backend

Almaniyaya rəsmi səfər Azərbaycanın Avropa ilə strateji tərəfdaşlığında yeni mərhələdir – Fatma Yıldırım

Milli Məclisin deputatı Fatma Yıldırım Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına həyata keçirdiyi rəsmi səfəri Azərbaycanın xarici siyasətində növbəti mühüm diplomatik uğur kimi qiymətləndirib.
Deputat bildirib ki, səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, verilən bəyanatlar və imzalanan sənədlər Azərbaycanın Avropanın aparıcı dövlətləri ilə münasibətlərini qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və milli maraqlar prinsipi əsasında ardıcıl şəkildə inkişaf etdirdiyini bir daha nümayiş etdirib.
Onun sözlərinə görə, Azərbaycan ilə Almaniya arasında **“İkitərəfli tərəfdaşlıq üçün Strateji Gündəliyə dair Birgə Bəyannamə”**nin imzalanması münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu sənəd yalnız siyasi iradənin ifadəsi deyil, həm də gələcək illər üçün konkret əməkdaşlıq istiqamətlərini müəyyən edən mühüm yol xəritəsidir.
Fatma Yıldırım qeyd edib ki, Almaniya Avropa İttifaqının iqtisadi və siyasi baxımdan aparıcı dövlətlərindən biridir və belə bir ölkə ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, ölkəmizə olan etimadın və Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasətin uğurlu nəticəsidir. Onun fikrincə, bu əməkdaşlıq Avropa ilə Cənubi Qafqaz arasında etibarlı körpünün daha da möhkəmlənməsinə xidmət edir.
Deputat iqtisadi əməkdaşlığın da yeni mərhələyə qədəm qoyduğunu vurğulayaraq bildirib ki, Azərbaycanda yüzlərlə Almaniya şirkətinin fəaliyyət göstərməsi ölkədə formalaşdırılmış əlverişli investisiya mühitinin göstəricisidir. Qarşılıqlı sərmayələrin təşviqi, yeni investisiya layihələrinin həyata keçirilməsi və Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması iqtisadi əlaqələrin daha da dərinləşməsinə, yeni iş yerlərinin açılmasına və texnologiya transferinə mühüm töhfə verəcək.
Fatma Yıldırım enerji sahəsində əməkdaşlığın strateji əhəmiyyət daşıdığını da diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanın Almaniyaya təbii qaz ixracına başlaması ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiqləyir. Eyni zamanda yaşıl enerji sahəsində həyata keçirilən layihələr və Xəzərin bərpa olunan enerji potensialının Avropa bazarlarına çıxarılması istiqamətində görülən işlər gələcək əməkdaşlıq üçün geniş perspektivlər açır.
Deputatın sözlərinə görə, Orta Dəhlizin əhəmiyyətinin artdığı indiki dövrdə Azərbaycanın nəqliyyat və logistika imkanları Almaniya üçün də böyük maraq kəsb edir. Müasir limanlar, dəmir yolu və avtomobil infrastrukturu sayəsində Azərbaycan Şərqlə Qərbi birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrilib.
Fatma Yıldırım səfər zamanı Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhün təmin olunması məsələlərinin də xüsusi diqqət mərkəzində olduğunu qeyd edib. O vurğulayıb ki, Azərbaycan suverenliyini tam bərpa etdikdən sonra bölgədə qarşıdurma deyil, əməkdaşlıq, iqtisadi inteqrasiya və kommunikasiyaların açılması istiqamətində ardıcıl təşəbbüslərlə çıxış edir.
Deputat sonda bildirib ki, Almaniyanın Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək iradəsi, imzalanan sənədlər və əldə olunan razılaşmalar ölkəmizin Avropa ilə əməkdaşlığını qarşılıqlı fayda və etibarlı tərəfdaşlıq prinsipləri əsasında daha da genişləndirəcəyini göstərir.
“Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik, milli maraqlara söykənən və uzaqgörən xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərini ardıcıl şəkildə gücləndirir. Bu gün Azərbaycan təkcə enerji ixracatçısı deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm siyasi, iqtisadi və nəqliyyat platforması, regionda sülhün və əməkdaşlığın təşəbbüskarı kimi qəbul olunur”, – deyə Fatma Yıldırım vurğulayıb.