backend

Qanunun aliliyi yalnız vətəndaşlara aid deyil, CƏNABLAR! - Video/fakt

Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən park ərazisində yaşıllıqların məhv edildiyi və həmin sahədə "Lion PUB" adlı restoranın tikildiyi ilə bağlı ictimaiyyət arasında səsləndirilən iddialar ciddi araşdırılmalıdır. Əgər bu iddialar təsdiqini taparsa, söhbət təkcə şəhərsalma qaydalarının deyil, həm də ətraf mühitin mühafizəsi və yaşıllıqların qorunmasına dair qanunvericiliyin kobud şəkildə pozulmasından gedir.

Parklar ümumi istifadədə olan yaşıllıq əraziləridir və onların təyinatının dəyişdirilməsi, ağacların kəsilməsi və ya həmin sahələrdə tikinti aparılması yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müvafiq icazələr əsasında mümkündür. Əks halda, məsul şəxslər inzibati, mülki və hətta cinayət məsuliyyəti daşıya bilərlər.

İctimaiyyət haqlı olaraq soruşur: bu tikintiyə kim icazə verib? Aidiyyəti dövlət qurumları tikinti prosesinə niyə vaxtında müdaxilə etməyiblər? Xətai Rayon İcra Hakimiyyəti və digər səlahiyyətli qurumlar bu məsələ ilə bağlı cəmiyyətə aydın və hüquqi əsaslandırılmış mövqe təqdim etməlidirlər.

Qanunun aliliyi yalnız vətəndaşlara deyil, bütün fiziki və hüquqi şəxslərə eyni dərəcədə şamil edilməlidir. Əgər qanunsuzluq baş veribsə, onun sifarişçiləri, icraçıları və buna göz yuman vəzifəli şəxslər qanun qarşısında cavab verməli, vurulmuş ekoloji zərərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir. Bu, həm dövlətin nüfuzu, həm də cəmiyyətin ədalətə inamı baxımından prinsipial əhəmiyyət daşıyır.


Qaynarxett.az