backend

Azərbaycan qətiyyətli humanizm nümayiş etdirir… – Deputat

“Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri, Federal Kansler Fridrix Merts ilə imzalanan ‘Strateji Gündəlik’ və Azərbaycanın həm regional, həm də qlobal miqyasda sülh yaradan aktora çevrilməsi dövlətçiliyimizin ən böyük diplomatik qələbələrindən biridir. Vaşinqtonda əldə olunan tarixi sülh razılaşmasından sonra Azərbaycanın Ermənistana yanacaq təminatı və tranzit imkanları yaratması ölkəmizin sülh prosesinə nə qədər sadiq olduğunu əməldə sübut edir”.
Bunu Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.
“Praktiki Sülhə Keçid…”
Millət vəkili Azərbaycanın qlobal diplomatiyada diktə edən tərəfdən sülh və sabitlik yaradan dövlətə çevrildiyini, Almaniya və ABŞ-ın bu prosesdəki rolunu xüsusi vurğulayıb:
“Prezident İlham Əliyevin bəyanatında ən həlledici məqamlardan biri Cənubi Qafqazda sülh arxitekturasının tam qurulmasıdır. Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə sülh sazişinin paraflanması 30 il davam edən qanlı münaqişəyə birdəfəlik son qoydu. Dövlətçiliyimizin qüdrəti ondadır ki, biz sadəcə kağız üzərində sülh bağlamadıq, dərhal praktiki addımlara keçdik. Bu gün Azərbaycanın Ermənistanın enerji təhlükəsizliyinə töhfə verərək benzin və dizel yanacağı təchiz etməsi, o cümlədən 40 min tondan çox tranzit yükün ərazimizdən keçməsi görünməmiş bir humanizm və siyasi iradə göstəricisidir. Almaniya hökumətinin və xarici işlər nazirləri səviyyəsindəki görüşlərin bu prosesə verdiyi dəstək təqdirəlayiqdir”.
“Avropanın Enerji Və Nəqliyyat Körpüsü
MCP başqanı Almaniya ilə imzalanan Birgə Bəyannamənin ölkə iqtisadiyyatına və Avropanın enerji təhlükəsizliyinə verəcəyi nəhəng dividendləri diqqətə çatdırıb:
“Bu gün Azərbaycan artıq Avropa İttifaqına üzv olan 10 ölkəyə, o cümlədən birbaşa Almaniyaya öz təbii qazını ixrac edir. Bu ildən başlayan bu ixrac, gələcəkdə yaşıl enerji layihələri ilə daha da genişlənəcək. Bakıda fəaliyyət göstərən 200-dən çox Almaniya şirkətinin sayının ‘Azərbaycan-Almaniya Biznes Şurası’nın yaradılması ilə sürətlə artacağı şübhəsizdir. İqtisadiyyatımız üçün digər mühüm amil logistikadır. Ötən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olan Azərbaycan, indi Asiya ilə Avropa arasında əvəzolunmaz nəqliyyat körpüsüdür və Almaniya şirkətləri bu tranzit imkanlarından böyük fayda götürəcək”.
“Avropa İttifaqı İlə İnteqrasiya…”
Partiya sədri səfərin eyni zamanda Avropa İttifaqı-Azərbaycan münasibətlərinə verəcəyi strateji təkanlardan bəhs edib:
“Bu il həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm də Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərləri qlobal dünyanın Bakı ilə hesablaşdığının göstəricisidir. Almaniya Aİ-nin aparıcı gücü, lokomotividir. Federal Kansler Fridrix Merts ilə imzalanan ‘İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə’ münasibətlərimizi institusional və ən yüksək səviyyəyə qaldırır. Bu, təkcə ikitərəfli əlaqələrə deyil, bütövlükdə regionumuzun inkişafına, sülhə və uzunmüddətli əmin-amanlığa xidmət edən tarixi bir gedişdir”.