backend

ABŞERON RAYON RƏHBƏRLIYI QANUNLARI “QAZILƏRIN AYAĞI ILƏ” TAPDALAYIR

Xırdalan şəhər sakini Muradov Elçin Dadaş oğlu “Dəryaz” qəzetinə müraciət edərək, göz önündə baş verməkdə olan qanun pozuntusunun şahidi olmağa dəvət edib və məsələni mediada ictimailəşdirməyi xahiş edib.


Elçin Muradovun dəvətini qəbul edib onun yaşadığı Xırdalan şəhəri, Nizami küçəsi, 25-ci məhəllə, 1 nömrəli binanın həndəvərinə — haqqında bəhs etdiyi qanunsuz tikilinin inşa olunduğu ünvana getdik. Bayram tətili — Zəfər Günü olmasına baxmayaraq, usta və fəhələlər səylə çalışır və mişar daşlarından divar hörürdülər. Aşkar hiss olunurdu ki, onlara tikintini dayandıra biləcək əlaqədar təşkilatların iş günləri başlayana kimi tələssinlər. Elçin Muradov deyir ki, o, Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vurandan sonra polis sahə müvəkkili hadisə yerinə gəlib və bircə onu deyib ki, “bu məsələ bizlik deyil”.


İndi isə təfərrüatlara keçək: İstedadlı rəssam olan Elçin Muradov sözügedən beşmərtəbəli binanın 33 saylı mənzilində yaşayır. Bugünə kimi bir çox Respublika və Beynəlxalq sərgilərdə iştirak edib, fərdi yaradıcılıq sərgiləri nümayiş olunub. Amma işləməsi üçün yaradıcılıq emalatxanası yoxdur. Özü və həmçinin üzvü olduğu Rəssamlar İttifaqı Abşeron Rayon İcra Hakimiyyətinin başçısına müraciət edib ki, yaşadığı binanın arxasındakı boş qeyri-yaşayış sahəsinin ona yaradıcılıq emalatxanası tikməsi üçün ayrılmasına köməklik göstərilsin. Lakin nə sabiq icra başçısı İradə Gülməmmədova, nə də hazırki rayon rəhbəri Abdin Fərzəliyev onun xahişini nəzərə almayıblar.

“Özüm ayrı-ayrı vaxtlarda Abşeron RİH-nin sabiq başçısı İradə xanım Gülməmmədovaya, Abşeron RİH-nin başçısı Abdin Fərzəliyevə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubla müraciət etsəm də, hər dəfə adı çəkilən bu qurumların səlahiyyətli şəxslərinin imzası ilə təsdiq olunmuş başdansovdu cavab məktubları verildi. Yəni, verilmiş cavab məktublarının əksəriyyətində “Qeyd etdiyiniz torpaq sahəsi ümumi istifadə üçün nəzərdə tutulduğundan, həmin yerdə tikinti işləri aparıla bilməz” və s. kimi cavablar verdilər. Belə bir cavab məktublarının verilməsinə baxmayaraq, bir müddət bundan öncə bir nəfər şəxs, qeyd olunan yerdə qazıntı işləri aparıb hansısa obyekt inşa etmək qərarına gəlir. Məsələnin maraqlı tərəfi odur ki, həmin şəxs bu yöndə niyyətini “çin etmək” üçün, “Biz qazi ailəsiyik” deməyi də unutmur. O halda sual oluna bilər ki, nədən belə bir tikinti işlərində “Qazi” adından sui-istifadə olunmalıdır? Axı, dövlətimiz tərəfindən imtiyaz sahibi olan hər kəsə, o cümlədən qazilərə də lazımi diqqət və qayğı göstərilir. Maraqlı odur ki, tikintini aparan şəxs bildirir ki, bu yeri mənə İcra başçısı Abdin Fərzəliyev verib”.

Xırdalan bələdiyyəsi Elçin Muradova 14 oktyabr 2019-cu ildə məktubla cavab verib ki, sözügedən 40 kv-metrlik sahə ümumi istifadədə üçün nəzərdə tutulduğundan, ona xahişi ilə əlaqədar köməklik göstərilə bilməyəcək. Bələdiyyənin Elçin Muradova yazdığı 15 oktyabr 2022-ci il tarixli məktubunda isə bildirib ki, sözügedən sahənin yaxın müddətdə kiminsə adına sənədləşdirilməsi nəzərdə tutulmayıb. Torpaq sahəsinin hərraca çıxarılmasını və onun özünün də hərracda iştirakının təmin olunmasını bələdiyyədən israrla xahiş edən Elçin Muradova yerli özünüidarəetmə qurumunun sədri Orxan Musayev məktubda hətta tövsiyə edib ki, hər altı aydan bir yazılı və şifahi şəkildə öyrəbib sahənin aqibəti haqda məlumat alsın. Ancaq göründüyü kimi, Elçin Muradov aldadılıb; emalatxana üçün istədiyi yer onun və ümumiyyətlə, şəhər sakinlərinin xəbəri olmadan, hərrac elan edilmədən başqa bir pullu şəxsə satılıb.


Bütün bunları müxbirimizə video-kamera önündə danışan (video təqdim olunur-red.) Elçin Muradov deyir ki, tikinti başlayanda qanunsuzluğa etiraz etdiyi vaxt bir nəfər cavan oğlan gəlib ona Vətən müharibəsi qazisi olduğunu və əlində heç bir sənədinin olmadığı halda məlum torpaq sahəsinin ona verildiyini bildirib. Maraqlıdır ki, qanunla ümumi istifadədə olan sahənin heç bir imtiyazlı şəxsə güzəştə gedilməsi nəzərdə tutlmayıb. Elçin Muradov bu qənaətdədir ki, rayon rəhbərliyi torpaq sahələrini qanunsuz satmaq üçün Vətən müharibəsi şəhidlərinin ailələrindən və qazilərindən sui-istifadə edir.

Xatırladaq ki, Elçin Muradov il yarım bundan əvvəl də eyni məsələ ilə əlaqədar “Dəryaz” qəzetinə müraciət etmiş və qəzetimizin “Deryaz.az” veb-saytında 22.06.2022-ci il tarixli “Abşeronda gödəniyyəti mədəniyyətdən üstün tutanlar” sərlövhəli məqalə dərc olunmuşdu. Görünür, ötən il yarım ərzində cənab Abdin Fərzəliyevin torpaq siyasətində qanunun xeyrinə heç nə dəyişməyib.

Mövzunu davam etdirəcəyik