Hökumətin hesabatında çıxışa yazılsa da, amma danışa bilməyən Razi Nurullayev sosial şəbəkə hesabında paylaşım edib.
Gununsesi.info deputatın qeydlərini təqdim edir:
Təəssüf ki, “Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı” zamanı çıxışa yazılsam da, vaxt çatmadı.
Çıxışımı burada paylaşıram.
Baş nazir Əli müəllimə müfəssəl məlumatı üçün təşəkkür edirəm. Nazirlər Kabinetinin illik hesabatı hökumətin gördüyü işlərin sadəcə statistik təqdimatı deyil. Bu hesabat həm də bir sualın cavabıdır: qəbul etdiyimiz qərarlar və həyata keçirilən proqramlar vətəndaşın gündəlik həyatında real dəyişiklik yaradırmı?
Etiraf etmək lazımdır ki, son illər makroiqtisadi sabitliyin qorunması, bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi və sosial proqramların maliyyələşdirilməsi istiqamətində müsbət işlər görülüb. Bununla bərabər, hesabatı oxuyarkən bir məqam diqqəti cəlb edir: rəqəmlər çoxdur, amma bu rəqəmlərin insanların həyatına necə təsir etdiyi barədə daha açıq və səmimi təhlilə ehtiyac var. Vətəndaşların məktublarının cavablandırılması haqqında məlumatlarda da onların neçə faizinin həll olunduğunu görmək olmur.
Məncə, hökumətin bütün strukturlarında, icra qurumlarında məktubların sayıni statistik olaraq deməklə bərabər, həm də həll olunan müraciətlərin sayı hər kəs üçün daha maraqlı və məntiqidir. Biz işin effektivliyinin qiymətləndirilməsinə həm də bu prizmadan yanaşırıq.
Bu gün iqtisadi göstəricilərdən danışarkən paralel olaraq bir reallığı da görməliyik. Azərbaycanda bir çox vətəndaş üçün həyatın əsas sualları dəyişməyib: sabit və yaxşı maaşlı iş, əlverişli biznes mühiti, daha az bürokratiya və daha əlçatan dövlət xidmətləri. Xüsusilə biznes mühiti məsələsinə diqqət yetirmək istəyirəm. Beynəlxalq reytinqlərdə irəliləyişlər əlbəttə ki, müsbət haldır. Amma real iqtisadi mühitdə sahibkarın və adi vətəndaşların qarşılaşdığı prosedurlar, icazələr və uzun sənədləşmə prosesləri hələ də ciddi problemlər yaradır. Sahibkar həm də vətəndaş üçün əsas məsələ hesabatlarda yazılan göstəricilər deyil, biznes qurarkən və ya genişləndirərkən qarşılaşdığı real şərtlərdir. Bu şərtlər həm də adi vətəndaşlar üçün gündəlik həyatlarında sənədləşmə, dövlət xidmətlərinə əlçatanlıq və icra orqanlarının problemləri real həll etmək meyarı ilə ölçülməlidir.
Digər mühüm məsələ regionların inkişafıdır. Hesabatda regionlara yönəlik proqramlar qeyd olunur. Amma etiraf etməliyik ki, regionlarda məşğulluq, kiçik və orta biznesin inkişafı və sosial xidmətlərin əlçatanlığı məsələləri hələ də tam həll olunmayıb, çünki mövcud imkanlar səfərbər edilməyib. Bu isə daxili miqrasiyanı artırır və paytaxt üzərində əlavə sosial-iqtisadi yük yaradır.
Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı daha bir vacib məsələ qərarların icra mexanizmidir. Azərbaycanda bəzən yaxşı qərarlar qəbul olunur, lakin onların həyata keçirilməsi prosesində sürət və effektivlik itir. Dövlət idarəçiliyində bir məsələ qərar qəbul etmək olsa da, digər məsələ həmin qərarın vətəndaşın həyatına necə və nə qədər tez çatmasıdır.
Hörmətli hökumət üzvləri,
Dövlət idarəçiliyində ən vacib meyar vətəndaşın dövlətə olan etimadıdır. Bu etimad isə yalnız rəqəmlərlə deyil, həm də ədalətli idarəetmə, şəffaflıq və effektiv icra ilə formalaşır.
Hesab edirəm ki, növbəti mərhələdə hökumətin əsas vəzifələrindən biri idarəetmənin keyfiyyətini artırmaq, bürokratik maneələri azaltmaq və qəbul olunan qərarların vətəndaşın həyatında daha tez hiss olunmasını təmin etməkdir.
Mən bir daha hörmətli Baş nazir Əli müəllimə hesabat çıxışına görə təşəkkür edirəm. Şəxsən ona böyük hörmət və ehtiramım var. Səsləndirdiyim fikirlər isə mənim siyasi baxış bucağımdan irəli gələn məqamlardır. Hamımızın ümumi məqsədi Azərbaycanın və Azərbaycan vətəndaşlarının həyatında ildən-ilə hiss olunan müsbət dəyişikliklərə nail olmaqdır.
Bu yolda cənab Baş nazir, Sizə və hökumət üzvlərinə uğurlar və nailiyyətlər arzulayıram.
Sonda iki məsələni demək istəyirəm. Bu həm Sizə, həm də qismən bizə aid məsələdir.
Hörmətli cənab Baş nazir,
Qanunvericiliyə görə evlərə qaz çəkilməsi üçün mütləq mülkiyyət sənədi tələb olunur. Lakin ölkəmizdə elə evlər var ki, 30–40 ildir mövcuddur, insanlar orada yaşayır, amma müxtəlif səbəblərdən sənədləşmə prosesi başa çatmayıb. Bu evlərin sənədləşdirilməsi isə çox ağır prosedurlarla və ciddi xərclərlə müşayiət olunur.
Nəticədə bəzən belə bir vəziyyət yaranır ki, qaz xətti evin yanından keçir, amma sənəd problemi səbəbindən həmin evə qaz verilmir və vətəndaş öz evində soyuqda qalır. Bu isə istər-istəməz insanlarda dövlətə inamı sarsıdır.
Xahiş edirəm, hökumət bu məsələyə baxsın: uzun illər mövcud olan yaşayış evlərinin sənədləşdirilməsi sadələşdirilsin və ya qazlaşdırma ilə bağlı daha çevik mexanizm tətbiq olunsun. Nazirlər Kabinetinin qərarı minlərlə ailənin həyatını asanlaşdıra bilər.
İkinci məsələ
Müharibədə iştirak etmiş qazilərimizin bir qismi bu gün müxtəlif sağlamlıq problemləri ilə yaşayır, lakin əlillik təyinatı ala bilmir. Şəxsən tanıdığım belə insanlar az deyil. Bu isə cəmiyyətdə belə bir fikir yaradır ki, əlilliyin qiymətləndirilməsi mexanizmində müəyyən problemlər və ciddi narahatlıqlar mövcuddur.
Biz o qazilərlə görüşəndə, bəzən onların haqlı suallarına cavab verməkdə çətinlik çəkirik. Çünki onlar müharibədə sağlamlıqlarını itirdiklərini deyir, amma bunu sosial təminat sistemində təsdiq etdirə bilmirlər.
Xahiş edirəm ki, bu sahədə qiymətləndirmə mexanizmi daha şəffaf və ədalətli şəkildə təkmilləşdirilsin, eyni zamanda qazilərimiz üçün sosial layihələrin və reabilitasiya proqramlarının həyata keçirilməsi gücləndirilsin. Bu, həm sosial ədalətin təmin olunması, həm də qazilərimizin dövlətə inamının möhkəmlənməsi baxımından çox vacibdir. Bu məsələdə də Nazirlər Kabinetinin müvafiq qərarı asanlaşma gətirə bilər.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət
gundem / Siyasət
gundem / Sosial / Təhsil
Siyasət







