backend

Münhen platformasında Azərbaycanın artan nüfuzu və qlobal sabitliyə töhfəsi

Bu günlər tək Avropanın deyil dünyanın gözü Almaniyadadır. Münhen Təhlükəsizlik Konfransına dövlət və hökumət başçıları Avropanın üzləşdiyi dərin siyasi böhrandan çıxması üçün bir araya gəliblər. Düşünürəm ki, son 30 ildə Avropa bu gədər çətin geosiyasi vəziyyətlə üzləşməmişdir. Ukrayna-Rusiya müharibəsi, Avropa İttifaqına üzv dövlətlər arasında fikir ayrılığı problemləri daha da dərinləşdirmişdir. Prezident cənab İlham Əliyevin növbəti dəfə Münhen Təhlükəsizlik Konfransına dəvət olunması Azərbaycanın dünyada artan nüfuzundan, qlobal müstəvidə siyasi proseslərə təsir edə biləcək bir ölkə olmasından xəbər verir. Azərbaycan Münhendə iştirakçı bir dövlət kimi deyil problemlərin həllinə böyük töhfə verəcək bir ölkə kimi iştirak edir. Prezident cənab İlham Əliyev fevralın 13-də Münhendə Azərbaycan televiziya kanallarına müsahibəsində bu platformada Azərbaycanın tutduğu mövqeyini açıqladı. Çıxışında ölkə başçımız Azərbaycan Avrasiya məkanında olduqca önəmli bir dövlət olduğunu, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində dövlətimizin mövqeyini açıq şəkildə bildirdi. Avropanın bir sıra dövlət və hökumət başçılarının, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kollasla görüşü və müzakirə edilən məsələlər sübut edir ki, ölkəmiz tək region deyil, dünya üçün mühüm olan siyasi stabilliyə, iqtisadi tərəqqiyə töhfə verən ölkədir.
Prezident cənab İlham Əliyev Fransanın “Frans 24” televiziya kanalına Azərbaycan-Fransa münasibətləri, eləcə də Qarabağ separatçıları barədə müxbirin təxribat xarakterli suallarına verdiyi açıq və qətiyyətli cavabı dünya ictimaiyyətinə Azərbaycanın dönməz mövqeyini çatdırdı.
Azərbaycan hər zaman bütün dövlətlərlə dostluq, bərabərhüquqlu əlaqələrin qurulmasının tərəfdarı olmuşdur, o cümlədən 2020-ci il ikinci Qarabağ müharibəsinə qədər Fransa ilə isti münasibətlər mövcud olmuşdur. Fransa prezidentləri Azərbaycana, Azərbaycan Prezidenti cənab İlham Əliyev Fransaya səfərlər etmiş, iqtisadi, siyasi sahələri əhatə edən bir sıra sənədlər imzalanmışdı. Fransa və Azərbaycan şəhərləri arasında dostluq əlaqələri qurulmuşdur . Vətən müharibəsindən sonra antiterror əməliyyatlarından əvvəl Fransanın bir sıra dövlət və siyasi xadimləri qeyri-qanuni Qarabağa səfərlər etmiş, separatçılara dəstək göstərmişdilər. Bu şəxslər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı çıxmışdılar. Şübhəsiz ki, Azərbaycan güclü bir dövlət olaraq hər zaman suverenliyimizə və ərazi bütövlüyümüzə qarşı çıxan istənilən ölkəyə layiqli cavab verir. Fransanın bu qərəzli addımına qarşı da Azərbaycan layiqli cavab tədbirləri gördü. Azərbaycan Yeni Kaledoniya və Korsikaya dəstək verərək Fransanın bu ərazilərdəki qeyri-qanuni hərəkətlərini qəti şəkildə pisləyən bəyanatlar verdi. Son vaxtlar Fransa ölkəmizə qarşı yanlış siyasət həyata keçirdiyini anlayıb və Prezident Makron Azərbaycanla münasibətlərinin normallaşdırılması istiqamətində müsbət addımlar atmağa səy göstərir.
Prezident cənab İlham Əliyev Qarabağ separatçılarının Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlər törətdiyini xüsusi vurğuladı və onların məhkəməsinin açıq və şəffaf keçirildiyini və təqsirlərinin sübut edildiyini bildirdi. Həqiqətən də bu şəxslər Azərbaycan torpaqlarının işğalda saxlanılmasında yaxından iştirak etmiş, minlərlə azərbaycanlıların qətlə yetirilməsinə səbəbkar olublar. Onlar bilməliydilər ki, Azərbaycan dövlətinə və xalqına qarşı bu cür vəhşilik və cinayət törədənlərin cəzası ağır olacaq və haqlı olaraq öz cəzalarını alıblar. Düşünürəm ki, bu dövlətimiz və xalqımıza qarşı qanunsuz hərəkətlər törətmək istəyən hər kəsə dərs olacaq.
Prezident cənab İlham Əliyev Fevralın 14-də “Açıq dəhliz siyasəti, Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə çıxış etdi. Ölkə başçımız çıxışında Azərbaycan-Ermənistan arasında mövcud sülh barədə, eləcə də Avropa ilə Asiyanı birləşdirən TRİPP marşrutu ilə bağlı Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturu barədə məlumat verdi. Artıq 6 aydır Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır. Şübhəsiz ki, Avropa dövlətləri də başa düşür ki, bu reallığı yaradan Azərbaycan dövlətidir və regionda sülhün yaradılmasının memarı da məhz Azərbaycandır. Azərbaycan Ermənistanla bütün kommunikasiya xətlərini açmışdır. Bu gün tranzit ölkə olaraq Azərbaycandan keçməklə Ermənistana yüklər daşınır, eləcə də Azərbaycandan Ermənistana yanacaq məhsulları ixrac edilir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması üçün yeganə maneə Ermənistanın öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmasıdır. Ermənistan öz Konstitusiyasında dəyişiklik edib, bu iddiaları ləğv edərsə tezliklə iki dövlət arasında sülh sazışı imzalanar.
Azərbaycanın öz ərazisində inşa etdiyi müasir nəqliyyat logistika qovşağı Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Avropadan Asiyaya və əks istiqamətdə Azərbaycan üzərindən keçməklə yükdaşımalarının həcmi hər il artmaqdadır. Azərbaycanın yaratdığı bu marşrut xəttindən istifadə edən ölkələr öz iqtisadi imkanlarını xeyli yaxşılaşdırır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən öndə gedən ölkədir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan ondan çox Avropa ölkəsinə qaz ixrac edilir. Yaxın vaxtlarda Avropaya elektrik enerjisinin nəql olunması baş turacaq. Digər tərəfdən Mərkəzi Asiya dövlətlərində də istehsal olunan elektrik enerjisi Xəzər dənizi vasitəsilə Azərbaycandan keçməklə Avropaya çatdırılacaq. Bu Mərkəzi Asiya dövlətləri ilə Avropa dövlətləri arasında iqtisadi və siyasi əlaqələrin möhkəmləndirilməsinə Azərbaycanın böyük töhfə verməsinin sübutudur. Azərbaycan Avrasiya məkanına daxil olan bütün dövlətləri birləşdirən, onların iqtisadi dirçəlişinə musilsiz xidmət göstərən bir ölkədir. Bütün Avropa dövlətləri artıq bu həqiqəti qəbul edir və Azərbaycanın dost və etibarlı tərəfdaş ölkə olduğunu vurğulayırlar.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor