backend

Təziyiqlərə məruz qalan jurnalist prezidentə müraciət etdi

“Gündəm Xəbər”in Qərb bölgəsi üzrə müxbiri Mehriban Əzizqızı Gəncədə xoşagəlməz durumla üz-üzə qalıb. O bununla bağlı dövlət başçısına müraciət ünvanlayıb. Müraciətin mətnini olduğu kimi təqdim edirik:
Təziyiqlərə məruz qalan jurnalist prezidentə müraciət etdi
"Hörmətli Prezident! Yazdığım araşdırma məqalələrimə görə, bu gün Gəncədəki yüksək çinli məmurların təzyiqlərinə məruz qalmışam. Belə ki, hal-hazırda bir qrup məmur məni hədələməkdən çəkinmir və azad mediaya qarşı hörmətsizlik də nümayiş etdirirlər. Bu da onu söyləməyə əsas verir ki, "Gündəm xəbər" qəzetinin qərb bölgəsi üzrə bölgə müxbiri olaraq, mənə qarşı göstərilən təpkilər, birbaşa sifarişlər əsasında baş tutur. Bu da ona görə baş verir ki, hal-hazırda Gəncə şəhərində bəzi vəzifə sahibləri, ölkə başçısının media ilə bağlı tövsiyyələrinə məhəl belə qoymurlar.

Möhtərəm Prezident! Yazıb Sizdən xahiş edirəm ki, bir qədər vaxtınızı ayırıb məni qəbul edəsiniz. Çünki, Gəncə şəhərində bəzi vəzifə sahiblərinin mənə qarşı etdikləri haqsızlıqlara, təhdidlərə, təqiblərə artıq dözə bilmirəm. Bu gün ölkəmizin taleyüklü problemlərinin həddən-ziyadə çox olduğu bir zamanda, bəzi məmurların Sizin tövsiyyələrinizə məhəl qoymamaları, məni olduqca narahat edir. Biz həm Sizə, həm də ulu öndər Heydər Əliyevin ideyalarını daim müdafiə etmişik. Odur ki, yolunu azan, mənə qarşı haqsızlıq edən məmurlara qarşı mübarizədə, daha qətiyyətli addımlar atmağınızı istərdim".