Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı yalnız ikitərəfli münasibətlər deyil, Avrasiyanın yeni geosiyasi və geoiqtisadi arxitekturasının əsas sütunlarından birinə çevrilir. Bu prosesin mərkəzində Prezident İlham Əliyevin milli maraqlara söykənən, uzaqgörən, balanslaşdırılmış və təşəbbüskar xarici siyasət strategiyası dayanır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.
O qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün etibarlı siyasi tərəfdaş, vacib tranzit mərkəzi, investisiya platforması və Türk dünyasının inteqrasiyasını sürətləndirən aparıcı aktor kimi qəbul olunur. Qazaxıstan, Özbəkistan, Qırğızıstan mediasında bu yanaşma, həmçinin Azərbaycanın regional liderlik mövqeyinin mühüm göstəricisi kimi dəyərləndirilir. Xüsusilə tarixi Qarabağ Zəfərindən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının sürətlə inkişaf etməsi bütün iştirakçı dövlətlərin düşünülmüş strateji kursudur. Bu dinamikanın özəyində isə həm Prezident İlham Əliyevin ardıcıl və praqmatik xarici siyasət strategiyası, həm də dəyişən geosiyasi reallıqlar dayanır.
“Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında formalaşan yüksəksəviyyəli siyasi dialoq və qarşılıqlı etimad Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri çərçivəsində daha aydın şəkildə öz təsdiqini tapır. Prezident İlham Əliyevin 2023-cü ilin sentyabrında Düşənbədə, 2024-cü ilin avqustunda isə Astanada keçirilən sammitlərdə xüsusi qonaq qismində iştirakı Azərbaycanın regionun geosiyasi gündəliyində artan rolunun, həmçinin Mərkəzi Asiya ilə strateji tərəfdaşlığının beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisi olub. Bu proses 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə yeni mərhələyə qədəm qoyub. Həmin toplantıda Azərbaycanın platformada tamhüquqlu iştirakına dair qəbul edilən tarixi qərar ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərində institusional əsaslarını daha da möhkəmləndirib. Bununla da Azərbaycan regionun siyasi, iqtisadi və təhlükəsizlik gündəliyinin formalaşdırılmasında daha fəal iştirak edən tərəfdaşa çevrilib, nəqliyyat-logistika, enerji, ticarət və regional təhlükəsizlik istiqamətlərində əməkdaşlıq üçün yeni imkanlar açılıb. Qərar, eyni zamanda, Azərbaycanın Avrasiyanın yeni geostrateji məkanında əsas aktorlardan biri kimi mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirib”, - deyə deputat bildirib.
Rizvan Nəbiyev əməkdaşlığın intensivləşməsini şərtləndirən əsas amillərdən də danışaraq deyib: “Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarına əsaslanan, balanslaşdırılmış, çoxvektorlu və praqmatik diplomatiyası Mərkəzi Asiyanı ayrı-ayrı üzv dövlətləri xarici siyasətin əsas prioritet istiqamətlərindən birinə çevirib. Həmçinin yaranan yeni geosiyasi reallıqlar fonunda Orta Dəhlizin əhəmiyyəti kəskin şəkildə artıb. Belə ki, Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Türkiyə, Aralıq dənizi məkanı və Avropa bazarlarına birləşdirən əsas tranzit və logistika mərkəzinə çevrilir. Bu amil həm ikitərəfli, həm çoxtərəfli əməkdaşlıq formatlarında xüsusi nəzərə alınır. Ümumilikdə formalaşan yeni regional əməkdaşlıq modelində Azərbaycanın iştirakı tarixi və strateji hadisədir”.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət



