Rusiyanın strateji neft emalı zavodları artan xərclər və təhlükəsizlik riskləri ilə qarşı-qarşıyadır.
Musavat.com Reuters-in eksklüziv məlumatına əsaslanaraq yazır ki, Tüapsinski, İlçinski və Novoşaxtinski kimi iri zavodlar istehsalı dayandırıb və ya ciddi şəkildə azaldıb. Yüksək xam neft qiymətləri və kredit faizlərinin fəlakət səviyyəsinə çatması, sənayenin dözüm həddini aşmağa başlayıb.
Mövcud vəziyyəti daha da ağırlaşdıran amillər arasında Qərb sanksiyaları və Ukrayna münaqişəsi fonunda baş verən pilotsuz uçuş aparatlarının (PUA) dağıdıcı hücumları da yer alır. Neft sənayesindəki bu xaos, Rusiyanın enerji nəhəngliyini sarsıda, hətta bazardan silə bilər. Vəziyyət o qədər ciddidir ki, bəzi zavodlar artıq bağlanma təhlükəsi ilə üz-üzədir.
Ekspertlər xəbərdarlıq edir: əgər bu çətinliklər davam edərsə, Rusiyanın daxili bazarı və enerji ixracatı tamamilə çökmə təhlükəsi altındadır. Bu, yalnız Rusiyanı deyil, dünya enerji bazarını da yeni və böyük bir böhranla üz-üzə qoya bilər.