Cənab Prezident İlham Əliyevin iyulun 20-də Almaniyaya etdiyi rəsmi səfər Azərbaycanın son illərdə ardıcıl şəkildə həyata keçirdiyi fəal və balanslaşdırılmış xarici siyasətin növbəti mühüm uğuru kimi dəyərləndirilə bilər. Avropanın siyasi və iqtisadi baxımdan ən nüfuzlu ölkələrindən biri olan Almaniya ilə yüksək səviyyəli təmasların davam etdirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmləndiyini və etibarlı tərəfdaş statusunun gücləndiyini bir daha nümayiş etdirir. Müasir beynəlxalq münasibətlərdə uğurlu əməkdaşlıq yalnız siyasi bəyanatlarla deyil, qarşılıqlı etimad, davamlı dialoq və səmərəli əməkdaşlıq mexanizmləri üzərində qurulur.Dövlət başçısının Almaniyaya səfəri də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Almaniya Prezidenti ilə keçirilən təkbətək və geniş tərkibli görüşlər, Federal Kansler Fridrix Mertslə aparılan danışıqlar, eləcə də imzalanan sənədlər iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi üçün güclü siyasi iradənin mövcud olduğunu nümayiş etdirdi.
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri müxtəlif siyasi və iqtisadi güc mərkəzləri ilə qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlər qurmaqdır. Məhz bu siyasət ölkəmizin həm regional, həm də beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi nüfuz qazanmasına şərait yaradıb. Almaniya ilə yüksək səviyyəli əlaqələrin davamlı xarakter alması da həmin siyasətin uğurlu nəticələrindən biridir. Bu gün Azərbaycan Avropa üçün təkcə mühüm enerji təminatçısı deyil, eyni zamanda regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın vacib iştirakçısı kimi qəbul edilir. Səfər zamanı Prezident İlham Əliyevin Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə keçirdiyi görüş dövlətlərarası münasibətlərdə iqtisadi diplomatiyanın rolunu bir daha ön plana çıxardı. Qlobal iqtisadi maraqların siyasi münasibətlərə təsirinin artdığı indiki dövrdə işgüzar dairələrlə birbaşa əlaqələrin qurulması əməkdaşlığın praktiki nəticələrinin əldə olunmasını sürətləndirən mühüm amillərdən sayılır. Alman şirkətlərinin Azərbaycana artan marağı ölkəmizdə formalaşmış əlverişli investisiya mühitinin və həyata keçirilən iqtisadi islahatların beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini təsdiqləyir.
Azərbaycanın son illərdə beynəlxalq təşəbbüslərdə fəal iştirakı, enerji və nəqliyyat layihələrinin reallaşdırılmasında mühüm rol oynaması, regional əməkdaşlıq platformalarının inkişafına verdiyi töhfələr ölkəmizin diplomatik imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Elə buna görə də dünyanın aparıcı dövlətləri Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verirlər. Almaniyaya həyata keçirilən rəsmi səfər də bu reallığın növbəti təsdiqi kimi çıxış etdi. İki ölkə arasında imzalanmış sənədlər yalnız mövcud hüquqi bazanı daha da möhkəmləndirmir, eyni zamanda gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir. Həmin sənədlər siyasi dialoqun davamlı inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə və müxtəlif sahələrdə yeni layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradır. Əlaqələrin institusional əsaslar üzərində inkişafı isə əməkdaşlığın uzunmüddətli perspektivlərini daha da gücləndirir.
Bu gün Azərbaycan beynəlxalq aləmdə müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən və eyni zamanda qarşılıqlı faydalı əməkdaşlığa açıq olan dövlət kimi tanınır. Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və uzaqgörən xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunun artmasına, müxtəlif dövlətlərlə etimada əsaslanan münasibətlərin genişlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verir. Almaniyaya rəsmi səfərin yekunları da göstərdi ki, Azərbaycan–Almaniya münasibətləri qarşılıqlı hörmət, etimad və ortaq maraqlar prinsipləri üzərində uğurla inkişaf edir. Bu əməkdaşlığın gələcəkdə daha da genişlənməsi həm ikitərəfli əlaqələrin möhkəmlənməsinə, həm də Azərbaycanın Avropa ilə tərəfdaşlığının daha da dərinləşməsinə mühüm töhfə verəcək. Prezident İlham Əliyevin Almaniyaya səfəri ölkəmizin uğurlu diplomatik fəaliyyətinin və beynəlxalq mövqelərinin ardıcıl şəkildə gücləndiyini təsdiq edən növbəti mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət








