backend

Azər Kərimli: Media islahatları Azərbaycanın informasiya gücünü artırıb

Milli Məclisin deputatı Azər Kərimli: "Azərbaycan mediası yeni inkişaf mərhələsinə qədəm qoyub"
Azərbaycan milli mətbuatı 150 illik şərəfli inkişaf yolu keçərək bu gün ölkənin ictimai-siyasi həyatının, dövlət quruculuğu prosesinin və milli informasiya təhlükəsizliyi sisteminin ayrılmaz tərkib hissəsinə çevrilib.
Bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli Azərbaycan milli mətbuatının 151 illiyi münasibətilə Modern.az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, milli medianın inkişafı yalnız texniki və peşəkar yenilənmə ilə məhdudlaşmayıb, eyni zamanda dövlət tərəfindən həyata keçirilən siyasi, hüquqi və institusional islahatlarla müşayiət olunub.
"1993-cü ildən sonra media sahəsində keyfiyyətcə yeni mərhələ başlandı. Xüsusilə 1998-ci ildə senzuranın ləğv edilməsi Azərbaycan mediasının tarixində dönüş nöqtəsi oldu. Bu qərar jurnalist fəaliyyətinin daha sərbəst həyata keçirilməsinə və vətəndaşların informasiya əldə etmək hüququnun genişlənməsinə mühüm töhfə verdi", – deyə deputat vurğulayıb.
Azər Kərimlinin sözlərinə görə, sonrakı illərdə əsas diqqət media institutlarının dayanıqlığının artırılmasına, peşəkarlığın yüksəldilməsinə və iqtisadi əsasların möhkəmləndirilməsinə yönəlib.
"Medianın İnkişafı Agentliyinin yaradılması və 2021-ci ildə qəbul edilən "Media haqqında" Qanun bu istiqamətdə mühüm addımlar oldu. Yeni hüquqi baza rəqəmsal dövrün tələblərinə uyğun olaraq media mühitinin sağlamlaşdırılmasına, informasiya təhlükəsizliyinin təmin edilməsinə və jurnalistika peşəsinin nüfuzunun artırılmasına xidmət edir", – deputat bildirib.
Deputat qeyd edib ki, qlobal informasiya məkanında baş verən dəyişikliklər yeni imkanlarla yanaşı, ciddi çağırışlar da yaradır.
"Rəqəmsal platformaların sürətli inkişafı informasiya dövriyyəsini artırsa da, dezinformasiya və informasiya müharibəsi kimi riskləri də gücləndirib. Bu baxımdan milli informasiya resurslarının möhkəmləndirilməsi, yerli media məhsullarının rəqabət qabiliyyətinin artırılması və informasiya təhlükəsizliyinin qorunması xüsusi əhəmiyyət daşıyır", – deyə o vurğulayıb.
Azər Kərimli bildirib ki, 2026-cı ildə Media və Yayım Şurasının yaradılması media idarəçiliyində yeni institusional mərhələnin başlanğıcıdır.
"Bu qurumun fəaliyyəti çap, onlayn və audiovizual media arasında koordinasiyanın gücləndirilməsinə, innovasiyaların tətbiqinə, peşəkarlığın artırılmasına və dezinformasiyaya qarşı mübarizənin daha səmərəli təşkilinə xidmət edəcək", – deputat qeyd edib.
Millət vəkili əlavə edib ki, media subyektlərinə tətbiq olunan vergi güzəştləri, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, ipoteka imkanlarının genişləndirilməsi və digər dövlət dəstəyi mexanizmləri medianın iqtisadi dayanıqlığını artırır.
Deputatın sözlərinə görə, Azərbaycan mediası beynəlxalq informasiya məkanında da mövqeyini gücləndirib.
"Azərbaycan-Türkiyə media əməkdaşlığı, Birgə Media Platforması və Şuşada keçirilən Qlobal Media Forumları ölkəmizin beynəlxalq informasiya dialoqunda rolunu daha da artırır. Bu platformalarda rəqəmsallaşma, süni intellekt, media etikası və dezinformasiyaya qarşı mübarizə kimi aktual məsələlər müzakirə olunur", – deyə o bildirib.
Azər Kərimli vurğulayıb ki, Azərbaycan mediası həm Birinci Qarabağ müharibəsi, həm də 44 günlük Vətən müharibəsi dövründə informasiya cəbhəsində milli maraqların müdafiəsində mühüm rol oynayıb.
"Süni intellekt texnologiyalarının inkişafı, sosial şəbəkələrin təsirinin artması və media savadlılığına olan tələbat jurnalistikanın qarşısında yeni vəzifələr müəyyənləşdirir. Bu şəraitdə peşəkarlıq, obyektivlik, milli məsuliyyət və texnoloji yeniliklərə uyğunlaşma əsas prioritetlər olmalıdır", – deputat qeyd edib.
Sonda Azər Kərimli bildirib ki, Azərbaycan mediası 151-ci ildönümünü yeni inkişaf mərhələsində qarşılayır və gələcəkdə də dövlət maraqlarının müdafiəsində, cəmiyyətin operativ və obyektiv məlumatlandırılmasında mühüm rol oynamağa davam edəcək.