backend

ABŞ-dəki lobbi şəbəkəsi tərəfdaşlığa xələl gətirə bilməz… – Deputat

“ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Azərbaycana qarşı əsassız ittihamların yer aldığı qanun layihəsinin qəbul edilməsi Vaşinqtonun rəsmi siyasətini əks etdirmir. Bu təşəbbüs ABŞ-dəki seçkiöncəsi daxili siyasi dinamikanın, lobbi qruplarının fəallığının və Azərbaycanın bölgədə artan geosiyasi rolunun nəticəsidir. Cari siyasi konyunkturanı iki ölkənin uzunmüddətli dövlət maraqlarından fərqləndirmək lazımdır”.

Bunu ABŞ Konqresində Bakıya qarşı irəli sürülən son qanunvericilik təşəbbüsünü, konqresmenlərin lobbi maraqlarını və Azərbaycan-ABŞ münasibətlərinin gələcək perspektivlərini şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.
“Konqresdəki Təşəbbüslər ABŞ Administrasiyasının Rəsmi Xətti Deyil”
Millət vəkili ikitərəfli münasibətləri yalnız bir sənəd prizmasından qiymətləndirməyin yanlış olduğunu vurğulayıb:
“ABŞ Konqresi müstəqil hakimiyyət qoludur və burada ayrı-ayrı qanunvericilər lobbi dairələrinin maraqlarını əks etdirən təşəbbüslərlə çıxış edə bilərlər. Bu cür layihələr heç də həmişə Ağ Evin rəsmi siyasəti olmur və onların hər biri qanun statusu almır. Profil komitənin təsdiqi uzun prosesin yalnız ilk mərhələsidir; sənədin Nümayəndələr Palatası, Senat və Prezident tərəfindən qəbul edilib-edilməyəcəyi sual altındadır. Diplomatiyamız fakt qarşısında qalıb reaksiya verməklə kifayətlənməməli, qabaqlayıcı tədbirlərlə öz haqlı mövqeyini fəal şəkildə müdafiə etməlidir”.

“Partiya mənsubiyyətindən asılı olmayaraq, münasibətlərin təməli pragmatizmdir”
MCP başqannı ABŞ-də gözlənilən seçim dinamikasının və strateji maraqların əsas faktor olduğunu diqqətə çatdırıb:
“ABŞ-nin xarici siyasəti varislik prinsipinə dayanır. Konqresdə hansı partiyanın əksəriyyət təşkil etməsindən asılı olmayaraq, Vaşinqtonun enerjinin təhlükəsizliyi, Cənubi Qafqazda sabitlik və nəqliyyat koridorları üzrə strateji maraqları dəyişməz qalır. İkitərəfli əməkdaşlığın effektivliyi pafoslu siyasi bəyanatlarla deyil, tərəflərin konstruktiv dialoqu saxlamaq qabiliyyəti ilə müəyyən olunur. Azərbaycan öz milli mənafelərinə söykənən müstəqil xarici siyasətini davam etdirəcək və heç bir qərəzli təşəbbüs strateji tərəfdaşlıq vektorunu köklü şəkildə dəyişə bilməyəcək”.