backend

İnternetdə yayılan bütün məlumatlar doğru və etibarlı olmur

Nəsib Məhəməliyev: "Saxta xəbərlər, manipulyativ məlumatlar və dezinformasiya uşaqların dünyagörüşünə mənfi təsir göstərə bilər"

Günümüzdə informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı sosial mediaya da təsirsiz ötüşməyib. Bu sferada fərqli seqmentlərin, platformaların yaranması cəmiyyətin sosial mediaya marağını daha da artırıb. Hətta deyərdim ki, artıq sosial media gündəlik həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Bu gün demək olar ki, 7-dən 77-yə hər kəs sosial medianın cəmiyyətə təqdim etdiyi müxtəlif platformalarda təmsil olunur. 

Qaynarxett.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib ki, sosial medianın müsbət tərəfləri ilə yanaşı, insanlara, xüsusilə uşaqlar və yeniyetmələrə yan təsirləri də var:

"Düzdür, əksər hallarda uşaqlar və yeniyetmələr sosial medianın onlara yaratmış olduğu imkanlardan yalnız ünsiyyət qurmaq, məlumat əldə etmək, təhsil sahəsində yeniliklərlə tanış olmaq üçün istifadə edirlər. Bununla paralel olaraq zaman-zaman qarşılaşdığımız mənfi tendensiyalar da vardır. Uşaq və yeniyetmələrin onların tərbiyəsinə mənfi təsir göstərə, psixoloji sağlamlıqlarını poza biləcək tətbiqlərdən istifadəsi kimi mənfi hallar təəssüflər olsun ki, geniş yayılmaqdadır. Bu baxımdan qanunvericilikdə uşaq və yeniyetmələrin sosial mediadan istifadəsinə məhdudiyyətlərin əksini tapması düşünürəm ki, zamanında atılmış addımdır. Artıq bir çox dünya ölkələrində bu cür addımlar atılıb, bəzi ölkələrdə konkret qadağalar tətbiq olunub. Burada məqsəd uşaq və yeniyetmələri tamamilə sosial platformalardan uzaqlaşdırmaq yox, onun daha səmərəli, ziyansız şəkildə istifadəsini təmin etməkdir. Ən əsası ondan ibarətdir ki, qanunvericlikdə nəzərdə tutulan dəyişikliklər uşaqları qorumağa xidmət edir".

Deputat qeyd edib ki, bununla ilk növbədə uşaqların rəqəmsal təhlükəsizliyi təmin olunacaq:

"Dələduzların uşaq və yeniyetmələrin şəxsi məlumatlarından istifadə edərək öz çirkin əməllərini reallaşdırmasının qarşısı alınacaq. Həmçinin, müəyyən mənada kiberbullinqin qarşısını almağa müvəffəq olacağıq. Bu bir danılmaz faktdır ki, son illərdə internet üzərindən təhqir, təzyiq, hədələmə və alçaldıcı paylaşımlara tez-tez rast gəlinir. Bu kimi mənfi hallarla sosial platformalarda təmsil olunan uşaq və yeniyetmələr də qarşılaşır. Qanunvericlikdə əksini tapan dəyişikliklər qeyd etdiyimiz mənfi tendensiyanın aradan qaldırılmasına da müsbət təsir göstərəcək. Ancaq bir məsələni də qeyd etmək yerinə düşər ki, bu prosesdə ailə və məktəbin üzərinə müəyyən məsuliyyət düşür. Həm ailə, həm də məktəb uşaq və yeniyetmələri yetərincə məlumatlandırmalı, maarifləndirməlidir ki, proses arzu etdiyimiz səviyyədə getsin".

Nəsib Məhəməliyev bildirib ki, sosial mediadan düzgün istifadə üzrə tədbirlər rəqəmsal savadlılığın inkişafında da mühüm rol oynayır:

"İnternetdə yayılan bütün məlumatlar doğru və etibarlı olmur. Saxta xəbərlər, manipulyativ məlumatlar və dezinformasiya uşaqların dünyagörüşünə mənfi təsir göstərə bilər. Buna görə də onlara informasiyanın mənbəyini yoxlamaq, müxtəlif mənbələri müqayisə etmək, tənqidi düşünmək və faktlarla rəyləri ayırd etmək bacarığı aşılanmalıdır. Bu bacarıqlar yalnız sosial media istifadəsində deyil, həm də təhsil və gələcək peşə fəaliyyətində böyük əhəmiyyət daşıyır.

Nəhayət, ən vacib məqam uşaqların psixoloji sağlamlığının qorunmasıdır ki, qanunvericlikdə dəyişikliklərin başlıca məqsədlrindən biri də budur. Sirr deyil ki, sosial mediadan həddindən artıq istifadə yuxusuzluq, diqqət dağınıqlığı, sosial ölatformalardan asılılıq kimi hallara gətirib çıxarır. Bütün bunlar isə ümumuilikdə uşaq və yeniyetmələrin psixoloji durumuna öz mənfi təsirini göstərir. Bəzi uşaqlar isə sosial şəbəkələrdə qarşılaşdıqları və cəmiyyət üçün arzuedilməz olan insanlara bənzəmək, onların hərəkətlərini təkrarlamağa meyilli olurlar. Yaxud, bəzi sosial şəbəkə seqmentlərinin təbliğ etdiyi həyat tərzini seçməyə üstünlük verirlər. Bu da qeyd etdiyimiz kimi onları ailədən, məktəbdən uzaq salır və psixoloji problemlər meydana çıxır. Bu mənada nəzərdə tutulan məhdudiyyətlər həm də uşaqların psixoloji sağlamlığının qorunmasına hədəflənib".