backend

YPX-nın qovduğu gənc sürücünün psixoloji problemi var imiş…. – YPX-nın sürücünü bu şəkildə qovması vəziyyətdən düzgün çıxış yolu deyil…

Bakıda komediyaya bənzəyən avtoşluq…

Azərbaycanda  müxtəlif  dövlət qurumlarındakı problemləri gizlətməyə ehtiyac yoxdur. Çünki dövlət başçısı şəxsən özü  mövcud problemləri daha kəskin şəkildə qoyur və çıxış  yollarını göstərir.
Amma min təəssüf ki, bəzi məmurların sanki qulaqları kardır, gözləri kordur. Bu gün vətəndaşları dövlətdən narazı salan əsas  qurumlardan biri, bəlkə də birincisi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsidir ( BDYPİ).
Hətta illər öncə Ulu Öndər Heydər Əliyev müşavirələrin birində  bu qurumun rəhbərliyini ən kəskin şəkildə, sərt tənqid elədi və qanunsuzluqlara son qoymağı tələb etdi. Amma illər ötsə də  bu qurumun  işində  heç bir müsbət dəyişiklik baş vermədi. Biz  qurumdakı kütləvi rüşvətxorluğu, sürücülük vəsiqələrinin-“prava”ların, avtomobil nömrələrinin satılmasını, yəni nömrə biznesini, evakuator biznesini, cərimə meydançası alverini və s neqativ əməlləri bir kənara qoyuruq və diqqəti sosial şəbəkədə yayılmış  bir videoya yönəltmək istəyirik.
Qoy oxucular bu videoya baxsın və Yol Patrul Xidmətinin əməli ilə bağlı özü nəticə çıxartsın. Təsəvvür edirsiniz sosial şəbəkədə yayılan bu videoya 54.952 vətəndaş baxıb və yazılan izləyici rəyləri Yol Patrul Xidmətinə verilən “qiymət”dir…
Hətta bəzi izləyicilər yazır ki, biz əvvəl elə bilirdik ki, bu komediyaya bənzəyən olay xarici ölkələrin birində baş verib, amma YPX-nın maşınını görəndə bildik ki, bizim ölkədə, özü də paytaxtımız Bakının mərkəzi küçələrinin birində baş verir. Hətta oxuculardan biri yazır ki, videoya baxanda elə bildim ki,  Formula 1  yarışıdır….
Təsəvvür edirsiniz 20 yaşlı  gənc  Bakının mərkəzi yollarında “Volkswagen Touareg” markalı avtomobili sürətlə  arxa-arxaya sürərək yol hərəkəti qaydalarını kobudcasına pozur və….
Yol Patrul Xidmətinin əməkdaşları isə həmin gənci  qovmaqla məşğuldur. Axı, bunu normal şəkildə etmək, bunun qarşısını almaq olar. Yəni bizim YPX əməkdaşları qayda-qanunu pozan sürücünü də NORMAL şəkildə zərərsizləşdirməyi bacarmır.
Bəli, o sürücünün  hərəkəti nə qədər anormaldırsa, YPX-nın hərkəti də elədir. Əgər o dəliqanlı gənc arxa-arxaya avtmobili sürüb kimisə öldürsəydi, kim məsuliyyət daşıyacaqdı..?
Sözümüzün canı odur ki, Yol Polisi belə situasiyalara hazır olmalıdır. Sözün qısası, minlərlə insanın küçədə izlədiyi bu komediya belə başa çatıb.
Deməli, YPX-nın qovduğu gənc öz avtomobili ilə nəhayətdə yol kənarında dayanan bir neçə maşının üstünə çıxmaqla dayanmalı olur.
Gördünüzmü, YPX-nın  düzgün hərəkət etməməsinin nəticəsi olaraq bir neçə avtomobil zədələndi, yaxşı ki, ölüm hadisəsi olmayıb. Bizim məqsədimiz YPX-nı ittiham etmək deyil ee….
Sözün qısası, saxlanılan 20 yaşlı Cabbarbəyli Rauf Fuad oğlu Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə təhvil verilib. Raufun psixoloji problemlərinin olması müəyyən edilib və onun həkim nəzarətində saxlanılmasına qərar verilib.
O da məlum olub ki, Rauf hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Mühəndisliyi fakültəsinin tələbəsidir. 2020-ci ildə ADNSU-nun Kimya texnologiya fakültəsinə 572.8 balla qəbul olub. Hər bir kurs üzrə semestr boyu kəsri olmayıb, semestrlər üzrə davamiyyət limitini keçməyib, heç vaxt da daxili nizam-intizam qaydalarını pozmayıb. Bəs necə olur ki, bu şəxs həkim müayinəsindən keçərək, həm sürücülük vəsiqəsi alıb (əgər varıdırsa), həm də ali məktəbə qəbul zamanı sağlamlıq kağızı təqdim edib. Bu başqa bir yazının mövzusudur.
P.S. Bu məsuliyyəti kim daşımalıdır? Bəli, sürücü qaydanı pozdu 15 sutkası nağdıdır, adamın yoxdursa gedib çəkib gələcəksən. Bəs, bu şəxsə qaydaları pozaraq, həkimdən sağlamlıq haqqında arayış verən həkimlər nə vaxt cəzalanacaq? Bəs yol polisinin işçisi hansı cəzanı alacaq? Bu məsələlər birdəfəlik çözülməlidir, cənablar!