backend

Efirlərə yenidən qayıtmaq istəsəydim, doğma kanalım AzTV öz ixtiyarımdadır…”

Efirə yenidən qayıtmaq istəmirəm. İstəsəydim ana, doğma kanalım AzTV öz ixtiyarımdadır. Radioda verilişimi aparıram, televiziyada da ehtiyac olanda səs oxuyuram. Bu gün də doğma kanalımdan çox böyük hörmət və izzət görürəm. Yəni öz əlimdədir, istəsəydim çoxdan qayıdardım”.
Bunu Moderator.az-a özəl açıqlamasında əfsanəvi diktor, xalq artisti Roza Tağıyeva bildirib. O daha sonra əlavə edib.
“Bu gün efirlərimizdə çox gözəl, gənc aparıcılar var. Onlar peşəkarlaşmağa doğru gedirlər, hətta bir çoxu peşəkar aparıcıdır. Elə doğma Aztv-dən misal çəkə bilərəm. Bu gün gənclərə meydan verilib. Onlar da özlərini doğruldurlar. Aparıcıda səmimiyyət olmalıdır, mürəkkəbliyə qaçmamalıdır. Davamçılarımız gəlir, gələcək də. Arzu edirəm ki, onlar da bizim qədər sevilsinlər, yadda qalsınlar” deyə diktor bildirib.
Roza Tağıyeva sərhəddə baş verən hadisələrə də münasibətini bildirib.
“Bu hadisələri anbaan izləyirəm. İnşallah, Allah qoysa az qalıb, hər şey bizim xeyrimizə həll olunacaq. Mən buna 100 yox, 200 faiz əminəm. Oradakı insanlara da dözümlü, səbrli olmağı arzu edirəm. Allah bizimlədir, biz də Allahlayıq” deyə diktor bildirib.
Roza Tağıyeva qarşıdan gələn 2023-cü il münasibəti ilə Azərbaycan xalqını təbrik də edib.
“Mən də hamı kimi çox ürəkdən arzu edirəm ki, sevincimiz daha da böyük olsun. Köhnə ildən qalan bütün xırda problemlərimiz də həll olunsun. Yeni ilimizi Şuşamızda, Xankəndimizdə qeyd edək. Vallah, bütün millət kimi mənim də gecə-gündüz yalnız arzum budur. Hamınıza can sağlığı, yeni ildə yeni-yeni nailiyyətlər, xoşbəxtlik arzulayıram” deyə Roza Tağıyeva bildirib.
Qeyd edək ki, uzun illərdir mətbuata müsahibə verməyib, efirlərdən uzaq gəzən Roza Tağıyeva sükutu 2020-ci ildə məhz Moderator.az-da pozmuşdu. Şuşanın işğaldan azad olunması xəbərinin sevincinə diktor bu cür reaksiya vermişdi.