Azərbaycan və Slovakiya arasında yaxın tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı yüksələn templə və uğurla davam etməkdədir. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər, hökumət nümayəndə heyətlərinin görüşləri, biznes-forumların keçirilməsi siyasi və iqtisadi təmasları daha da artırmaqdadır. Tərəflərin ortaq maraqlara xidmət edən təşəbbüsləri əməkdaşlıq formatını əsas gündəliyə çevirərək regionda yeni yaradılan enerji-kommunikasiya və nəqliyyat xətlərində birgə təmsil olunmaq iradəsini əks etdirir.
Azərbaycan və Slovakiya qlobal və regional platformalarda da birgə mövqe nümayiş etdirərək sülh və rifaha yönələn qətiyyətli fəaliyyətlərə töhfə verirlər. İki dövlət arasında 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və digər mühüm sənədlər ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm hüquqi baza yaradaraq dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə çatdırıb.
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin iyulun 14-də Azərbaycana rəsmi səfəri strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirməklə, çoxşaxəli əməkdaşlıq üçün güclü zəmin yaradır. Cənab Pelleqrininin Azərbaycanın zəfər simvollarından biri olan mədəniyyət paytaxtımız olan Şuşa şəhərində rəsmi qarşılanma mərasimi isə xüsusi rəmzi məna daşımaqla Slovakiya və onun dövlət başçısına olan hörmətin ifadəsi hesab edilə bilər. Slovakiya Prezidentinin onu müşayiət edən hökumət üzvlərindən ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana gəlişi ikitərəfli gündəliyin kifayət qədər geniş və çoxşaxəli olmasını göstərir.
Prezidentlər arasında keçirilən geniş tərkibdə görüş zamanı verilən mesajlar da münasibətlərin strateji xarakter daşıdığını bir daha təsdiqləyir. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkələrimiz arasında fəal dialoq mövcuddur, hər iki ölkə əlaqələrin irəliləməsi və görmək istədiyi istiqamətlərdə birgə və ardıcıl iradə nümayiş etdirir.
Prezidentlərin mətbuata bəyanatlarında səsləndirilən fikirlərdən də aydın olur ki, qarşılıqlı etimad və dərin hörmət əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə, bütün sahələrdə etibarlı mühit formalaşdırıb. Bu gün Azərbaycan-Slovakiya əlaqələri çox yüksək səviyyədədir. Müntəzəm xarakter daşıyan ali və yüksək səviyyəli siyasi təmasların dinamikası və həyata keçirilən layihələr bunu əyani şəkildə göstərir. Hər iki tərəf təkcə dialoq yox, praktiki işlərlə əlaqələrin səviyyəsini nümayiş etdirir.
İqtisadi-ticari əlaqələr, energetika və hərbi-texniki sahədə əməkdaşlıq uğurla davam edir. Slovakiya Qarabağın bərpasında fəal iştirak edir və Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti “Ağıllı kənd” layihəsini icra edir, Prezident Peter Pelleqrinin səfər zamanı həmin kəndə səfəri və yeni layihələrdə təmsil olunmaq niyyətini bəyan etməsi bir daha dost Slovakiya dövlətinin Qarabağın quruculuğunda Azərbaycanın yanında olmasının nümunəsidir.
Slovakiya Prezidentinin mətbuata bəyanatında xatırlatdığı kimi, ölkələrimiz arasında strateji tərəfdaşlıq sadə formal bəyannamə deyil, münasibətlər standart diplomatik əlaqələrin hüdudlarını xeyli aşır.
Slovakiya praqmatik münasibətlər qurur, özünə tərəfdaş və dost axtarır, qürurverici haldır ki, Azərbaycan onların sırasında ön yerlərdən birini tutur. Ölkədəki enerji böhranı zamanı Azərbaycanın operativ dəstəyini slovak xalqı unutmur və o hadisə Azərbaycanın etibarını daha da möhkəmləndirir.
Azərbaycanı mühüm regional iştirakçı, sabitliyin və inkişafın qarantı adlandıran Slovakiya Prezidenti ölkəmizi həm də Şərqlə Qərbi birləşdirən logistika və nəqliyyat marşrutlarının əsas qovşağı hesab edir. Cənubi Qafqazın ən böyük iqtisadiyyatı olan, Asiya və Avropa ilə kəsişməsində yerləşən enerji, qeyri-enerji resurslarına və əlverişli coğrafi üstünlüyə malik Azərbaycanla regional proqramlarda müştərək addımlar atmağı hədəfləyir, nəqliyyat bağlantıları və nəqliyyat sahəsində əməkdaşlığa böyük önəm verir.
Slovakiya ilə Azərbaycan arasında münasibətlər turizm sahəsində də yeni imkanlar yaratmaqdadır. Viza rejiminin aradan qaldırılması hər iki ölkənin vətəndaşlarının səfərlərinin artmasına səbəb olur, oktyabrdan etibarən birbaşa uçuşların başlanması isə turizmlə bərabər biznes sahəsində də əməkdaşlığı asanlaşdıracaq.
Azərbaycan-Slovakiya biznes-forumu isə iqtisadi-ticari əməkdaşlığa töhfə verməklə, biznes dairələri arasında birgə işgüzarlığı gücləndirəcək, hər iki ölkəyə fayda gətirəcək yeni layihələrin əsasını qoyacaq.
Slovakiya tərəfi bölgədə sülh təşəbbüsləri ilə real praktik nəticələr əldə edən Azərbaycanın səylərini yüksək dəyərləndirir. Rusiya ilə Ukrayna müharibəsi, eləcə də Yaxın Şərqdəki böhran vəziyyətinin diplomatik həlli istiqamətində Prezident İlham Əliyevin səyləri ali səviyyədə alqışlanır.
Slovakiya Azərbaycanla müdafiə sənayesi sahəsində də əməkdaşlığın möhkəmlənməsində maraqlıdır. Sentyabrda Bakıda keçiriləcək müdafiə sərgisi müdafiə, təhlükəsizlik və müdafiə imkanları sahəsində əməkdaşlığı təşviq edəcək. 2027-ci və 2028-ci illərdə dost Slovakiyanın ölkəmizdəki Səfirliyinin NATO-nun Azərbaycanda Əlaqələndirici Səfirliyi qismində çıxış etməsi isə bu sahədə tərəfdaşlığın güclənməsinə yeni təkan verəcək.
Beləliklə, Prezident Peter Pelleqrininin ölkəmizə səfəri Azərbaycan və Slovakiya arasında strateji əməkdaşlığın güclənməsinə, siyasi, iqtisadi, humanitar sahələrdə ikitərəfli münasibətlərin daha da genişlənməsinə mühüm töhfə olacaq. Bu səfər qarşılıqlı ticari və investisiya imkanlarının yüksəlməsində yeni mərhələ açacaq.
Ramid Namazov
Milli Məclisin deputatı
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət





