backend

Fatma Yıldırım: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın strateji kursunun aydın ifadəsidir

Milli Məclisin deputatı Fatma Yıldırım Cənab Prezident İlham Əliyevin mayın 4-də keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında səsləndirdiyi fikirlərlə bağlı paylaşım edib.

Deputat bildirib ki, Prezidentin çıxışı Azərbaycanın son illərdə formalaşdırdığı yeni geosiyasi xəttin açıq və sistemli təqdimatı kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, bu çıxış bir daha göstərdi ki, Azərbaycan regional və beynəlxalq səviyyədə gündəm formalaşdıran dövlətə çevrilib.

Fatma Yıldırım qeyd edib ki, Prezident İlham Əliyevin mesajlarında əsas xətt sülh prosesinin konkret addımlar və real nəticələr üzərində irəliləməsi ilə bağlı olub. Ermənistanla münasibətlər kontekstində səsləndirilən fikirlər də bu yanaşmanın davamı kimi qiymətləndirilib.

Deputat həmçinin 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda keçirilməsi təşəbbüsünün dəstəklənməsini regionda yeni siyasi atmosferin göstəricisi adlandırıb.

Paylaşımda Azərbaycanın tranzit məhdudiyyətlərinin aradan qaldırılması, yük daşımalarının bərpası və enerji ixracı kimi addımları da xüsusi vurğulanıb. Bildirilib ki, bu siyasət sülhün yalnız siyasi deyil, eyni zamanda iqtisadi və praktiki əməkdaşlıq müstəvisində qurulmasına xidmət edir.

Fatma Yıldırım həmçinin Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Azərbaycana münasibətdə qəbul etdiyi bəzi sənədləri tənqid edərək onların qərəzli yanaşmalara əsaslandığını qeyd edib.

Sonda deputat vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın güclü dövlət iradəsini, praqmatik siyasətini və milli maraqlara əsaslanan strateji kursunu bir daha nümayiş etdirib.