backend

Onkoloji klinikanın həkimləri niyə ya işdən çıxıb gedir, ya da İNTİHAR edirlər? - HƏQİQƏTƏN DƏ...

Yaxın bir dostumun söhbət əsnasında giley dolu bir söhbəti diqqətimi çəkdi və sırf marağa bu məsələnin araşdırılmasını və dəqiqləşdirilməsini heç ona bildirmədən qarşıma məqsəd qoydum. Dostum söhbət elədi ki, xəstələri təxminən 2-3 il əvvəl Onkoloji Klinikada döş qəfəsi cərrahı Yaşar həkim tərəfindən əməliyyat olunub və sonra həmin xəstəxanada Kəmalə həkimin yanında kimyaterapiya alib. Təxminən iki il sonra müəyyən şikayətləri ortaya çıxib və rayonda həkimlər deyiblər ki, onkoloji xəstədir, birdən xəstəliyi yenidən baş qaldırar, öz həkimlərinə müraciət etsinlər. Söhbət elədi ki; "gəldim Onkoloji Klinikaya, qalxdım Yaşar həkimin otağına, soruşdum, dedilər Yaşar həkim çoxdan işdən çıxıb, daha burada işləmir. Harada işlədiyini öyrənmək istsəm də doğru-dürüst cavab ala bilmədim, dedilər bilmirik, deyirlər özəl xəstəxanaların hansındasa işləyir. Çox təəssüfləndim, düşdüm bir mərtəbə aşağı Kəmalə həkimin yanına, ondan məsləhət alım, otağına yaxınlaşdım. Orada da dedilər ki, Kəmalə xanım işdən çıxıb, daha burada işləmir. Elə bil birdən dondum, tez özümü toparlayıb soruşdum ki, bəs Kəmalə xanım indi harada işləyir, xəstəmizin həkimi olub, dedilər ki, bilmirik, deyirlər hansısa özəl xəstəxanada işləyir".

Dostum bu söhbətdən sonra gileyləndi ki, elə bil hamısına tapşırıblar ki, o həkimlərin yerini deməsinlər.

Bu söhbət diqqətimi çəkdi, dedim bəlkə yay vaxtıdır məzuniyyətdədilər, dostum tam dədiqləşdirə bilməyib. Qarşıma məqsəd qoydum ki, aydınlaşdıracam, görək nə məsələdir. Öz-özümə fikirləşdim ki, xəstələri iki ildən çoxdur onkoloji xəstəlikdən yaşayırsa deməli peşəkar həkimlərdirlər, işlərini bilirlər. Bəs onda işdən niyə çıxıblar?
Planlaşdırdığım gün getdim həmin xəstəxanaya, qapının ağzında "reseption" kimi bir yerdə oturan bir kişidən soruşdum ki, Yaşar həkim xəstələri harada qəbul edir. Dedi ki, Yaşar həkim 2 il olar ki, işdən çıxıb. Soruşdum ki, bəs Kəmalə xanım harada qəbul edir. Dedi ki, o da elə 2 il olar işdən çıxıb. Bu cavablara baxmayaraq, o həkimlərin əvvəllər işlədikləri mərtəbəyə qalxdım, əvvəlcə 3-cü mərtəbəyə, bir az gözlədim, bir həkim yanımdan keçəndə soruşdum ki, Kəmalə xanımın otağı hansıdır, cavab verdi ki, o daha burada işləmir. Qalxdım 4-cü mərtəbəyə, koridorda gözləyən xəstələrdən Yaşar həkimi soruşdum, tanımadıqlarını dedilər. Nəhayət bir ağ xalatlı xanım keçdi, ondan soruşdum, dedi ki, Yaşar həkim daha işləmir burada, işdən çıxıb. Qaldım mat-məəttəl. Özümə sual verdim ki, hər iki həkim haqqında bir az məlumat toplayım, sonra bu yazını qələmə alım.

Sonra aşağı düşüb getmək istəyirdim ki, birdən ağlıma gəldi ki, soruşum, ağciyərlə xəstəxanada indi kim məşğul olur, ondan soruşum ki, xəstəni nə vaxt onunla konsultasiya edə bilərik. Bir ağ xalatlıdan soruşdum dedi 4-cü mərtəbədədir, düşündüm ki, elə Yaşar həkim oturan otaq olar. Gəldim yenidən ora, otaqda heç kim yox idi, qonşu otaqdan bir ağ xalatlıdan soruşdüm ki, ağciyərlə kim məşğul olur, ondan məsləhət almaq istəyirəm. Cavab verdi ki, Yaşar həkim gedəndən sonra Nurlan həkim işləyirdi, indi daha işləmir işdən çıxıb. Lap tilsim vəziyyəti idi, bu həkimlər hara qaçır belə? Nələr baş verir bu xəstəxanada?

Birinci mərtəbənin girişində, elə giriş qapısı ilə üzbəüz koridorda rəhmətə getmiş gənc bir xanım həkimin xatirəsini əziz tutmaq üçün şəkli qoyulmuşdu. Bu xanım o şəxs idi ki, bir neçə həftə bundan əvvəl mətbuatda və sosial şəbəkələrdə yayılmişdı ki, Onkoloji Klinikanın gənc bir həkimi intihar edib. Elə sosial şəbəkələrdə yayılan şəklin özü idi. O vaxt bu xəbəri oxuyanda hamı kimi, mən də kədərlənmişdim. Sosial şəbəkə istifadəçilərinin rəylərində tez-tez rast gəlinən belə fikirlər vardı ki, çox dürüst, haqsılıqla barışmayan, milli dəyərlərə bağlı bi xanım olub. Və yenə sosial şəbəkə istifadəçiləri yazırdılar ki, intihar edəndə belə bi yazı da qoyub ki, haqsızlıqlara dözə bilmir və zəmanə adamı deyil, ona görə intiharı seçib. Maraqlı bir sual ortaya çıxır: yalnız işdən evə, evdən işə gedən, milli dəyərlərə bağlı subay bir xanım bu qədər haqsılıqları harada görə bilərdi ki, bezsin, canına qıysın? Sual məni o vaxt da düşündürmüşdü, amma xəstəxanadakı həkim qaça-qaçını şəxsən təsdiqləyəndən sonra bu sual mənə daha da düşündürücü gəldi.

Xəstəxanadan çıxanda orada dayanan taksi sürücüsü ilə gedəcəyim ünvana yola düşdüm. Taksi sürücüsünün hər şeylə maraqlanan olduğunu görüb onu danışdırmaq, bəzi məlumatları toplamaq üçün gileylə bildirdim ki, xəstəmiz var, həkimləri yerində tapa bilmirəm. Onun elə bil yarasının üstünə duz səpdilər, xəstə adamlarının, həkimlərin dilindən eşitdiyi və özünün müşahidə etdiyi xeyli məyusedici söhbətlər etdi xəstəxana, xəstəxana rəhbərliyi və idarəçiliyi haqqında. Onları da yadımda saxlayıb növbəti yazılarda araşdıracağımı planlaşdırdım. Hələliksə bu məsələni aydınlaşdırmaq və araşdırmaq məni əməlli-başlı məşğul etmişdi.

Bütün əlaqələrimdən istifadə edib, hər üç həkim haqqında xeyli məlumat toplaya bildim, bir neçə gün çəksə də. Topladığım məlumatlardan aydın oldu ki, hər üç həkim tibb ictimaiyyəti arasında peşəkar həkimlər kimi tanınırlar. Yaşar həkim və Kəmalə xanım Moskvada Rusiyanın Onkoloji Mərkəzində ixtisaslaşıblar, orada dissertasiya müdafiə ediblər və bir neçə il təcrübə qazandıqdan sonra ayrı-ayrı vaxtlarda qayıdıblar Azərbaycanda işləməyə. Onkoloji Klinikada öz sahələrində fəaliyyət göstəriblər, dosent olublar, Azərbaycan Tibb Universitetinin tələbələrə dərs də veriblər işlədikləri müddət ərzində. Hətta dedilər Kəmalə xanım kimyaterapiya şöbəsinin müdiri olub. Onların Onkoloji Klinikada neçə il işləməsi barədə dəqiq bir rəqəm öyrənə bilmədim, 3-4 il dedilər təxminən. Nurlan həkim də Türkiyədə ixtisaslaşıb, sonra Yaşar həkim gedəndən sonra Onkoloji Klinikaya işə düzəlib, amma düzələn andan etibarən narazı olub və orda-burda xəstəxanadan gileylənirmiş. İşə düzələndən təxminən bir il sonra işdən çıxıb.

Bütün bunlardan sonra ortaya çıxan sual məni əməlli-başlı məşğul etməyə başladı: iki təcrübəli həkimin təxminən eyni vaxtlarda işdən çıxmasının, onlaran birinin yerinə işə düzəlmiş növbəti həkimin çox bənd almadan çıxıb getməsinin səbəbi nədir, görəsən? Bu həkim qaça-qaçı ilə həkim intiharı hadisəsini bağlayan səbəblər varmı o xəstəxanada? Məntiqi analiz və aşağıdakı mümkün cavablar onu deyir ki, var.

İradəsindən, xarakterindən asılı olaraq insanlar dözülməz şəraitdən azad olmaq üçün bu yolu da seçə bilir, digərini də. Bu sualı özümə verə-verə Azərbaycanda idarəçilik psixologiyasına azdan-çoxdan bələd olan adam kimi, onlara mümkün cavabları da axtarmağa başladım. Xüsusilə, xəstəxana rəhbərinin ictimaiyyət arasında tamahının sərhəddi olmayan, açıq-aşkar rüşvətdən çəkinməyən, haqsız üsullarla idarəçilik vərdişi olan şəxs kimi bədnam ad çıxarmış Ə.Əmiraslanov (o Əmiraslanov ki, Azərbaycan Tibb Universitetinin rektoru olduğu uzun bur dövr ərzində tibb təhsilini hansı hala saldığı hamıya məlumdir) olduğu göz önünə alınanda aşağıdakı məntiqi cavablar ortaya çıxır.

Birinci cavab: Rusiya mühitində işləmiş, yaxud Türkiyədə ixtisaslaşmış həkimlərin xəstəxanada hökm sürən, hamımıza bəlli olan dədə-baba qaydalarının yükündən yorulduqlarına görə, dözməyib işdən çıxıblar.
Ya da bu yükə dözmək istəmədiklərinə görə, xəstəxana rəhbərliyi onları işdən çıxarıb.

İkinci cavab: xəstəxanada üzsüz şorla kərə yağın yeri səhv salındığına görə belə haqsızlığa tab gətirməyib işdən çıxıblar. Üçüncü cavab: peşəkar həkim fəaliyyəti üçün xəstəxanada lazımi şərait yoxdur. Digər cavablar da ola bilər, amma ağlıma gələn və daha çox ehtimalı olan cavablar bunlardır. Ola bilər də ki, sadaladığım cavabların hamısı bir yerdə doğrudur. Amma o cavaba inanmaram ki, dolana bilmədiklərinə görə çıxıblar işdən. Əvvəla, xalqımız həmişə həkimini dolandırıb, bu, heç kimə sirr deyil. Hətta xəstə yaxınları həkimə ürəyincə "minnətdarlıq" etməsə narhatlıqlarından xəstələrini də ona həvalə etmirlər, bu, milli mentalitetimizdir. İkincisi də, Onkoloji xəstəxana ölkənin mərkəzi şəhərində cəmi iki yerdədir (bildiyim qədər) və onkoloji xəstəliklər də kifayət qədər çoxdur. Ona görə də ola bilməz ki, peşəkar həkimin belə halda iş qıtlığı olsun. Növbəti yazılarımda bu cavabların hansının doğru olduğu barədə araşdırmalarımı davam etdirəcəm. Bunun üçün ciddi jurnalist araşdırması aparacam, vaxtımı alsa da. Çünki, Bakıda, ölkənin mərkəsi şəhərində cəmi iki Onkoloji xəstəxana var və bu xəstəxanaların hər hansı birində dediklərim hökm sürürsə və yüksək ixtisaslı peşəkar həkimlər oradan uzaqlaşmaq məcburiyyətində qalırlarsa, bu, cəmiyyətimiz üçün faciədir. Heç birimiz, doğmalarımız və qohumlarımız onkoloji xəstəliklərdən sığortalanmayıb. Peşəkar həkimlərin qaçıb dağıldığı xəstəxanaya özümüzü, doğmalarımızı necə etibar edək? Bu sual hamımızı düşündürməlidir...

Amil Ağayev
 //miq.az//