backend

Fariz İsmayılzadə: “TRIPP layihəsi bizim üçün Zəngəzur dəhlizinin açılması deməkdir” - AÇIQLAMA

Prezident İlham Əliyevin Naxçıvana səfəri regionda nəqliyyat-kommunikasiya layihələrinin, xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələrin aktuallaşdığı bir vaxta təsadüf edir. Səfər çərçivəsində bir sıra mühüm obyektlərin açılışının keçirilməsi Naxçıvanın inkişafı və gələcəkdə regionun mühüm logistika mərkəzlərindən birinə çevrilməsi baxımından diqqət çəkir.

Bu məsələlərlə bağlı Milli Məclisin deputatı Fariz İsmayılzadə Qaynarxett.az-a açıqlamasında bildirib ki, “Dövlət başçısının bu səfəri çox önəmli bir zamanda baş verir. Çünki son dövrlərdə biz TRIPP dəhlizi barədə söz-söhbətlərin olduğunu və çoxlu planların qurulduğunu görürük. TRIPP layihəsi artıq bizim üçün Zəngəzur dəhlizinin açılması deməkdir.

Eyni zamanda, biz Zəngəzur dəhlizinin digər hissəsini, yəni Naxçıvandan keçən hissəsini də modernləşdirməliyik.Cənab Prezidentin səfəri həm Avropa İttifaqının, həm də Amerika siyasətçilərinin yenidən Zəngəzur dəhlizinə diqqətini cəlb edir.

Cənab Prezident orada çoxlu obyektlərin açılışını etdi. Bu da Naxçıvanın inkişafı, Naxçıvanın regionda logistika mərkəzinə çevrilməsi deməkdir.
Digər tərəfdən, çox böyük planlar da qurulur, dövlət vəsaiti də ayrılır və beynəlxalq donorların da planları çox böyükdür. Hesab edirik ki, Naxçıvanı, ümumiyyətlə, o bölgəni — Şərqi Zəngəzur və Qarabağ bölgəsini böyük inkişaf gözləyir”.