backend

Elnarə Akimova: İrəvanda Türkiyə bayrağının yandırılması Azərbaycan–Türkiyə birliyinə qarşı açıq təxribatdır

Milli Məclisin deputatı Elnarə Akimova 23 aprel tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən “məşəl yürüşü” zamanı Türkiyə bayrağının yandırılması ilə bağlı paylaşım edib.

Deputat bildirib ki, bu kimi addımlar bölgədə sülhə, sabitliyə və normal qonşuluq münasibətlərinə ciddi zərbə vurur və qisasçılıq düşüncəsi ilə yaşayan qüvvələrin hələ də mövcud olduğunu göstərir.

Onun sözlərinə görə, bayraq hər bir dövlətin şərəfini, tarixini və milli kimliyini ifadə edir və ona qarşı edilən hörmətsizlik milyonlarla insanın dəyərlərinə qarşı yönəlmiş açıq təxribatdır. Bu cür davranışların “etiraz” kimi təqdim olunması isə sivil siyasi mədəniyyətə ziddir.

Elnarə Akimova qeyd edib ki, siyasi mövqelər nifrət nümayişi ilə deyil, dialoq və hüquqi müstəvidə ifadə olunmalıdır. Bayraq yandırmaq isə zəifliyin və məğlubiyyət psixologiyasının göstəricisidir.

Deputat əlavə edib ki, Azərbaycan–Türkiyə strateji müttəfiqliyi təkcə iki dövlət arasında münasibət deyil, regionun geosiyasi balansını müəyyən edən mühüm amildir. “Bir millət, iki dövlət” prinsipi real siyasi iradəyə əsaslanır və bu birliyi heç bir təxribat sarsıda bilməz.

44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqların Azərbaycanın qələbəsi ilə nəticələndiyini vurğulayan Akimova, bu reallığı qəbul etməyən qüvvələrin hələ də keçmiş düşüncə ilə hərəkət etdiyini qeyd edib.

Sonda deputat bildirib ki, Türkiyə bayrağına qarşı edilən bu addım əslində Azərbaycan–Türkiyə birliyinə qarşı yönəlmiş simvolik hücumdur, lakin bu cür təxribatlar iki ölkə arasındakı qardaşlıq münasibətlərinə təsir göstərə bilməz.