Fevralın 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitə sədri Musa Quliyev gündəliyə üç məsələnin daxil edildiyini bildirib.
Qaynarxett.az xəbər verir ki, iclasda əvvəlcə bir sıra qanunvericilik aktlarına dəyişiklikləri nəzərdə tutan qanun layihəsi təqdim olunub. Layihə Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Cəzaların İcrası Məcəlləsi, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun tətbiqi haqqında Əsasnamə və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklikləri əhatə edir.
Bildirilib ki, təklif olunan dəyişikliklər əsasən uyğunlaşdırma xarakteri daşıyır və qanunvericilik sistemində normativ aktlar arasında uyğunluğun təmin edilməsinə xidmət edir. Qeyd olunub ki, layihədə əks olunan bir sıra müddəalar “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna 27 dekabr 2024-cü il tarixdə edilmiş dəyişikliklərdən irəli gəlir.
Gündəliyin ikinci məsələsi – Əmək Məcəlləsi və “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təqdim olunub. Layihəni Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev təqdim edib. Qeyd edilib ki, sənəd Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışan təhsilverənlərin bilik və bacarıqlarının attestasiya deyil, xüsusi qaydalar üzrə sertifikasiya yolu ilə qiymətləndirilməsini nəzərdə tutur. Dəyişikliklərin məqsədi qiymətləndirmə prosesinin obyektivliyini və şəffaflığını artırmaq, müasir metodların tətbiqini təmin etmək və əmək mübahisələri riskini azaltmaqdır.
İclasda üçüncü məsələ kimi Mülki Prosessual, Ailə və Cinayət-Prosessual məcəllələrinə, eləcə də “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan layihə üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Diqqətə çatdırılıb ki, dəyişikliklər uşaqlarla bağlı ədalət mühakiməsində onların üstün mənafelərinin qorunması, fərdi məlumatlarının mühafizəsi, çətin həyat şəraitində olan uşaqların aşkarlanması və zorakılıqdan müdafiəsi ilə bağlı yeni təminatlar yaradır.
Müzakirələrdə komitə üzvləri Soltan Məmmədov, Vüqar Bayramov, Nigar Məmmədova, Jalə Əliyeva, Əziz Ələkbərov, Sevinc Hüseynova və Göydəniz Qəhrəmanov çıxış edərək təklif və qeydlərini səsləndiriblər.
Sonda qanun layihələrinin hər biri plenar iclasa tövsiyə olunub.
Onlayn iclasda komitə sədrinin müavini Elşad Musayev, üzvlər Səttar Möhbalıyev, Bədəl Bədəlov, Ziyad Səmədzadə və digər rəsmi şəxslər iştirak ediblər.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Sosial
gundem / Sosial
gundem / Sosial







