Qaynarxett.az xəbər verir ki, görüşdə Tuado kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Allahverdi İbrahimov, Tuado kənd tam orta məktəbinin direktoru Həmid Hüseynov və deputatın köməkçisi Valeh Mikayılov iştirak ediblər.
Deputat görüş zamanı Tuado kəndinin zəngin tarixi, füsunkar təbiəti və zəhmətkeş insanları haqqında danışaraq bildirib ki, dağlar və meşələrlə əhatə olunan bu yaşayış məntəqəsi vaxtilə bölgənin əsas taxılçılıq mərkəzlərindən biri olub. O qeyd edib ki, İkinci Dünya müharibəsindən sonrakı ağır aclıq illərində Tuado kəndinin zəhmətkeş sakinləri Cənub bölgəsinin aran kəndlərinin ərzaq təminatında mühüm rol oynayıblar.
Qəbul zamanı sakinlər kənddə mövcud problemlər və onların həlli istiqamətində təkliflərini deputatın diqqətinə çatdırıblar. Görüşdə yolların vəziyyəti, şagirdlərin məktəbə davamiyyəti, odun tədarükü, yeni iş yerlərinin yaradılması və digər sosial məsələlər geniş müzakirə olunub.
Anar İsgəndərov səsləndirilən müraciət və təkliflərin aidiyyəti dövlət qurumları qarşısında qaldırılacağını, onların həlli istiqamətində zəruri addımların atılması üçün müvafiq iş aparacağını bildirib.
Deputat vurğulayıb ki, Tuado kəndində keçirilən qəbul iyul ayı üzrə sonuncu vətəndaş qəbulu olub. O, göstərilən səmimi qonaqpərvərliyə görə kənd sakinlərinə təşəkkür edib, ona etimad göstərərək səs vermiş seçicilərlə bundan sonra da mütəmadi görüşəcəyini və onların problemlərinin həlli istiqamətində fəaliyyətini davam etdirəcəyini qeyd edib.











