Tədbirin əsas məqsədi gənclərin dövlət qurumlarının fəaliyyəti, idarəetmə prinsipləri və dövlət qulluğunun əhəmiyyəti barədə məlumatlılığını artırmaq, onların ictimai fəallığını və dövlətçilik dəyərlərinə bağlılığını gücləndirmək olub.
Tədbirdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev bildirib ki, gənclərin dövlət idarəçiliyinə marağının artırılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi gələcəyin peşəkar kadr potensialının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu cür layihələr gənclərin dövlət qurumlarının fəaliyyəti ilə yaxından tanış olmasına, gələcək peşə seçimində düzgün istiqamət müəyyənləşdirməsinə və dövlətçilik ənənələrinə daha sıx bağlanmasına xidmət edir.
Mingəçevir Gənclər Evinin əməkdaşı Ləman Bəylərova isə çıxışında layihənin gənclərin şəxsi inkişafına, liderlik bacarıqlarının formalaşmasına və dövlət idarəçiliyi sahəsində praktik biliklər əldə etməsinə mühüm töhfə verdiyini vurğulayıb. O qeyd edib ki, belə maarifləndirici təşəbbüslər gənclərin gələcək uğurlarına möhkəm zəmin yaradır.
Layihə çərçivəsində iştirakçılar dövlət qurumunun iş prosesi ilə yaxından tanış olub, rəhbərliklə görüşərək onları maraqlandıran suallara cavab alıblar. Görüş zamanı dövlət idarəçiliyinin əsas istiqamətləri, vətəndaş müraciətlərinə baxılması, dövlət qulluqçularının hüquq və vəzifələri barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda gənclər təşkilatçılara təşəkkür edərək, bu cür layihələrin davamlı təşkilinin onların bilik və dünyagörüşünün inkişafına mühüm töhfə verdiyini bildiriblər. Sonda xatirə şəkli çəkdirilib.




