backend

Dron hücumu molla rejiminin riyakar mövqeyinin göstəricisidir

“Azərbaycanın xarici siyasəti beynəlxalq hüquq normalarına, mehriban qonşuluq, qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanır. Ölkəmiz qonşu dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əlaqələrə böyük önəm verir. İran ətrafında baş verən proseslərlə bağlı dövlətimizin mövqeyi də bunun göstəricisidir. Lakin İranın Azərbaycana münasibətdə siyasəti heç də birmənalı deyil”.  Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, regionda sabitliyin təmin olunması, münaqişələrin dinc yolla həlli dövlətimizin prinsipial mövqeyidir. Yaxın regionlarda, qonşu dövlətlərin ərazilərində baş verən hərbi toqquşmalar ciddi narahatlıq doğurur. Rəsmi Bakı tərəfləri maksimum təmkinli olmağa və problemləri danışıqlar yolu ilə həll etməyə çağırıb. Eyni zamanda, Azərbaycan öz ərazisindən heç kimin İrana qarşı fəaliyyəti üçün icazə verməyəcəyini bəyan edib. Çünki İran Azərbaycanın yaxın qonşusudur, bu ölkədə milyonlarla azərbaycanlı yaşayır. Belə olan halda, İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dron hücumu anlaşılan deyil və qəbulolunmazdır. Bu hücum beynəlxalq hüquq normaların zidd olmaqla yanaşı İran rejiminin riyakar mövqeyinin göstəricisidir. İran rejimi indiyədək dəfələrlə ölkəmizə qarşı təxribatlar edib, təhdidlər səsləndirib. Xüsusilə, dövlətimiz öz ərazi bütövlüyünü bərpa etdikdən sonra təhdidlər daha çox artdı. Lakin molla rejimi Azərbaycan dövlətinin və onun Liderinin qətiyyəti qarşısında geri çəkilməyə məcbur olmuşdu. 
Millət vəkilinin sözlərinə görə, bir neçə gün əvvəl İranın ölkəmizdəki səfiri mətbuat konfransı keçirərək dövlətimizə və xalqımıza təşəkkür etmişdi. Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali Liderinin ölümü ilə bağlı başsağlığı verib, bu ölkənin səfirliyini ziyarət edib. Bu fakt göstərir ki, ölkəmiz mehriban qonşuluq siyasətinə hər zaman sadiqdir. Belə bir şəraitdə İran tərəfindən Naxçıvan ərazisində mülki obyektlərin, mülki vətəndaşların istifadə etdiyi hava limanının hədəf alınması dinc sakinlərə və mülki infrastruktura qarşı terror aktı kimi qiymətləndirilməlidir. Digər tərəfdən, İran Silahlı Qüvvələrinin Naxçıvan ərazisinə dronla hücumu molla rejiminin nankorluğu ilə yanaşı acizlik və qorxaqlıq əlamətidir. Çünki mülki əhaliyə və infrastruktura hərbi zərbə endirmək acizlərin işi ola bilər. Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında dediyi kimi, biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. “Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin”, -deyə Müzəffər Ali Baş Komandan bəyan edib.
“Nəzərə alınmalıdır ki, Azərbaycan güclü dövlətdir və istənilən təhdidlərə qarşı qətiyyətlə cavab vermək iqtidarındadır. Ümid edirik ki, rəsmi Tehran bu insidentlə bağlı lazımi izahat verəcək, dövlətimizdən və xalqımızdan üzr istəyəcək. Eyni zamanda, bu rejim soydaşlarımıza münasibəti dəyişməli, onların fundamental hüquqlarını təmin etməlidir. Milyonlarla soydaşımızın təməl hüquqlarının pozulması yolverilməzdir”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.