Milli Məclisdə səhiyyə sahəsində aparılan islahatlar və seçicilərin problemləri gündəmə gətirildi.
Milli Məclisin deputatı Müşfiq Məmmədli 2026-cı il martın 13-də Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı çıxış edib.
Deputat çıxışında bildirib ki, təqdim olunan hesabatda ölkənin bütün sahələrində olduğu kimi səhiyyə sektorunda da mühüm nəticələr öz əksini tapıb. O qeyd edib ki, son illərdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda səhiyyə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində ciddi addımlar atılıb. Xüsusilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən tətbiq edilən icbari tibbi sığorta sisteminin ölkə üzrə tam şəkildə fəaliyyət göstərməsi vətəndaşların tibbi xidmətlərə çıxış imkanlarını genişləndirib və səhiyyə xidmətlərinin maliyyələşmə mexanizmini daha şəffaf və dayanıqlı edib.
Müşfiq Məmmədli vurğulayıb ki, 2025-ci il ərzində sığorta paketinə daxil olan tibbi xidmətlərin sayı artırılıb, bir sıra ixtisaslaşdırılmış tibbi xidmətlər və yüksək texnologiyalı müayinələr vətəndaşlar üçün daha əlçatan olub. Eyni zamanda, TƏBİB tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, regionlarda yeni xəstəxana və tibb mərkəzlərinin istifadəyə verilməsi səhiyyə xidmətlərinin keyfiyyətinə müsbət təsir göstərib.
Deputat bildirib ki, səhiyyə sahəsində aparılan islahatlar ölkə Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilən sosial siyasətin mühüm istiqamətlərindən biridir. Dövlətin əsas məqsədinin vətəndaşların sağlamlığının qorunması və keyfiyyətli, əlçatan tibbi xidmətlərin təmin edilməsi olduğunu deyən deputat icbari tibbi sığorta sisteminin daha da təkmilləşdirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, tibbi xidmətlərin keyfiyyətinə nəzarətin gücləndirilməsi, vətəndaş məmnuniyyətinin artırılması, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi və profilaktik tibbin inkişafı gələcək dövr üçün əsas prioritetlərdən olmalıdır.
Müşfiq Məmmədli çıxışı zamanı seçiciləri narahat edən bir sıra məsələləri də hökumət üzvlərinin diqqətinə çatdırıb. O qeyd edib ki, Siyəzən rayonunun Dağ Quşçu və ətraf kəndlərini birləşdirən asfalt yolların bir hissəsi güclü daşqınlar nəticəsində yararsız vəziyyətə düşüb və bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac var.
Deputat həmçinin vaxtilə Alternativ Enerji üzrə Dövlət Agentliyi tərəfindən tikintisinə başlanılan, lakin yarımçıq qalan kompleksin az miqdarda maliyyə vəsaiti sərf etməklə rayonda böyük idman kompleksinə çevrilə biləcəyini bildirib.
Bununla yanaşı, təbii fəlakətlər nəticəsində evləri yararsız vəziyyətə düşmüş Xızı rayonu və Siyəzən rayon sakinlərinə müvafiq yardımların göstərilməsi məsələsinin də seçicilərlə keçirilən görüşlərdə daim qaldırıldığını diqqətə çatdırıb.
Sonda deputat təqdim olunan hesabatın yüksək səviyyədə hazırlandığını bildirərək görülən işlərə görə Baş nazirə minnətdarlığını ifadə edib.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
Sosial




