Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan həm əlverişli coğrafi mövqeyi, həm də regional nəqliyyat əlaqələrində mühüm rol oynadığı üçün hər zaman strateji mərkəz kimi diqqət çəkib. Təsadüfi deyil ki, Qarabağ münaqişəsi başlayan zaman Ermənistanın məkirli işğalçılıq siyasətinin əsas ana xəttində məhz Naxçıvana ələ keçirmək dayanırdı. Düzdür, düşmən istəyinə qismən nail olub, Naxçıvanı blokada vəziyyətinə salsa da, lakin Muxtar Respublika ilə bağlı nəzərdə tutduğu böyük masştablı işğal planını Ulu Öndər Heydər Əliyevin timsalında Naxçıvanın igid oğlanlarının sayəsində gerçəkləşdirə bilmədi. O vaxt Ali Məclisin sədri olan Ümummilli Lider Heydər Əliyev Muxtar Respublikanı qoruya, ermənilərin işğal planından müdafiə edə bildi. Ulu Öndərin gərgin əməyi sayəsində blokada vəziyyətində olan Muxtar Respublika çətinliklə də olsa özünü ayaqda saxlamağı, zaman keçdikcə inkişaf etməyi bacardı. Onun rəhbərliyi dövründə Naxçıvanın sosial-iqtisadi inkişafı, infrastruktur imkanları genişləndirildi, əhalinin rifah halı yaxşılaşdırıldı. Zaman-zaman prosesin dinamik inkişafı istiqamətində mühüm addımlar atılıb. Ulu Öndərin Naxçıvana olan xüsusi diqqəti Heydər Əliyev Bakıya siyasi hakimiyyətə qayıtdıqdan sonrakı dövrdə də dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi davam etdirildi.
Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Naxçıvan inkişafının yeni bir mərhələsinə qədəm qoyub. Muxtar Respublikada ötən illər ərzində genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilib. Müasir yollar salınıb, körpülər və yolötürücüləri tikilib, nəqliyyat infrastrukturu yenilənib, Naxçıvana hava nəqliyyatının təşkili imkanları genişləndirilib. Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi öz növbəsində Naxçpıvanda sahibkarlığın inkişafına, investisiya imkanlarının artırılmasına və turizm potensialının genişləndirilməsinə də yeni imkanlar yaradıb.
İkinci Qarabağ Müharibəsində tarixi zəfərimizdən sonra respublikamızın hər bir bölgəsi kimi Naxçıvana da yeni nəfəs, yeni həyat gəlib desək yanılmarıq. Müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar fonunda Bakının həyata keçirdiyi regional nəqliyyat layihələrində Naxçıvan xüsusi əhəmiyyət kəsb edir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın regional logistika imkanlarının genişlənməsi Naxçıvan üçün də yeni imkanlar yaradır. Xüsusilə nəzərə alsaq ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ (TRIPP layihəsi) artıq reallaşmaq üzrədir və sözügedən layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqələrinin təmin olunmasını nəzərdə tutur, o zaman bu layihənin Naxçıvan üçün nə dərəcədə əhəmiyyətli olduğunu təsəvvür etmək çətin deyil. Zəngəzur dəhlizinin reallaşdırılması Azərbaycanın nəqliyyat xəritəsində ölkəmiz üçün yeni imkanlar formalaşdırmış olacaq. Eyni zamanda ölkə nəqliyyatının, logistika əlaqələrinin Naxçıvanın əsas nəqliyyat və logistika sisteminə daha sıx inteqrasiyasına şərait yaradacaq. Bu əlaqələr Naxçıvanın sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərməklə yanaşı, eyni zamanda Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin asanlaşdırılması, yük və sərnişin daşımalarının sürətləndirilməsi, eləcə də regionda yeni iqtisadi və ticari əlaqələrin yaranmasına da əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək. Məlumat üçün qeyd edək ki, bu vaxta qədər bu yollar Gürcüstan üzərindən keçirdi. İndi isə Naxçıvan əsas nəqliyyat qovşağına çevriləcək. İran, Türkiyə və Ermənistanla sərhəddə yerləşən Naxçıvanın 200 milyonluq bazara çıxışı, tarixən Yaxın Şərqə gedən yollar yenidən Naxçıvandan keçməsi, Mərkəzi Asiya ilə Avropanı birləşdirən və 15 milyon ton yükaşırma gücü olan dəhlizə çevrilməsi Naxçıvanın həyatında yeni yüksəliş dövrünü təmin edəcək.
Naxçıvanın nəqliyyat imkanlarının inkişafı təkcə onu nəqliyyat qovşağı kimi xrakterizə etməyəcək, eyni zamanda bu diyarı regionun turizm destinasiyası kimi daha cəlbedici edəcək. Ən əsasə Naçıvanın turizm potensialının artırılması üçün əlverişli zəmin yaranacaq. Qədim tarixi, zəngin mədəni irsi, təbii ehtiyatları və müalicəvi imkanları ilə seçilən Naxçıvana rahat nəqliyyat çıxışının təmin edilməsi daxili və xarici turistlərin bölgəyə marağının artmasına xidmət edə bilər.
Bütün bu uğurlar və bu uğurlardan Naxçıvana da pay düşməsi təbii ki, Prezident İlham Əliyevin həm güclü siyasi lider, həm də qüdrətli Ali Baş Komandan olmasından irəli gəlir. Müharibədə əldə etdiyi tarixi qələbəni masa üzərində daşıyan və diplomatik müstəvidə də hərbi qələbəni təmin edən Cənab İlham Əliyevin uzaqgörən siyasəti təkcə Azərbaycanı deyil, ümumilikdə regionu dəyişdi, Cənubi Qafqaza sülh, əməkdaşlıq gətirdi. Bu gün Naxçıvanın sürətli inkişafı, beynəlxalq nəqliyyat qovşağına çevrilməsi məhz Cənab İlham Əliyevin Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlar fonunda baş verir.
Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət







