backend

Ən böyük problem yaxşı maaşlı işdir… – Deputat

“İmişli daxil bütün Azərbaycanın əsas problemini yaxşı əməkhaqqı verilən iş yerlərinin azlığında görürəm. İnsanların hər biri normal yaşamalarına bəs edəcək iş istəyir. Təəssüf ki, bir deputat kimi mənim nə zavodum, nə də fabrikim var ki, işsiz şəxsləri yerləşdirəm. Hətta öz qohumlarımın da əksəriyyəti işsizdir və hərdən məni buna görə qınayırlar. Bugünə qədər kimdən nə xahiş edə bilədimsə etmişəm, amma bu, köklü həll yolu deyil”.

Bunu İmişlidə, ümumilikdə regionlarda və ölkə miqyasında işsizlik problemini, kiçik və orta sahibkarlığın qarşısındakı bürokratik engəlləri və iqtisadi qərarların qəbulu zamanı xalqla məsləhətləşmələrin vacibliyini şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.
“İş Qurub Pul Qazanmaq Çətinləşib, Liberallaşma Şərtidir”
Millət vəkili ölkədə yeni iş yerlərinin açılması üçün sahibkarlara geniş azadlıqların verilməsinin və kiçik biznesin dəstəklənməsinin vacibliyini diqqətə çatdırıb:
“Seçicilərim içərisində yanıma ən çox gələnlər sahibkarlar və yeni iş qurmaq istəyən şəxslərdir. Reallıq budur ki, Azərbaycanda iş qurub pul qazanmaq çox çətin bir prosesə çevrilib. İş yeri yaratmaqla bağlı tam sərbəstlik olmalı, iqtisadiyyatda ciddi liberallaşma getməlidir. Kiçik və orta sahibkarlıq inkişaf etməlidir ki, bu adamlar da öz növbəsində başqalarını işlə təmin edə bilsinlər. Dövlət sahibkarlara hərtərəfli kömək etməli, onların fəaliyyətinə mane olan amilləri ortadan qaldırmalıdır”.

“Qərarlar Qəbul Edilməzdən Əvvəl Fermer Və Sahibkarlarla Müzakirə Olunmalıdır”
MCP başqanı parlamentdə və hökumət səviyyəsində iqtisadi qərarlar verilməzdən öncə birbaşa yerlərdə xalqın və iş adamlarının fikirlərinin alınmasını təklif edib:
“Dəfələrlə Parlamentdə də bəyan etmişəm ki, hər hansı ciddi iqtisadi qərar verməmişdən əvvəl xalqın nümayəndələri ilə görüşmək, onların real problemlərini dinləmək lazımdır. Ən azından ölkənin 15-20 regionunda fermerlərlə, yerli sahibkarlarla geniş müzakirələr aparılmalı, sonra yekun qərar çıxarılmalıdır. İqtisadiyyatın inkişafı üçün kabinetlərdə oturmaq deyil, işin əsl sahibləri ilə canlı görüşlər keçirib onların praktiki təkliflərini almaq və həmin təkliflər əsasında dövlət qərarları qəbul etmək lazımdır”.