backend

Deputatlar Müşfiq Məmmədli və Vüqar Bayramov “Birgə və Sağlam” Autizm Mərkəzini ziyarət ediblər

Milli Məclisin deputatları Müşfiq Məmmədli və Vüqar Bayramov “Birgə və Sağlam” İctimai Birliyinin Autizm Mərkəzini ziyarət ediblər.

Qaynarxett.az xəbər verir ki, ziyarət zamanı mərkəzin fəaliyyəti, autizm spektr pozuntusu olan şəxslərə və onların ailələrinə göstərilən xidmətlər, həyata keçirilən təhsil, reabilitasiya və sosial inklüzivlik layihələri ilə yaxından tanış olunub.
Mərkəzin rəhbəri Aytən Eynəlova deputatlara müəssisənin fəaliyyəti, icra olunan layihələr, tədris və reabilitasiya proqramları, eləcə də autizmli uşaq və gənclərin fiziki, psixoloji və sosial inkişafına yönəlmiş beynəlxalq proqramlar barədə ətraflı məlumat verib.
Görüş çərçivəsində deputatlar autizmli uşaqlarla və mərkəzin mütəxəssisləri ilə səmimi söhbətlər aparıb, həyata keçirilən işlər, əldə olunan nəticələr və qarşıda duran hədəflər ətrafında fikir mübadiləsi aparıblar.
Bildirilib ki, autizm spektr pozuntusu olan şəxslərin cəmiyyətə tam inteqrasiyasının təmin edilməsi, onların təhsil, reabilitasiya və sosial xidmətlərə çıxış imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə dövlət, ictimai sektor və cəmiyyət arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Sonda autizmli şəxslərin sosial rifahının yüksəldilməsi, onların potensialının inkişaf etdirilməsi və ailələrinə davamlı dəstəyin göstərilməsinin hər zaman diqqət mərkəzində saxlanılmasının önəmi qeyd olunub.