Deyilənə görə Yevlaxda mədəniyyətin vəziyyəti "gül vurur". Xüsusən guya klublara verilmiş "yanacağ"ın taleyi çox müəmmalıdır: Sənədlərə baxsanız, rayonun kənd klubları az qala neft yatağı üstündə oturub. Hərəsinə yanacaq ayrılıb, hərəsinin sobası guya qış boyu alovlanıb. Kağız üzərində hər şey qaydasındadır: möhür var, imza var, hesabat var. Elə bil klublar soyuq qışda yox, isti kurort zonasında fəaliyyət göstərir. Amma gedib klubların özünə baxanda başqa mənzərə görürsən. Qapı cırıldayır, pəncərədən külək girir, soba isə sanki muzey eksponatıdır – çoxdan yanmadığı üçün pas tutub...
Kənd camaatı soruşur:
– Ay qardaş, bəs bizim klub üçün ayrılan yanacaq hanı?
Cavab isə çox müdrik olur:
– Sənəddə verilib.
Bu, bizim bürokratiyanın ən böyük kəşflərindən biridir. Çünki məlum olur ki, yanacaq iki cür olur: biri real yanacaqdır, biri də sənəd yanacağı. Real yanacaq sobanı qızdırır, sənəd yanacağı isə yalnız hesabatı. Əlbəttə, bu işlər təsadüfən olmur. Adətən belə hallarda bir neçə nəfər “mədəni əməkdaşlıq” edir. Biri yazır, biri təsdiq edir, biri də möhür vurur. Sonra hamı birlikdə deyir:
– Mədəniyyət naminə!
Beləcə, kağız üzərində klubun sobası gur-gur yanır, amma klubun içində oturan adamlar əllərini nəfəsilə qızdırır.
Ən maraqlısı isə odur ki, bu cür hesabatların dili çox poetik olur. Yazılır ki, klubların fəaliyyəti genişlənib, tədbirlər keçirilib, mədəni həyat canlanıb. Oxuyan adam elə bilir ki, kənd klubunda hər axşam konsert olur, poeziya gecəsi keçirilir, saz çalınır.
Amma kənd sakini deyir:
– Ay bala, konsert bir yana, biz klubda bir dəfə sobanın tüstüsünü görsək, şükür edərik.
Burada sual yaranır: bəs, yanacaq hara gedir?Bu sualın cavabı çox vaxt külək kimi havada qalır. Kağızda yanacaq kluba gedir. Amma reallıqda o yanacağın yolu bir az dolaşıq olur. Bəzən elə dolaşıq olur ki, klubun qapısını tapmır.
Bir vaxtlar “Molla Nəsrəddin” jurnalı belə halları görəndə yazardı ki, bizim bəzi idarələrdə həqiqət də sənəd kimidir: möhürü var, amma özü yoxdur. Bu gün də bəzən eyni mənzərə ilə rastlaşırıq. Kağız üzərində hər şey var: yanacaq da var, fəaliyyət də var, inkişaf da var. Yalnız bir şey çatmır. O da reallıqdır. Bunu isə başda Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Namiq müəllim cənabı olmaqla Yevlax rayonundakı Heydər Əliyev mərkəzinin direktoru Aygün xanım, mədəniyyət mərkəzinin müdir əvəzi Leyla müəllimə və onların əlinin altında işləyən Nadir Həsənov daha dürrüst bilir. Yüngül bir yoxlama cox şeyi faş edə bilər... Məsələn, butun bu əlləm - qəlləm işlərdən Yevlax Mədəniyyət mərkəzinin müdir əvəzi Leyla Abdullayevanın xəbəri yoxdur? Və ya Heydər Əliyev mərkəzinin direktoru Aygün xanımın gözü bağlanıb, bu həngaməni görmür, axı "talon"u o özü yazır?! Xülasə, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Namiq Tarıverdiyev də işini bilən adamdır, ondan xəbərsiz kimin nə ixtiyarı var o yanacağa əyri gözlə baxmağa?!
Son anda öyrəndik ki, bir qrup klub müdiri bu əlləm-qəlləm işlərə narazılıq ediblər. Onlardan bir necəsini cağırıb 100 manat verərək yola salıblar...
Hə nə isə...ardı olacaq.









