Orta Dəhliz son illərdə qlobal iqtisadiyyatın və beynəlxalq logistika sisteminin ən mühüm istiqamətlərindən birinə çevrilib. Avropa ölkələrinin enerji və ticarət təhlükəsizliyini şaxələndirmək istəyi, eləcə də Asiya ilə Avropa arasında daha sürətli, təhlükəsiz və dayanıqlı nəqliyyat əlaqələrinə artan ehtiyac bu marşrutun strateji əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə inkişaf etdirilən Orta Dəhliz artıq təkcə yükdaşımalarının həyata keçirildiyi nəqliyyat xətti deyil, Avrasiya məkanında yeni iqtisadi əməkdaşlıq modelini formalaşdıran mühüm geoiqtisadi platformadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov səsləndirib.
Deputat bildirib ki, son illərdə dünyada baş verən geosiyasi dəyişikliklər, ənənəvi logistika marşrutlarında yaranan çətinliklər və qlobal təchizat zəncirlərinin yenidən formalaşması dövlətləri alternativ nəqliyyat dəhlizlərinə daha çox diqqət ayırmağa sövq edib. Belə bir şəraitdə Orta Dəhliz etibarlılığı, təhlükəsizliyi və iqtisadi səmərəliliyi ilə beynəlxalq biznes dairələrinin maraq göstərdiyi əsas marşrutlardan birinə çevrilib.
A.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi və nəqliyyat siyasəti nəticəsində Azərbaycan Şərqlə Qərbi, eləcə də Şimalla Cənubu birləşdirən əsas logistika qovşağı kimi mövqeyini möhkəmləndirib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının geniş imkanları, Bakı–Tbilisi–Qars dəmir yolu, müasir avtomobil magistralları, rəqəmsallaşdırılmış gömrük və sərhəd-keçid sistemləri Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə artıraraq Orta Dəhlizin rəqabət qabiliyyətini yüksəldib.
Deputatın sözlərinə görə, Avropa İttifaqının enerji təhlükəsizliyi sahəsində həyata keçirdiyi diversifikasiya siyasəti və alternativ ticarət marşrutlarına marağın artması Azərbaycanın geostrateji əhəmiyyətini daha da gücləndirib. Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında Orta Dəhliz mühüm rol oynayır. Bu isə Azərbaycanı təkcə tranzit ölkəsi deyil, həm də regional iqtisadi əməkdaşlığın təşəbbüskarı və əlaqələndiricisi kimi ön plana çıxarır.
A.Hüseynov vurğulayıb ki, Orta Dəhliz boyunca əməkdaşlığın genişlənməsi iştirakçı ölkələr arasında ticarət dövriyyəsinin artmasına, investisiyaların təşviqinə, sənaye və logistika sahələrində yeni layihələrin reallaşmasına əlverişli zəmin yaradır. Bu marşrutun inkişafı, həmçinin kiçik və orta sahibkarlığın genişlənməsinə, qeyri-neft ixracının artmasına və ölkəmizin beynəlxalq rəqabət qabiliyyətinin yüksəlməsinə mühüm töhfə verir.
Deputat qeyd edib ki, Azərbaycan yalnız öz infrastrukturunu inkişaf etdirməklə kifayətlənmir, eyni zamanda, Orta Dəhliz boyunca yerləşən tərəfdaş ölkələrlə koordinasiyanın gücləndirilməsi, vahid rəqəmsal platformaların yaradılması, gömrük prosedurlarının sadələşdirilməsi və yükdaşımaların sürətləndirilməsi istiqamətində də mühüm təşəbbüslərlə çıxış edir. Bu addımlar marşrutun səmərəliliyini artırmaqla yanaşı, onun beynəlxalq yükdaşımalarında payının daha da yüksəlməsinə xidmət edir.
Onun fikrincə, Orta Dəhliz təkcə iqtisadi layihə deyil, həm də regional sabitliyi, qarşılıqlı etimadı və uzunmüddətli tərəfdaşlığı təşviq edən strateji əməkdaşlıq platformasıdır. Bu marşrutun inkişafı Avrasiya məkanında yeni iqtisadi münasibətlər sisteminin formalaşmasına, ticarət əlaqələrinin genişlənməsinə və qlobal təchizat zəncirlərinin daha dayanıqlı şəkildə fəaliyyət göstərməsinə mühüm töhfə verir.
A.Hüseynov bildirib ki, qarşıdakı illərdə Orta Dəhliz üzrə yükdaşımalarının həcminin daha da artacağı gözlənilir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri, beynəlxalq tərəfdaşlarla qurulan etibarlı əməkdaşlıq və ölkəmizin geostrateji mövqeyi bu dəhlizin qlobal ticarətin əsas arteriyalarından birinə çevrilməsini təmin edir. Bütün bunlar Azərbaycanın Avrasiya məkanında etibarlı tərəfdaş, mühüm tranzit mərkəzi və yeni iqtisadi əməkdaşlıq modelinin aparıcı iştirakçısı kimi mövqeyini daha da möhkəmləndirir.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət





