backend

Müşfiq Məmmədli: “Tibbi sığorta sistemində ardıcıllıq qorunmalıdır, ilkin səhiyyə gücləndirilməlidir”

Fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi-nin plenar iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.

Millət vəkili Müşfiq Məmmədli iclasdakı çıxışı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, müzakirəyə çıxarılan dəyişiklik – qanunun 15-28.3-cü maddəsinin tətbiq müddətinin 16-4.4-1-ci maddə vasitəsilə 2027-ci il 1 yanvar tarixinədək uzadılması – texniki deyil, icbari tibbi sığorta sisteminin gələcək fəaliyyət modelini müəyyənləşdirən strateji qərardır.

O qeyd edib ki, qüvvədə olan normaya əsasən, sığortaolunan şəxs ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkimə getdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir. Bu mexanizm ailə həkimi və poliklinika səviyyəsini sistemin “ilk qapısı” kimi möhkəmləndirməyə xidmət etsə də, praktikada hələ tam işlək deyil.

Deputat təklif olunan uzadılmanı dörd əsas səbəblə dəstəklədiyini vurğulayıb.

Birinci səbəb kimi sistemin hələ tam hazır olmaması göstərilib. Onun sözlərinə görə, bir sıra regionlarda ilkin tibbi-sanitariya yardımı infrastrukturu, kadr təminatı və xidmət spektri vətəndaşların ehtiyaclarını tam qarşılamır. Bu mərhələdə müştərək maliyyələşmənin sərt tətbiqi sosial baxımdan həssas qruplar üçün əlavə çətinliklər yarada bilər.

İkinci səbəb göndəriş mexanizminin institusional baxımdan tam formalaşmaması ilə əlaqələndirilib. Müşfiq Məmmədli bildirib ki, ailə həkiminin xəstənin tibbi marşrutunu müəyyən edən əsas fiqur kimi rolu hələ tam möhkəmlənməyib, vahid elektron göndəriş sistemi isə bütün ölkə üzrə stabil fəaliyyət göstərmir. Bu şəraitdə birbaşa ixtisaslaşdırılmış həkimə müraciətə görə maliyyə sanksiyasının tətbiqi sosial dövlət prinsipləri ilə uzlaşmır.

Üçüncü arqument kimi deputat normanın əsas məqsədinin maliyyə toplamaq deyil, vətəndaş davranışını dəyişmək olduğunu qeyd edib. Onun sözlərinə görə, ilkin səhiyyədə qəbul imkanları genişləndirilməli, laborator və diaqnostik minimum paket təmin olunmalı, ailə həkiminin göndərişləri operativ icra edilməlidir. Əks halda ilkin mərhələ vətəndaş üçün əlavə maneəyə çevrilə bilər.

Dördüncü və əsas səbəb isə icbari tibbi sığortanın maliyyə dayanıqlığının məhz ilkin səhiyyədən başlamasıdır. Deputat beynəlxalq təcrübəyə istinad edərək vurğulayıb ki, yalnız xəstəxana və ixtisaslaşmış xidmətlər üzərində qurulan sistemlər uzunmüddətli perspektivdə daha baha başa gəlir. Bu baxımdan erkən diaqnostika, xroniki xəstəliklərin nəzarəti və profilaktikanın gücləndirilməsi prioritet olmalıdır.

Sonda Müşfiq Məmmədli bildirib ki, 15-28.3-cü maddənin tətbiqinin 2027-ci il 1 yanvaradək uzadılması ilkin tibbi-sanitariya yardımının real “giriş qapısı”na çevrilməsi, göndəriş mexanizminin tam oturuşması və ailə həkimi institutuna ictimai etimadın formalaşması üçün əlavə vaxt yaradacaq. Deputatın sözlərinə görə, bu dəyişiklik icbari tibbi sığorta sisteminin sağlam və dayanıqlı əsaslar üzərində qurulmasına xidmət edir.