəşəm yerini tutdu. 15 oktyabr bu gün artıq sadəcə bir seçki tarixi deyil, Azərbaycanın qaliblik fəlsəfəsinin başlanğıc günüdür.
Prezident İlham Əliyevin 15 oktyabrda başlayan liderlik yolu, bu gün həm siyasi uzaqgörənliyin, həm dövlətçilik məktəbinin, həm də milli ruhun qələbəsinə çevrilib. O, Azərbaycanı sabitlikdən inkişafa, inkişafdansa Zəfərə aparan lider kimi tarixə düşüb. Bu Zəfərin əsasında xalqın birliyi, dövlətin gücü və Prezidentin iradəsi dayanır. Prezident İlham Əliyev, Ulu Öndərin layiqli davamçısı, xalqı işıqlı gələcəyə aparan, Azərbaycanı qalib millət kimi dünyaya tanıdan Liderdir.
Ülviyyə Həmzəyeva
Yeni Azərbaycan Partiyasının
Heyət üzvü,
Milli Məclisin deputatı
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
---