backend

Özünü Ramiz Mehdiyevin kadrı adlandıran Tubuxanım Qasımzadə AMEA-da aranı qatır? - Qurum AÇIQLAMA YAYDI

"AMEA Rəyasət Heyəti Aparatı Təhsil Şöbəsinin müdiri Ələddin Məlikovun "elmlər doktoru" elmi dərəcəsi diplomu olmadığı halda özünü "fəlsəfə elmləri doktoru" kimi qələmə verməsi ilə bağlı bəzi saytlarda yayılan məlumatlar tamamilə yalandır. Ələddin Məlikov xaricdə elmlər doktoru dissertasiyası müdafiə edərək islam fəlsəfəsi üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Bununla bağlı müvafiq sənədlər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim olunub. Sənədlər qiymətləndirildikdən sonra Ali Attestasiya Komissiyası tərəfindən müvafiq qərar veriləcək". Bu barədə DİA.AZ-a AMEA Mətbuat Xidmətindən göndərilən məlumatda deyilir.

Məlumatda daha sonra qeyd olunur: "Məlum olduğu kimi hüquqi ədəbiyyatlarda sənəd saxtalaşdırılması ifadəsi sənədlərin məzmununun təhrifi, yaxud vəzifəli şəxslərin imzasının saxtalaşdırılması mənasında işlədilir. Bu hadisədə isə bunların heç biri yoxdur. Yəni, sənəd saxtalaşdırılmasından söhbət belə gedə bilməz. İctimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, bu cür məlumatları yayan Tubuxanım Qasımzadə illərdir ki, AMEA sistemində qalmaqallı və problemli şəxs kimi tanınır. Bu keyfiyyətlərinə görə o, vaxtilə AMEA prezidenti akademik Akif Əlizadə tərəfindən AMEA Rəyasət Heyətindən uzaqlaşdırılıb. Lakin sonradan AMEA prezidenti akademik Ramiz Mehdiyevin qəbuluna gələrək anasının xəstə olduğunu əsas gətirməklə çalışdığı Mərdəkan Dendrarisindən daha yaxın bir ərazidə işlə təmin olunmasını xahiş edib. Humanizm prinsipləri nəzərə alınaraq onun bu xahişi təmin edilib. AMEA kollektivinin gözləri qarşısında dəfələrlə Ramiz Mehdiyevin fəaliyyətini yüksək qiymətləndirən, özünü Ramiz Mehdiyevin sadiq kadrı adlandıran Tubuxanım Qasımzadə nədənsə Ramiz Mehdiyevin gedişindən sonra onun ünvanına ağlasığmaz iddialar irəli sürür. Hazırda AMEA prezidentinin vəzifələrini icra edən akademik Arif Həşimovu da eyni qaydada şantaj edərək yüksək vəzifəyə təyin olunmasını tələb edib.
Qeyd edək ki, Tubuxanım Qasımzadənin işdən uzaqlaşdırılmasının səbəbi əmək müqaviləsinin bitməsi və çalışdığı şöbə əməkdaşlarının kollektiv şəkildə onun dözülməz davranışları ilə bağlı AMEA rəhbərliyinə şikayət ünvanlamasıdır.

Mətbuat nümayəndələrindən bu tipli böhtan xarakterli məlumatları yayımlamamalarını, aldıqları informasiyaları dəqiqliklə yoxlamalarını xahiş edirik. Onu da bildiririk ki, zərurət yarandığı təqdirdə çalışdığı şöbənin əməkdaşlarının Tubuxanım Qasımzadənin davranışları haqda mövqeləri də ictimaiyyətə təqdim oluna bilər".

AMEA-nın açıqlaması ilə əlaqədar Tubuxanım Qasımzadənin də mövqeyini dinləməyə hazırıq...