Keçdiyimiz günlərdə, 13 iyul 2026-cı il tarixində dünya mediasının diqqət mərkəzində olan aktual hadisələrdən biri dünyamızda baş verməkdə olan konfliktlər fonunda, eləcə də Azərbaycan həqiqətlərinin bir daha geniş işıqlanması üçün beynəlxalq mətbuatın sülhün təşviqinə hazırlığı ilə bağlı keçirilən və artıq ənənə halını almış Forumda Prezident İlham Əliyevin iştirakı idi.
Azərbaycan Prezidenti bu tədbirdə iştirak etməklə bir tərəfdən 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisatın bir araya gəldiyi, “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun mahiyyətini və dayanıqlı olmasını, o cümlədən müasir mətbuatın bütün istiqamətlərinin sağlamlaşmasını, habelə beynəlxalq jurnalistlər platforması vasitəsilə regionun yaranmış yeni geosiyasi reallıqlarını, Azərbaycanın Forumda qeyd olunduğu kimi, artıq orta gücə çevrilərək dünyada sülhün bərqərar olması üçün əzmini qlobal ictimaiyyətə bəyan etdi.Bu gün dünyamız həqiqətən də çox çətin zamanlar, transformasiya dövrünü yaşayır. Davam edən müharibələr, böyüməkdə olan münaqişə ocaqları, dünya dövlətlərinin bir-biri ilə anlaşa bilməməsi kimi məsələlər kritik həddə çatıb. Bu da, öz növbəsində, beynəlxalq medianın bir sıra suallarının formalaşmasına gətirib çıxarır. Təbii ki, gündəmdə duran ən əsas məsələ medianın sülhün təşviqində cəmiyyətə düzgün məlumatın çatdırılmasıdır.
Təəssüflər olsun ki, bu gün biz real həyatımızda dezinformasiya və qarayaxma kampaniyası kimi mənfi halların sıx-sıx şahidi oluruq. Lakin, bu kimi halların qarşısının alınması hər bir cəmiyyətin və ölkənin davamlı inkişafının təmin olunması üçün çox vacibdir.
Prezident İlham Əliyev üç saata yaxın davam edən görüşündə ən həssas məsələlərə toxunaraq, jurnalistlərin bütün suallarına mükəmməl, səlis və səmimi cavab verdi, Azərbaycanın qarşısında duran çağırışların yerinə yetirildiyini bir daha Qlobal Media Forumu vasitəsi ilə bütün dünyaya çatdırdı.
Forumda müzakirə olunan məsələlərdən biri də, AŞPA ilə Azərbaycan arasında yaranmış münasibət oldu. Dövlət başçısı çıxışında da vurğuladığı kimi, Azərbaycanın artan geosiyasi əhəmiyyəti, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı strateji rol, eləcə də ölkəmizin etibarlı tərəfdaş kimi formalaşdırdığı nüfuz Avropa İttifaqı, xüsusilə Avropa Komissiyası ilə münasibətlərin yeni mərhələyə qədəm qoymasına əlverişli zəmin yaradır. Bu amillər Avropa İttifaqı rəhbərliyinin Azərbaycana səfərlərinin intensivləşməsini, siyasi dialoqun genişlənməsini və qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsini şərtləndirir.
Belə ki, Azərbaycan indiyədək Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri məsuliyyətlə yerinə yetirib, həyata keçirilən layihələrin icrasında yüksək etibarlılıq və peşəkarlıq nümayiş etdirib. Xüsusilə enerji, nəqliyyat, yaşıl enerji və regional bağlantılar sahəsində əldə olunan nəticələr ölkəmizin Avropa üçün strateji tərəfdaş statusunu daha da möhkəmləndirib. Təsadüfi deyil ki, 2022-ci ildən, yəni son dörd ilə yaxın müddətdə ölkəmiz Avropa İttifaqına qaz tədarükünü 65 faiz artırıb.
Bununla yanaşı, Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyası ilə də münasibətlərə toxunaraq bildirdi ki, son illərdə bu platformada əməkdaşlığın dayanıqlılıq, qarşılıqlı etimad və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında inkişafına mane olan yanaşmalar müşahidə olunub. Xüsusilə ikili standartların tətbiqi, qərəzli siyasi mövqelər, ayrı-seçkilik xarakterli qərarlar AŞPA ilə münasibətlərə mənfi təsir göstərib və təşkilatın obyektivliyinə dair ciddi suallar yaradıb.
Ölkə başçısının vurğuladığı kimi, “Beş il ərzində onlar Azərbaycanı hədəfləyən 13 qətnamə qəbul ediblər və onlardan heç biri bizim üçün vacib deyil, onlardan heç biri burada hər hansı məsələyə təsir etmir.”
Bununla belə, Azərbaycan hər zaman konstruktiv dialoqun tərəfdarı olub, beynəlxalq təşkilatlarla əməkdaşlığını qarşılıqlı hörmət, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik əsasında qurmağa üstünlük verib. Əlbəttə, gələcəkdə AŞPA ilə münasibətlərin yeni formatda, qarşılıqlı etimad, bərabərlik, tam bərpa etdiyimiz suverenliyimizə hörmət və siyasi qərəzdən uzaq əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsi həm təşkilatın nüfuzunun artmasına, həm də Avropa məkanında sağlam dialoqun formalaşmasına xidmət edəcəkdir.
Beləliklə, Azərbaycanın həyata keçirdiyi sülhsevər siyasət, regional sabitlik və əməkdaşlığa verdiyi töhfələr, eləcə də IV Şuşa Qlobal Media Forumu vasitəsilə beynəlxalq tərəfdaşlıqlara açıq mövqeyini bəyan etməsi ölkəmizin beynəlxalq institutlarla münasibətlərinin gələcəkdə qarşılıqlı etimad üzərində daha dayanıqlı şəkildə inkişaf edəcəyini ortaya qoyur.
Məzahir Əfəndiyev,
Milli Məclisin deputatı







