backend

Anar İsgəndərov: Azərbaycan dili – milli kimliyimizin və dövlətçiliyimizin əbədi dayağı

1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili Günü münasibətilə Milli Məclisin deputatı Anar İsgəndərov Azərbaycan dilinin tarixi inkişaf yolu, milli kimliyimizin qorunmasında oynadığı mühüm rol və dövlətimizin dil siyasəti ilə bağlı fikirlərini bölüşüb.

Deputat bildirib ki, Azərbaycan əlifbası tarixin müxtəlif mərhələlərində mühüm inkişaf yolu keçib. Orxon-Yenisey və Alban əlifbalarından başlayaraq ərəb, latın və kiril qrafikalarına qədər uzanan bu yol xalqımızın zəngin mədəni irsinin ayrılmaz hissəsidir. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə latın qrafikalı əlifbaya keçid istiqamətində mühüm addımlar atılsa da, 1920-ci il aprel işğalı bu islahatın həyata keçirilməsinə imkan verməyib.

Anar İsgəndərov vurğulayıb ki, 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında qanunun qəbul edilməsi, 2001-ci ildə isə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili Günü elan olunması milli-mənəvi dəyərlərimizin qorunması baxımından tarixi əhəmiyyət daşıyır.

Deputat Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fikirlərini xatırladaraq qeyd edib ki, dövlət başçısının həyata keçirdiyi ardıcıl siyasət nəticəsində ana dilimizin inkişafı və beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. O bildirib ki, Azərbaycan dili xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini yaşadan ən mühüm amillərdən biridir.

Anar İsgəndərov çıxışında Azərbaycan dilinin zənginliyinə diqqət çəkərək bildirib ki, ana dilimizi qorumaq, onu gələcək nəsillərə saf şəkildə ötürmək hər bir vətəndaşın mənəvi borcudur. O, xaricdə yaşayan azərbaycanlıların da ana dilinə bağlılığının gücləndirilməsinin, dilimizin beynəlxalq nüfuzunun artırılmasının vacibliyini vurğulayıb.

Deputat sonda hər kəsi Azərbaycan dilinə və milli-mənəvi dəyərlərimizə ehtiramla yanaşmağa çağıraraq bildirib ki, dilimizi qorumaq həm də dövlətçiliyimizi, milli birliyimizi və müstəqilliyimizi qorumaq deməkdir.