backend

Ekspert məmurlara səsləndi: - “Bu tıxacı siz yaratdınız, indi də ...”

Son iki ayda Bakının küçə və prospektlərində günün istənilən saatında nəqliyyat sıxlığı yaşanır.

DİA.AZ bildirir ki, bu sıxlığın aradan qaldırılması üçün nəqliyyat üzrə ekspertlər bir sıra təkliflərlə çıxış edirlər. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, bu məqsədlə yük avtomobillərinin paytaxta girişi məhdudlaşdırılır. Məlumatda bildirilir ki, son vaxtlar Bakı şəhərində yaranmış nəqliyyat sıxlığının aradan qaldırılması və mövcud vəziyyətin optimallaşdırılması ilə əlaqədar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, yolların buraxılış imkanlarının artırılması, əhalinin nəqliyyat təminatının yaxşılaşdırılması və yol hərəkətinin təhlükəsizliyinin daha etibarlı təmin edilməsi məqsədilə Azərbaycanın Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası tərəfindən müvafiq tədbirlərdən biri kimi 2022-ci il 27 oktyabr tarixindən xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin səhər saat 07:00-dan axşam 22:00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə səhər saat 06:00-dan axşam saat 00:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkətinin qadağan edilməsi nəzərdə tutulub.

İcazə verilən müddət ərzində paytaxta daxil olmuş yük avtomobilləri səhər saat 07:00-dək, yanacaq daşıyan yük avtomobilləri isə səhər saat 06:00-dək şəhəri tərk etməlidirlər.

Xatırladaq ki, bununla bağlı qərar mövcud idi. Sadəcə, qərarda bəzi dəyişiklər edilib.

Bu dəyişikliklər nədən ibarətdir? Bu qərar nəqliyyat sıxlığının aradan qalxmasına qismən də olsa, kömək edə biləcəkmi?

Mövzu ilə əlaqədar Cebhe.info-ya danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib ki, qərarda vaxt fərqi var:

“Əslində dəyişiklik yoxdur, qərarın icrası bir az ləngiyib. Digər tərəfdən, burada artıq vaxt fərqi var, şəhərə giriş vaxtının saatları dəyişilib. Konkret marşrutlar verilməlidir. Çünki həmin yük maşınlarının sürücülərini da başa düşmək lazımdır. Hansı saatlarda, hansı marşrut xətləri üzrə hərəkət eləyə biləcəklərini, yoxsa sərbəst rejim tətbiq olunacağını bilməlidirlər. Onları da yəqin ki, aidiyyəti qurumlar nəzərə alıblar. Amma ümumilikdə yük avtomobillərinin, xüsusən, yanacaq daşıyan avtomobillərin günün günorta çağı şəhərin mərkəzində şütüməsi, təhlükə yaratması ciddi məsələdir. Bunun qarşısı alınmalıdır”.

Ekspert atılan addımların şəhərdəki tıxacların aradan qaldırılmasına xidmət etdiyini bildirib:

“Bu addımların hər birinin zərrə qədər də olsa, tıxacların aradan qaldırılmasına faydası var. Bu, o demək deyil ki, bir qərar bütün məsələləri həll edir. Hər addımda müəyyən irəliləyiş var”.

Ekspert hesab edir ki, firma maşınlarının girişi ilə bağlı müəyyən addımlar atılmalıdır:

“Firma maşınları da günün istənilən saatı şəhərə daxil olur, problem yaradır. Məsələn, Hökməlidə yerləşən firmadan hansısa energetik içkini şəhərin mərkəzindəki dükan sifariş verir. Təsəvvür edirsiniz, firma maşını günün günorta çağı Hökməlidən yellənə-yellənə gəlir şəhərin mərkəzinə, tıxac yardır. Nə var ki, hansısa mağazaya energetik içki, şokolad gətirəcək. Şokolad, konfet olmasa, heç kim acından ölməyəcək. Gündəlik zəruri ərzaq məhsulları istisana olmaqla, digər məhsulların şəhərə gətirilməsi ilə məşğul olan firmalar buna nəzarət etməlidir. Mən hər gün səhər işə gələndə, axşam qayıdanda pik saatlarda baxıram ki, yollarda sıxlığın yaranmasında böyük pay sahibi firma maşınlarıdır. Bütün mağaza və marketlər yolun qırağında yerləşir. Firma maşınları da iritutumludur, yolun hərəkət hissəsində saxlayır, irad bildirəndə də deyirlər ki, bəs mən maşını harada saxlayım?”

Elməddin Muradlı mağazaların, marketlərin tikilməsində qaydalara, normativlərə əməl edilmədiyini qeyd edib:

“Bunların heç birini nəzərə alan yoxdur. Hamı yolun qırağında bir bina tikir, üstünü sakinlərə satır, altını da icarəyə verir. Parklanma üçün də şərait yaratmır. Yəni bu şəhərdə nə qədər özbaşına məmur, oliqarx, deputat var, hamısı bu şəhəri dağıtmaqla məşğul olub. İndi də deyirlər ki, şəhərdə tıxac var. Tıxacı yaradan birinci onlardır. İndi özləri də əziyyət çəkir. 100 binadan 70-i hansısa məmurun, oliqarxın, deputatındır. Bu tıxacı siz yaratdınız. Harada ürəyiniz istədi bina tikdiniz, yolu kəsdiniz, parklanma üçün şərait yaratmadınız”.