backend

Sevinc Hüseynova: Prezident İlham Əliyevin çıxışı dayanıqlı inkişaf və regional sabitlik mesajı verdi

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında mühüm məsələlərdən bəhs edib. Sözsüz ki, Bakıda belə bir mötəbər tədbirin keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişaf modeli, beynəlxalq əməkdaşlıq strategiyası, regional təhlükəsizlik məsələləri və gələcək inkişaf prioritetləri baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı da çıxışında Azərbaycanın son onilliklər ərzində əldə etdiyi nailiyyətlər, həyata keçirilən islahatlar, beynəlxalq tərəfdaşlıq əlaqələri və strateji hədəflər ətraflı şəkildə diqqətə çatdırılıb.
Bu sözləri Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev çıxışında ilk növbədə Azərbaycan ilə İslam İnkişaf Bankı Qrupu arasında mövcud olan səmərəli əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirib:
“Vurğulanıb ki, Azərbaycanın ikinci dəfə İllik Toplantılara ev sahibliyi etməsi tərəflər arasında qarşılıqlı etimadın, uğurlu tərəfdaşlığın və uzunmüddətli əməkdaşlığın göstəricisidir. Bank tərəfindən ölkəmizdə həyata keçirilən islahatlara verilən dəstək, xüsusilə infrastruktur, enerji, kənd təsərrüfatı və regional inkişaf sahələrində mühüm rol oynayır.
Dövlətimizin başçısı tərəfindən Azərbaycanın müstəqillik dövründə keçdiyi inkişaf yolu geniş şəkildə xarakterizə edilib. Müstəqilliyimizin ilk illərində mövcud olmuş müharibə, işğal və daxili siyasi gərginliklərə baxmayaraq, sonrakı dövrdə əldə olunan siyasi sabitlik davamlı inkişafın əsasını təşkil edibr. Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın inkişaf modelinin əsas sütunları olmaqla yanaşı, ölkənin regional və beynəlxalq nüfuzunun artmasına da mühüm töhfə verib.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqedən bəhs ölkəmizin başçısı dövlətimizin müstəqil xarici siyasət kursunun beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda əldə etdiyi uğurlar, o cümlədən BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və Qoşulmama Hərəkatına uğurlu sədrlik etməsi ölkənin artan beynəlxalq nüfuzunun göstəricisidir. Bu nailiyyətlərin dövlətimizin balanslaşdırılmış xarici siyasətinin və beynəlxalq əməkdaşlığa verdiyi önəmin nəticəsi olduğu vurğulanıb.
Ölkəmizin başçısının çıxışında həmçinin iqtisadi inkişaf məsələləri xüsusi yer tutub. Qeyd edilib ki, son illər ərzində ölkədə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm nəticələr əldə olunmuş, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payı 70 faizdən çox olub. Bununla yanaşı, qeyri-neft ixracının artırılması və yeni bazarlara çıxışın təmin edilməsi istiqamətində islahatların davam etdirilməsinin vacibliyi vurğulanıb.
Prezident İlham Əliyev Azərbaycanın əlverişli investisiya mühiti yaratdığını, xarici investisiyaların cəlbi üçün hüquqi və institusional bazanın formalaşdırıldığını da diqqətə çatdırıb.
Sözsüz ki, son iyirmi il ərzində ölkəyə yüz milyardlarla dollar həcmində investisiya qoyuluşunun həyata keçirilməsi bu siyasətin uğurlu nəticəsi kimi qiymətləndirilir.
Enerji təhlükəsizliyi və enerji diplomatiyası məsələləri də bu xüsusda mühüm önəm kəsb edir. Azərbaycan bu gün regionun və Avropanın etibarlı enerji tərəfdaşlarından biridir. Xəzər hövzəsinin enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması məqsədilə həyata keçirilən strateji layihələr nəticəsində ölkə mühüm enerji təchizatçısına çevrilib. Hazırda Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayının 16-ya çatır ki, bu coğrafiyanın gələcəkdə daha da genişlənəcəyi də birmənalıdır”.
Deputat bildirib ki, dövlətimizin başçısı çıxışında eyni zamanda  yaşıl enerji sahəsində həyata keçirilən layihələrə xüsusi diqqət çəkib:
“Artıq imzalanmış müqavilələr əsasında 2032-ci ilədək ölkədə 8 giqavat həcmində günəş və külək enerjisi istehsal gücünün yaradılması nəzərdə tutulur. Bu layihələr Azərbaycanın enerji balansının şaxələndirilməsi, karbon emissiyalarının azaldılması və enerji ixrac imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Nəqliyyat və logistika sahəsində əldə olunan nailiyyətlərdən danışan Prezident İlham Əliyev Azərbaycanın Avropa və Asiyanı birləşdirən mühüm tranzit mərkəzinə çevrildiyini vurğulayıb. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəticəsində ölkənin regional və qlobal ticarət əlaqələrində rolu əhəmiyyətli dərəcədə artıb. Gələcək dövrdə Azərbaycanın ərazisindən keçən yükdaşımaların həcminin iki dəfə artırılması hədəfi qarşıya qoyulub.
Dövlətimizin başçısı çıxışında eyni zamanda sosial siyasət məsələlərinə də geniş yer verib. Son illər ərzində əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən proqramlar nəticəsində yoxsulluq və işsizlik səviyyəsinin təxminən 5 faizə qədər azaldığı qeyd edilib. Eyni zamanda, əhalinin artımı fonunda yeni iş yerlərinin yaradılması, sosial infrastrukturun genişləndirilməsi və insan kapitalının inkişaf etdirilməsi istiqamətində fəaliyyət davam etdirilir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası məsələsinə də toxunub. Qeyd edilmişdir ki, uzun illər davam edən münaqişənin nəticəsində ölkə ciddi humanitar problemlərlə üzləşmiş, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 2020-ci ildə baş vermiş Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin edilib. Dövlət başçısı münaqişədən sonrakı dövrdə Azərbaycanın sülh təşəbbüsü ilə çıxış etdiyini və regionda davamlı sabitliyin təmin olunmasının tərəfdarı olduğunu da diqqətə çatdırıb”.
Sevinc Hüseynova vurğulayıb ki, ölkəmizin başçısının da bəyan etdiyi kimi bu gün azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla icra edilir:
“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir şəhərsalma konsepsiyalarına uyğun olaraq yaşayış məntəqələri, nəqliyyat infrastrukturu, enerji və su təsərrüfatı obyektləri inşa edilir. Bu məqsədlə dövlət büdcəsindən və digər mənbələr hesabına milyardlarla dollar vəsait ayrılıb. Hazırda on minlərlə insanın doğma torpaqlarına qayıdaraq yaşaması və fəaliyyət göstərməsi həyata keçirilən proqramların uğurlu nəticəsi kimi qiymətləndirilir.
Ölkəmizin başçısı tərəfindən həmçinin Azərbaycanın qarşıdakı dövr üçün əsas inkişaf prioritetləri bir daha diqqətə çatdırılıb. Bu prioritetlər sırasında nəqliyyat-logistika potensialının artırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, kənd təsərrüfatının modernləşdirilməsi, bərpaolunan enerji layihələrinin genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı və beynəlxalq əməkdaşlığın daha da dərinləşdirilməsi xüsusi yer tutur.
Ümumilikdə, İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantılarının açılış mərasimində səsləndirilən fikirlər Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərini əks etdirir. Ölkəmizin başçısının çıxışı Azərbaycanın iqtisadi gücünün artırılması, beynəlxalq tərəfdaşlığın genişləndirilməsi, regional sabitliyin möhkəmləndirilməsi və dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində həyata keçirilən siyasətin ümumi mənzərəsini təqdim edən mühüm proqram xarakteri daşıyır”.