backend

Azərbaycan beynəlxalq ədalət məsələsində prinsipial mövqe sərgiləyən dövlətdir

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən 8-ci Zirvə görüşündəki çıxışı təkcə cari siyasi vəziyyətin təsviri deyil, həm də Azərbaycanın formalaşdırdığı yeni siyasi reallıqların açıq təqdimatı idi. Bu çıxışda dövlətlərin suverenliyinə birmənalı hörmətlə yanaşılması və onun müdafiəsi, praqmatik sülh siyasəti və xarici təsirlərə qarşı balanslı, lakin sərt mövqe sərgilənməsi kimi əsas prinsiplər konkret şəkildə ortaya qoyuldu.
Çıxışın ən mühüm məqamlarından biri Azərbaycanın “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün cari ildə İrəvanda keçirilməsini dəstəkləməsi və bunun qarşılığında da Ermənistanın 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda keçirilməsini dəstəkləməsi faktıdır. Bu, formal diplomatik jestdən daha çox, regionda yeni reallığın Azərbaycanın təqdim etdiyi çərçivədə qəbulunun göstəricisidir. Dövlətçilik baxımından bu, Azərbaycanın artıq yalnız hərbi deyil, siyasi və diplomatik müstəvidə də təşəbbüsü ələ aldığını göstərir.
Sülhün praktik nəticələri ilə bağlı təqdim olunan faktlar isə bu siyasətin yalnız bəyanat səviyyəsində olmadığını sübut edir. Ermənistanın onilliklər ərzində blokada şəraitində yaşamasına baxmayaraq, Azərbaycanın birtərəfli şəkildə tranzit məhdudiyyətlərini aradan qaldırması və artıq 28 min ton yükün bu marşrutla daşınması dövlətin strateji düşüncə tərzindən xəbər verir. Daha da əhəmiyyətlisi, enerji məhsullarının – benzin və dizelin Ermənistana ixracı faktiki olaraq iqtisadi və ticari əlaqə mexanizminin işə salınmasıdır. Bu isə sülhün davamlı təminatlarından biridir.
Eyni zamanda, çıxışda səsləndirilən tənqidlər Azərbaycanın xarici siyasətində yeni mərhələyə keçidi nümayiş etdirdi. Avropa Parlamenti və AŞPA-nın açıq şəkildə ikili standartlarda ittiham edilməsi artıq passiv müdafiə deyil, aktiv siyasi cavabdır. Dövlətçilik baxımından bu, vacib dönüş nöqtəsidir. Çünki uzun illər beynəlxalq platformalarda selektiv yanaşmalara məruz qalan Azərbaycan indi bu yanaşmanı açıq şəkildə ifşa etməyi və öz narrativini formalaşdırmağı seçir.
Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra sanksiya və təzyiqlərlə üzləşir. Bu isə beynəlxalq münasibətlərdə “güc və hüquq” dilemmasını bir daha ortaya qoyur. Prezidentin çıxışında bu ziddiyyət açıq şəkildə qabardıldı və beləliklə, Azərbaycan özünü yalnız regional aktor kimi deyil, həm də beynəlxalq ədalət məsələsində prinsipial mövqe tutan dövlət kimi təqdim etdi.
Avropa Parlamentinə yönələn sərt ittihamlar isə daha geniş kontekstdə qiymətləndirilməlidir. Burada məqsəd təkcə konkret qurumu tənqid etmək deyil, həm də beynəlxalq gündəmin selektiv formalaşdırılmasına açıq etirazdır. Yəni mesaj aydındır: daxili problemlərini həll edə bilməyən strukturların başqa dövlətlərə siyasi təzyiq göstərməsi qəbuledilməzdir.
Bununla paralel olaraq, Azərbaycanın sülh gündəliyinə sadiqliyinin vurğulanması dövlət siyasətində balansın qorunduğunu göstərir. Bir tərəfdən sərt ritorika, digər tərəfdən real əməkdaşlıq addımları, bu kombinasiya müasir dövlətçilikdə “sərt güc” və “yumşaq güc”ün sintezidir. Ermənistanla ticarətin başlanması, nəqliyyat xətlərinin açılması və beynəlxalq təşəbbüslərin dəstəklənməsi bu siyasətin praktik ifadəsidir.
Ümumilikdə, Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən 8-ci Zirvə görüşündəki çıxışı Azərbaycanın öz suverenliyini kompromissiz qoruyan, eyni zamanda regionda sülhü təşviq edən və beynəlxalq müstəvidə artıq müdafiə olunan yox, mövqe formalaşdıran aktor olduğunu ortaya qoydu. Dövlətçilik baxımından bu, zəif reaksiyadan və müdafiədən güclü təşəbbüsə keçidin bariz nümunəsidir.
Vasif Qafarov
Milli Məclisin deputatı