Sözsüz ki, bu mükafatlar yalnız müstəsna xidmətləri olan şəxsiyyətlərə və qurumlara verilir. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın regional, qlobal miqyasda sülh quruculuğu prosesindəki aparıcı roluna beynəlxalq səviyyədə verilən ən yüksək qiymət hesab edilir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində əldə etdiyi mütləq Qələbə beynəlxalq hüququ bərpa etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiya döyüş meydanında qazanılan uğurun uzaqgörən diplomatik manevrlərlə möhkəmləndirilməsini təmin etdi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə yanaşı qlobal miqyasda sülhün təşviq edilməsinə də öz vacib töhfəsini vermiş oldu”.
Deputat bildirib ki, tarixi Zəfərdən sonra azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri və “Böyük Qayıdış” Proqramı hərbi Qələbənin necə mülki tərəqqiyə çevrilməsinin bariz nümunəsi kimi qlobal miqyasda da təqdir edilir: “Azərbaycanın müharibədən sonra təklif etdiyi sülh gündəliyi isə regional və qlobal əməkdaşlığı, beynəlxalq hüququn prinsiplərini özündə ehtiva edir. Bununla da rəsmi Bakının təklif etdiyi prinsiplər üzərində qurulan sülh gündəmi bölgədəki bütün xalqların rifahına xidmət edir. Məhz dağıdıcı müharibə ritorikasını quruculuq və bərpa prosesi ilə əvəz etməyi bacaran Azərbaycan yerləşdiyi coğrafiyada yeni bir reallıq yaradıb.
Bu bir reallıqdır ki, Azərbaycan bölgədə sabitliyin və sülhün əsas təminatçısıdır. Ölkəmiz həmçinin özünün strateji hədəflərinə doğru inamla irəliləməkdədir.
2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin, Ermənistanın Baş nazirinin iştirakı ilə əldə edilən tarixi razılaşmalar, nəhayət sülh sazişinin paraflanması, Zəngəzur dəhlizinin (Tramp marşurutu) açılması istiqamətində əldə olunan nəticələr bölgədə uzun on illiklər davam edən münaqişə sonrası mühüm bir mərhələnin başlanğıcıdır. Bununla da nəhayət Cənubi Qafqazda qalıcı sülhün və əməkdaşlığın, iqtisadi əlaqələrin inkişafı üçün başlıca zəmin yaranır ki, bu da region xalqları və dövlətləri üçün ən mühüm amil hesab edilir”.
Sevinc Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin layiq görüldüyü Şeyx Zayed Fondunun mükafatı böyük iradənin, ədalətli sülhün və Azərbaycanın seçdiyi əməkdaşlıq yoluna verilən ən yüksək qiymətdir: “Məhz ölkəmizin Liderinin diplomatik məharəti sayəsində Cənubi Qafqaz münaqişə zonası kimi deyil, qlobal sabitlik, logistika və enerji mərkəzi kimi qlobal miqyasda daha çox önə çıxmaqdadır. Bu nüfuzlu mükafat Azərbaycanın humanist addımlarına və sülh quruculuğuna verilən yüksək qiymətin təzahürü olmaqla yanaşı onun həyata keçirdiyi strateji layihələrə də verilən önəmi özündə birləşdirir.
Bu mənada Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Şeyx Zayed Fondu tərəfindən təsis olunmuş nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təkcə fərdi siyasi liderliyin deyil, bütövlükdə Azərbaycan dövlət modelinin beynəlxalq miqyasda qəbul edilməsinin və qiymətləndirilməsinin göstəricisidir. Eyni zamanda bu humanitar diplomatiyanın, multikultural dəyərlərin və regional sabitliyə yönəlmiş siyasətin qlobal səviyyədə necə rezonans doğurduğunu nümayiş etdirir.
Sözsüz ki, cənab Prezidentin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi uzunmüddətli və sistemli dövlət siyasətinin məntiqi nəticəsidir”.




