backend

Naxçıvanın da öz çoban-polkovnik-leytenantı var - Şəmsi Mirzəliyev

Naxçıvan şəhər 1 saylı polis bölməsinin rəisi polis polkovnik-leytenantı Şəmsi Mirzəliyev işini bir xeyli böyüdüb.

Yox, yox, söhbət polis orqanlarındakı xidməti vəzifəsindən getmir. Söhbət ondan gedir ki, Şəmsi Mirzəliyev adlı bu polis polkovnik-leytenantı Tumbul kəndindəki təsərrüfatı ilə kifayətlənməyib, indi də keçib Qaraxanbəyliyə.

Üstəlik, o boyda polis məmuru Tumbuldakı kimi əkinçiliklə də məşğul deyil. Onu Qaraxanbəylidə çoban-polkovnik-leytenant kimi tanıyırlar. Kənd əhalisi arasında bu cür ayama (ləqəb) qazanması isə səbəbsiz deyil. Məlumata görə, Qaraxanbəylidəki mülkünü bir qohumunun adına rəsmiləşdirən çoban-polkovnik-leytenant orada 350 baş qoyun saxlayır. Hətta kənd tarixində bu qədər heyvanı olan çobana rast gəlinməyib. Bu baxımdan Şəmsi Mirzəliyevin adı Naxçıvanın hələ yazılmamış «Rekordlar» kitabına düşə bilər.

Maraqlıdır ki, başı çobanlığa və rəncbərliyə qarışan Şəmsi Mirzəliyev işlərinin çoxluğundan səlahiyyətinə daxil olan ərazidə yaşananlardan xəbər tuta da bilmir. İddialara görə, Tumbulda bir neçə ay bundan əvvəl baş vermiş oğurluq hadisəsinin üstü hələ də açılmayıb. Baxmayaraq ki, bu hadisəyə görə «xan» həzrətləri dəfələrlə Daxili İşlər naziri Rəşad İsmayılovu yanına çağırıb nəyi var danlayıb, ona işin üstünün açılması üçün konkret vaxt verib. Rəşad müəllim qarşısına qoyulan bu möhlət müddəti həftənin axırından ayın axırına qədər genişlənə-genişlənə gəlib 4 aya çıxıb. Amma üzərindən xeyli keçməsinə baxmayaraq, oğrunu tapmaq mümkün olmayıb.

Xatırladaq ki, bu ilin iyun ayında Naxçıvan şəhərinin Tunbul kəndində poçt idarəsi yarılmış və poçtun dəmir kassası yerindən çıxarılaraq aparılmışdı. Maraqlıdır ki, cinayətin baş verdiyi sıralarda 1 saylı polis bölməsinin əməkdaşları həmin ərazidə patrul xidmətində imişlər. Amma nədənsə oğurluq hadisəsi onların gözündən yayınıb.

Tunbuldakı oğurluq Vasif Talıbovun indiyədək yürütdüyü «0 cinayətli bölgə yaratmaq» siyasətini alt-üst etdiyindən «xan» sarayının ciddi nəzarətinə götürülüb. «Xan» həzrətlərinin sarayda oturan «Gestapo» yetkililəri hər həftə nazir Rəşad İsmayılovu yanına çağırıb xeyli danlayır və ondan cinayətin dərhal açılmasını tələb edirlər. Rəşad İsmayılov da öz növbəsində müavini Zahid Gözəlovu, həmçinin Naxçıvan şəhər polis İdarəsinin sədr müavini, mayor Elvin Səfərlini və MR DİN-in 7-ci şöbəsinin əməkdaşlarını danlayıb Şəmsi Mirzəliyevin üstünə göndərir. Şəmsi Mirzəliyev də onlar tərəfindən danlanılır. Amma yenə də Tunbul cinayətinə vaxt ayırmaqdansa, Qaraxanbəylidə çobanlığını etməyə üstünlük verir.
Haqsız da deyil. Necə olur, Azərbaycanın bir çox generalları var ki, çobanlıqla məşğul olurlar. Naxçıvanın Azərbaycandan nəyi əskikdir ki, onun çoban-polkovnik-leytenantı olmasın?
 //ovqat.com//