backend

Vilyam Hacıyev İmişlini necə talan edir və ya Xocalı şəhidlərinə hörmətsizlik - ŞOK

Vilyam Hacıyev İmişlini necə talan edir və ya Xocalı şəhidlərinə hörmətsizlik  - ŞOK































Rayonda narazılıq son həddə çatıb, şikayətlərin arası kəsilmir

qaynarxett.az bildirir ki, bu gün Azərbaycanın artan iqtisadi potensialı ölkədə istənilən layihəni həyata keçirməyə imkan verir. Dövlət başçısının yürütdüyü siyasi xətt nəticəsində Azərbaycan regional və dünya miqyaslı enerji layihələrinin iştirakçısı və etibarlı tərəfdaşıdır. Ölkənin iqtisadi-siyasi qüdrəti artdıqca əhalinin rifah halının güclənməsi, abadlıq-quruculuq işlərinin aparılması üçün büdcədən yüklü miqdarda vəsait ayrılır. Bunun bariz nümunəsidir ki, ölkə boyu yenidənqurma işləri aparılır, vətənimiz simasını dəyişərək yeni görkəm alır.

Lakin, dövlət səviyyəsində aparılan bu işlərə öz əməlləri ilə kölgə salan məmurlar şəxsi mənafeləri naminə qanunsuzluqlara rəvac verir, narazılıq dalğası yaradırlar. Korrupsiyalaşmış, dövlət vəsaitlərinin talanması hesabına oliqarxlaşmış belə məmurlar onlara göstərilən etimadı doğrultmur, prezidentin yürütdüyü siyasətə zərbə vururlar.

Haqqında ən çox şikayətlər edilən, vətəndaşların narazı olduğu rayonlar içərisində İmişlinin “xüsusi yeri” var. Elə gün olmasın ki, icra başçısı Vilyam Hacıyev və onun “komandasına” daxil olan məmurlar haqqında hansısa şikayətlər, narazılıqlar yayılmasın.

Bitməyən problemlər və biganəlik

Kür-Araz ovalığı, Mil düzünün şimalı və Muğan düzündə yerləşən, qərbdən İranla həmsərhəd olan İmişli rayonunda sosial problemlər səngimək bilmir. 120 min nəfərə yaxın əhalisi olan rayonda gün keçdikcə vəziyyət daha da pisləşir. Bu barədə İmişlidəki mənbələrimizdən məlumat almışıq. Qaynağın sözlərinə görə, Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyev başda olmaqla bəzi məmurlar əhaliyə əlavə problemlər yaradır.

Bu günlərdə İmişli rayonunda evsiz-eşiksiz qalmış onlarla insan LİA.AZ-a, dövlət qurumlarına müraciət edərək, onlardan yardım istəyiblər. Rayon sakinlərinin indiyə qədər etdikləri şikayətlərə, müraciətlərə isə cavab verən olmayıb. Rayondan bildirilir ki, İmişlinin icra başçısı Vilyam Hacıyev və onun işçilərini isə vətəndaşların hansı vəziyyətdə yaşadığı qəti maraqlandırmır. Elə buna görədir ki, müavini Səfa Ağayev seldən evi dağılmış insana yenisini tikimək üçün 3000 manat rüşvət istəyir. Hələ onu da deyir ki, yuxarıdan kimsə ona bir şey edə bilməz. İndi isə İmişlidə düşdüyü müsibətlərdən şikayətçi olan və probleminin həllini istəyən vətəndaşların müraciətlərini sizlərə təqdim edirik.

İmişli rayon, Rəsullu kəndində yaşayan İndira Ağayeva LİA.AZ-a göndərdiyi müraciətində bildirir ki, çiy kərpicdən tikilmiş bir otaqlı evdə yaşayır. 2010-cu ildə sel fəlakəti nəticəsində evi uçub. «Nə İcra Hakimiyyəti, nə də digərləri kömək etmədi. Bütün müraciətlərim cavabsız qalıb. Halbuki ehtiyacı olmayanlara ev tikib verdilər, amma ehtiyacı olanlara yox». İndira Ağayevə yazır ki, himayəsində 6 yaşlı uşaq var. «Torpaq üstündə yatmaqdan ciyərləri ağrıyır. Su vermirlər, işığımı kəsirlər. Daha nə edəcəyimi bitlmirəm. Məcburam ki, xaricdən sığınacaq alım». Digər şikayətçi isə İmişli rayonu, Məhəmmədəli kəndinin sakini Hacıyeva Mehbarə Bayram qızıdır. Kənddə çiy kərpicdən tikilmiş 1 otaqlı evdə yaşayır. Müraciət edən Hacıyeva deyir ki, həyat yoldaşı İman Hacıyev 2-ci qrup Çernobıl əlilidir. «Ev yararsız haldadır. Neçə yerdən çatlar var. Dəfələrlə İcra Hakimiyyətinə, FHN-ə müraciət etsəm də, heç bir faydası olmayıb. Uşaqlarım xəstədir. Özüm əsgər anasıyam. Dözülməz halda yaşayırıq». İmişli rayon, 20 Yanvar küçəsi, ev 2, mənzil 12-də Səbinə Musayeva ünvanladığı şikayətində deyir ki, rayonun Su Kanal İdarəsinin müdiri Etibar ona heç bir əsası olmadan su borcu yazıb. «Borc göstərilən müddətdə mənim evimdə su xətti olmayıb. 2-ci qrup əliləm, suyu əllə daşıyıram. Təzə su xətti çəkildikdən sonra küçədən daşıdığım suyu kartıma borc kimi yazıb”.

İcra başçısı prezidentin etimadını doğrultmur. Rayon sakini qeyd edir ki, haqqını tələb etdikdə onları təhqir edirlər. «Bu adam özünü idarə edə bilmir, nəinki hansısa bir idarəni. Səhərdən axşama qədər içkili vəziyyətdə olur. Şikayətə isə baxan yoxdur». İmişli sakinlərinin ölkə mediasına ünvanladığı digər bir müraciətdə isə daha ilginc faktlar açıqlanır:

«İcra başçısı 2012-ci ilin aprel ayında bu vəzifəyə təyin edilib. Bütün işlərdə olduğu kimi, adıçəkilən şəxsin prezident tərəfindən rayona rəhbər qoyulmasını müsbət qarşıladıq. Çünki indiyədək cənab İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanı inkişafa aparıb. Rayon rəhbəri isə ölkə başçısının etimadını doğrultmaq əvəzinə, qanunsuz işlərlə məşğul olur. Onun gəlişindən sonra İmişli tənəzzül dövrünə qədəm qoyub. Dövlət büdcəsindən rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə dəfələrlə vəsait ayrılıb. Təəssüf ki, yerli məmurlar, daha çox da başçı bundan düzgün şəkildə istifadə edə bilmir. Son bir il ərzində rayonda nəzərəçarpacaq işlər görülməyib. Mərkəzdə və ətraf kəndlərdə aparılan təmir-tikintinin xərcini yerli sahibkarlar çəkib. Başçının təkidi ilə İmişlidə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər təyinatdan kənar işlərə cəlb edilirlər.

Sözsüz ki, bu, rayonda sahibkarlığın inkişafına mənfi təsir göstərir, qeyd olunan sahədə fəaliyyət göstərən insanları dövlətdən incik salır». Məlumatda bildirilir ki, əslində, dövlət büdcəsindən rayona ayrılan vəsaitlər layihələndirilən bütün işlərin icra olunmasına artıqlaması ilə bəs edir. Sadəcə, icra hakimi şəxsi problemlərini daha üstün tutduğuna görə həmin vəsaitlər başqa istiqamətlərə yönəldilir: «Vətəndaşların üzləşdiyi sosial problemlər sanki icra başçısını ilgiləndirmir. O, daha çox öz problemlərini yoluna qoymağa çalışır. Başqa formada desəm, dövlətin pulu ilə özünə şərait qurur. Halbuki, prezident bütün icra başçılarına tapşırıb ki, yerlərdə vətəndaşları incitməsinlər. Bu məmur isə rayonun büdcəsində cəmlənən vəsaitlərdən istifadə etməkdən çəkinmir.

Bəzi kəndlərin yolu bərbad durumdadır. Qaravəlili kəndinin sakinləri neçə ildir ki, istifadəyə yararsız yollarla hərəkət edirlər. Vətəndaşlar yolun təmir olunması üçün dəfələrlə Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Lakin buna müsbət cavab verilməyib. İcra Hakimiyyətinin rəsmiləri vəsaitin olmadığını bəhanə gətirərək vətəndaşları başlarından edirlər. Qarşıdan soyuq qış günləri gəlir. Rayon camaatı indidən dərd-qəm içindədir. Belə ki, İmişli qış fəslini qarşılamağa hazır deyil.

Rayonun qaz təsərrüfatı çox acınacaqlı vəziyyətdədir. Bəzi xətlər istismar müddətini başa vursa da, yeniləri ilə əvəz edilməyib. Bu baxımdan qışda əhalinin ağır problemlərə düçar olacağı gözlənilir. Bununla yanaşı, elektrik enerjisi sahəsində də çatışmazlıqlar mövcuddur. Köhnə işıq dirəklərinin təzələri ilə əvəz edilməsi üçün müəyyən miqdarda vəsaitin ayrılmasına baxmayaraq, heç bir iş görülməyib. Yerli idarə və müəssisələrin rəhbərləri başçının yolu ilə gedərək mənimsəmə hallarına yol verirlər.

Nəzərinizə çatdıraq ki, bu ilin sentyabr ayının 30-da prezident on beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisi məqsədi ilə büdcənin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 3 milyon manatını İmişli Rayon İcra Hakimiyyətinə ayırıb. Mənbə isə iddia edir ki, 3 milyon manatın bir hissəsi artıq yeyilib. Yuxarıda sadalanan fikirlərə istinadən Maliyyə Nazirliyi, Hesablama Palatası və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin məsul şəxslərindən xahiş edirik ki, İmişli Rayon İcra Hakimiyyətinin fəaliyyətini dərindən araşdırsınlar. Biz bunu özümüz üçün yox, rayon sakinlərinin sosial rifahının yaxşılaşdırılmasından ötrü istəyirik. Ümid edirik ki, sözügedən dövlət qurumları xahişimizi nəzərə alıb lazımi tədbirləri görəcəklər.”

Bu günlərdə isə Vilyam Hacıyevin bir neçə digər icra başçıları ilə birlikdə Prezident Administrasiyasına çağırılıblar.

Daxil olan məlumatlarda bildirir ki, son zamanlar rayon sakinlərinin davamlı olaraq incidilməsi, problemlərinin həll olunmaması adı keçən rayonlarda haqlı narazılıq yaradıb. Çıxış yolunu ölkə başçısında görən sakinlər Prezident İlham Əliyevə şikayət məktubu ilə müraciət edərək kömək istəyiblər. Verilən məlumata görə, Zeynal Nağdəliyev rayon sakinlərinin müraciətinə baxaraq, ölkə başçısına məruzə etmişdir. Mənbə qeyd edir ki, Prezident Administrasiyasında adı çəkilən rayonların icra başçılarına ciddi xəbərdarlıq edilmiş və onlardan hesabat tələb olunub. Belə ki, verilən məlumatda göstərilir ki, icra başçılarının nəzərinə çatdırılıb ki, onların idarə etdikləri rayonlarda sosial problemlərə rəhbərliyin biganəlik nümayiş etdirməsi dözülməz hala çevrilib. Bu dözülməzlik də aksiyalara və etirazlara səbəb olur. Bu hal da ölkədə sabitliyin pozulmasına gətirib çıxarır. Prezidentin sözü ilə desək, kimliyindən asılı olmayaraq işinin öhdəsindən gələ bilməyən məmurlar cəzalanacaq...

İmişlilər isə bildirirlər ki, hələ ki, rayonda elə bir dəyişiklik hiss olunmur. Görünür, vəziyyəti düzəltmək üçün son çarəyə əl atmaq lazımdır.

P.S: Redaksiyamıza İmişlidən indicə yeni bir məlumat daxil olmuşdur. Belə ki, rayon icra hakimiyyətində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilmişdir. Qəribədir ki, tədbir arası tənəffüs vaxtı icra hakimiyyətinin işçisi Elnur adlı şəxs Xocalı şəhidlərinin ruhuna hörmətsizlik edərək "Bunlar da ölməyə vaxt tapıb" deyə açıq aşkar "narazılığ"ını bildirmişdir. Bu da harınlamış İmişli məmurları!