backend

Müşfiq Cəfərov V Milli Yaylaq Festivalının açılış mərasimində iştirak edib

Göygöl rayonunun Yeni Zod kəndi ərazisində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində V Milli Yaylaq Festivalının təntənəli açılış mərasimi keçirilib.

Üç gün davam edən festivalda rəsmi şəxslər, dövlət və özəl qurumların nümayəndələri, rayon ictimaiyyəti, şəhid ailələri və qazilər, media mənsubları, eləcə də yerli və xarici qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları arasında Milli Məclisin deputatı Müşfiq Cəfərov da yer alıb. Deputat festival çərçivəsində təşkil olunan milli-mədəni təqdimatlarla tanış olub, xalqımızın zəngin etnoqrafik irsini, qədim adət-ənənələrini və milli dəyərlərini əks etdirən sərgilərə baxış keçirib.
V Milli Yaylaq Festivalı çərçivəsində xalq sənətkarlığı nümunələri, milli mətbəx guşələri, folklor kollektivlərinin çıxışları, atçılıq və digər ənənəvi oyunlar nümayiş etdirilib. Festival Azərbaycanın zəngin mədəni irsinin təbliği, turizm potensialının artırılması və milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.