backend

Zəngilan təkcə azadlıq deyil, həm də gələcəyə inam simvoludur – Deputat

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Sərəncama əsasən 20 oktyabr – Zəngilan şəhər günü kimi qeyd olunur. 
Sosdem.az danışan Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev bildirib ki, 2020-ci il oktyabrın 20-si Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan tarixi gündür.
“Bu gün Zəngilanın azad olunması ilə Vətən müharibəsinin gedişatında strateji dönüş nöqtəsi yaranmışdı. Zəngilanın düşməndən təmizlənməsi Ordumuzun gücünü, xalqımızın birliyini bir daha nümayiş etdirdi. Həmin gün yalnız bir şəhər azad olunmadı – 30 illik həsrətə son qoyuldu,” – millət vəkili qeyd edib.
MCP başqanı vurğulayıb ki, Zəngilan bu gün dirçəliş və yenidənqurma prosesinin rəmzinə çevrilib.
“Azərbaycan dövləti azad olunmuş bütün torpaqlarda olduğu kimi, Zəngilanda da yeni həyat qurur. Qısa müddətdə şəhərin bərpası, infrastrukturun yaradılması, sakinlərin doğma yurdlarına qayıdışı dövlətimizin gücünün və xalqa olan diqqətinin bariz göstəricisidir. Bu gün Zəngilan təkcə azadlıq deyil, həm də quruculuq, yenilənmə və gələcəyə inam simvoludur,” – deputat deyib.
Millət vəkili qeyd edib ki, Zəngilanın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq, qazilərimizin fədakarlığı isə gələcək nəsillərə örnək olacaq.
“Bu gün biz onların qəhrəmanlığı sayəsində qalib xalq kimi Zəngilan Gününü qürurla qeyd edirik. Zəngilanın azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm mərhələ idi və bu zəfər tariximizin ən parlaq səhifələrindən biri olaraq qalacaq,” – Razi Nurullayev əlavə edib.